NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Özünüməşğulluq proqramı sosial rifahın yüksəlməsinə töhfə verir

...

Əhalinin məşğulluğunun təmin olunması və sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq edilən Özünüməşğulluq Proqramı isə bu istiqamətdə mühüm addımlardan biridir. Proqram işsiz vətəndaşların öz bacarıq və imkanlarından istifadə edərək kiçik təsərrüfat və biznes qurmasına, müstəqil gəlir mənbəyi əldə etməsinə şərait yaradır. Naxçıvan Muxtar Respublikasında da proqramın icrası istiqamətində tədbirlər həyata keçirilir.

2026-cı ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada proqram çərçivəsində 114 şəxsə müvafiq aktivlər təqdim olunub. Proqramdan yararlanan vətəndaşlar müxtəlif fəaliyyət sahələri üzrə lazımi əmlak və avadanlıqlarla təmin edilərək özünüməşğulluq imkanlarını genişləndirmək fürsəti əldə ediblər.

Şərur rayonunda gözəllik salonu fəaliyyəti ilə məşğul olan Pərvin Süleymanova özünüməşğulluq proqramından yararlanan vətəndaşlarımızdandır. O, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinə müraciət edərək cari ildə salonun fəaliyyəti üçün zəruri avadanlıqlarla təmin olunub. Təqdim edilən avadanlıqlar arasında manikür masası, güzgülü mebel dəsti, manikür dəsti, sterilizator aparatı, tatuaj aparatı və aksesuarları, saç kəsmə maşını, ütü-fen, peşəkar saçqurutma feni, saçyuma mebel dəsti, üz-qaş kreslosu, elektrikli su qızdırıcısı, üç ədəd yumşaq stul və kondisioner yer alıb.

Müsahibim bildirdi ki, təqdim olunan avadanlıqlar salonun fəaliyyətinin daha yaxşı təşkilinə, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə və iş şəraitinin yaxşılaşdırılmasına geniş imkan yaradıb. Onun sözlərinə görə, bu dəstək gündəlik işini daha rahat qurmasına və fəaliyyətini inkişaf etdirməsinə kömək edir.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində avtoçilingər fəaliyyəti ilə məşğul olan Şamxal Cəfərov da bu il Dövlət Proqramının imkanlarından yararlanan vətəndaşlardandır. O, fəaliyyətini daha yaxşı təşkil etmək və xidmət sahəsini genişləndirmək məqsədilə müvafiq avadanlıqlarla təmin olunub. Ona təqdim edilən aktivlər sırasında 4 tonluq avtoqaldırıcı, 12 tonluq hidravlik press avadanlığı, 2,25 tonluq qaldırıcı qurğu, 100 litrlik hava kompressoru, 10 metrlik kompressor borusu və birləşdiricisi, qarışıq alətlər dəsti, tək silindrli dişli hidravlik stend və açar tapançası yer alır.

Bu avadanlıqlar Şamxal Cəfərovun gündəlik işini daha rahat və səmərəli qurmasına, avtomobillərə texniki xidmət imkanlarını genişləndirməsinə şərait yaradır. Eyni zamanda belə dəstək onun öz peşəsi üzrə müstəqil fəaliyyətini davam etdirməsi və gələcəkdə işini daha da inkişaf etdirməsi üçün mühüm imkanlar açır.

Beləliklə, özünüməşğulluq proqramı müxtəlif peşə və fəaliyyət sahələrində çalışan insanların öz işini qurmasına, mövcud fəaliyyətini genişləndirməsinə və ailə gəlirlərini artırmasına mühüm dəstək göstərir. Proqramın əsas üstünlüklərindən biri də insanların yalnız işlə təmin olunması deyil, həm də öz əməyinə, bacarığına güvənərək müstəqil gəlir mənbəyi əldə etməsinə şərait yaradılmasıdır. Bu baxımdan, təqdim olunan aktivlər həm fərdi təşəbbüslərin inkişafına, həm də muxtar respublikada məşğulluğun artırılmasına və sosial rifahın yüksəldilməsinə töhfə verir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 27.11.2026 14:02