Состоялась церемония официальной встречи Президент...
11:37 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Bu gün Azərbaycan həm regional, həm də beynəlxalq miqyasda əsl söz sahibi olan, etibarlı, strateji tərəfdaş və güclü dövlət kimi tanınır. Sona çatmaqda olan 2025-ci il də ölkəmizin ictimai-siyasi, eyni zamanda elmi-mədəni həyatında mühüm nailiyyətlərlə yadda qaldı, respublikamızın beynəlxalq nüfuzu xeyli gücləndi, müasir Azərbaycan dövlətçiliyinin parlaq, sistemli və strateji inkişaf xətti daha da möhkəmləndirildi. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirakı, dərinməzmunlu və proqram xarakterli çıxışı respublika ictimaiyyətinin, elm adamlarının böyük marağına səbəb oldu. Prezident öz çıxışında bir çox vacib və əhəmiyyətli məsələlərdən bəhs etməklə yanaşı, elm adamlarının, tədqiqatçıların qarşısında çox vacib vəzifələr irəli sürdü. İlk növbədə, akademiyanın fəaliyyətinə qiymət verərək bildirdi: “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi”.
Ümummilli Liderin elmə, akademiyaya göstərdiyi diqqət və qayğıdan bəhs edən Prezident İlham Əliyev müstəqillik illərində akademiyanın maddi-texniki bazasının genişləndirilməsi, akademiya şəhərciyinin yenidən qurulması, Azərbaycan elminin inkişafına göstərilən diqqətin Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldığını qeyd etdi.
Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ən böyük uğur kimi qeyd edilməlidir.
Prezident ölkəmizin qarşısında duran prioritetlərdən bəhs edərək texnoloji inkişafı, intellektual potensialın artırılması, süni intellektin inkişafı və tətbiqi, rəqəmsallaşmanın tətbiqi, kibertəhlükəsizlik və ölkəmizin qorunması, hərbi sənayenin inkişafı, bu sahədə özəl sektorun rolu, elmin iqtisadiyyatla, sənaye ilə sıx bağlı olması kimi məsələləri diqqətə çatdırırdı. Azad edilmiş torpaqlarda aparılan tikinti və quruculuq işləri, bərpa olunan enerjidən istifadə, geoloji kəşfiyyat işlərinə diqqətin artırılması
qeyd olundu.
Prezidentin çıxışında Azərbaycan tarixinin tədqiqi və təbliği, azərbaycanlıların Ermənistana qayıtması, toponimlər və xəritələrlə bağlı alimlərin görəcəyi işlər və vəzifələr önə çəkildi. Azərbaycan dövlətinin tarixi, müstəqil Azərbaycanın tarixi haqqında da bir çox əsərlərin yazılmasına ehtiyac olduğunu tədqiqatçıların diqqətinə çatdırdı. Prezident İlham Əliyev demişdir: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır”.
Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması, bu dilin 50 milyondan çox insanın ana dili olması, bəzi yerlərdə dilimizin məişət dili kimi istifadə olunması, ehtiyac olmadığı hallarda xarici kəlmələrə yer verilməsi kimi məsələlərə diqqət yetirmiş və bunlara ziyalıların, tədqiqatçıların, siyasətçilərin çox böyük diqqət vermələrini qeyd etmişdir.
Bütövlükdə, ölkə Prezidentinin qaldırdığı məsələlər cəmiyyətimizin hər bir üzvünü düşündürməli və problemlərin həlli üçün öz əməli fəaliyyətləri ilə bunların reallaşmasına xidmət göstərilməlidir.
Başa vurmaqda olduğumuz ildə həm də Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, regional və qlobal səviyyədə nüfuzlu platformaya çevrilməsi istiqamətində olduqca mütərəqqi addımlar atıldı. Ümumiyyətlə, 11 milyon kvadratkilometr ərazidə yerləşən və 200 milyondan artıq insanı birləşdirən Türk dünyasının birliyinin möhkəmləndirilməsi hazırda müəyyən qarşıdurmaların baş verdiyi bir şəraitdə günümüzün vacib və aktual məsələlərindən biridir.
Türk Dövlətləri Təşkilatı türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması” haqqında sazişə əsasən təsis edilib. Təşkilat son 16 ildə böyük inkişaf yolu keçib. İllər öncə imzalanmış sazişə görə əsas məqsəd türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə, dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın edilməsi, bütün sahələrdə qarşılıqlı əlaqələrin və ölkələr arasında təmasların təşviqi və sairdir.
Bu dövrdə üzv dövlətlər şurasının məqsəd və prinsiplərinə uyğun olaraq əməkdaşlığın yeni-yeni formaları qurulur, TDT çərçivəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənir.
Türk dünyasının əməkdaşlığının və birliyinin möhkəmlənməsinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) həmrəylik forumunun ölkəmizdə keçirilməsi də təsadüfi deyil.
Noyabrın 24-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi qalibiyyətlər və uğurlar bu gün həm də türk dünyasının sıx birliyinə, əməkdaşlığının daha da dərinləşməsinə zəmin yaradıb.
Tədbirdə Türk dünyası QHT-lərinin Platformasının yaradılması, humanitar fəaliyyətlərinin koordinasiyası, türk dili və ortaq mədəni irs layihələri, ortaq gənclik düşərgələri, diaspor əməkdaşlığı, rəqəmsal transformasiya və əlifba birliyi kimi mövzular ətraflı şəkildə müzakirə edilib. Əsas hədəf TDT ölkələri arasında həmrəyliyin artırılması, sosial, mədəni və humanitar istiqamətlərdə ortaq layihələrin inkişaf etdirilməsi, gənclik, təhsil, ətraf mühit, diaspor kimi sahələrdə birgə fəaliyyət planlarının hazırlanması və vətəndaş cəmiyyəti ilə diaspor şəbəkələrinin inteqrasiyasının gücləndirilməsidir.
Bakıda həmrəylik forumunun keçirilməsi, noyabrın 25-də isə Naxçıvan şəhərində keçirilən həmrəylik forumu çərçivəsində TDT-yə üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarını birləşdirən yeni platformanın təsis olunması da müstəsna tarixi hadisədir.
Qədim Naxçıvan torpağında TDT-yə üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platforma ilə çıxış etdi ki, bu da bütün Türk dünyasının fərəhli və tarixi gün olaraq yaddaşlara yazıldı.
Ümumilikdə, başa vurmaqda olduğumuz 2025-ci ili ölkəmizin həm elmi mühiti, həm də ictimai-siyasi tarixində mühüm nailiyyətlərin qazanılması ili kimi dəyərləndirmək olar. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və məharətli diplomatiyası növbəti illərdə respublikamızı bütün sahələr üzrə daha yüksək zirvələrə daşıyacaq.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
Digər xəbərlər