S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiy...
16:16 03.11.2026
0
0
0
NAXÇIVAN :
03 Noyabr 2026, Çərşənbə axşamı
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
"Şərq qapısı" xəbər verir ki, bu məsələ Milli Məclisin noyabrın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb.
Layihə ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 42-ci maddəsinə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 32-ci maddəsinə yeni müddəalar əlavə olunur. Həmin müddəalara əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.
Bundan əlavə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 45-ci maddəsinin və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 31.5-ci maddəsinin "leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaları yeni redaksiyada verilir. Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilir.
Beləliklə, layihə ilə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir, zabitlərin magistratura və doktorantura üzrə təhsil və elmi fəaliyyətinin nəzərə alınması təmin edilir, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün "leytenant” hərbi rütbəsində olma müddəti üzrə yeni tənzimləmə müəyyən edilir.
Digər xəbərlər