NAXÇIVAN :

23 May 2025, Cümə

Prezidentin Sərəncamı Azərbaycanın mədəniyyət incisinin dünyaya yeni spektrdən tanıdılması baxımından böyük önəm daşıyır

...

Prezident İlham Əliyevin Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncamı çox əhəmiyyətlidir. Sərəncamın arxasında ilk növbədə Azərbaycan tarixinə, mədəniyyətinə, mənəviyyatına olan böyük dövlət diqqəti, qayğısı dayanır. Eyni zamanda qədim Azərbaycan torpağı olan Naxçıvanda hələ XII əsrdə görkəmli Azərbaycan memarı  Əcəmi Naxçıvani tərəfindən ərsəyə gətirilmiş abidənin bu günümüzə qədər gəlib çıxması bu torpaqlarda yaşayan xalqın qədimliyini bir daha ortaya qoyur. 

Bu sözləri "Şərq qapısı"na müsahibəsində Milli Məclisin  deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.

Deputat qeyd edib ki, Azərbaycan dövləti bütün tarix, mədəniyyət abidələrimizə eyni şəkildə böyük hörmətlə, diqqətlə yanaşır: “Bu gün ölkəmizdə, xüsusilə də 30 illik işğaldan azad olunan Qarabağda gedən quruculuq işləri ilə bərabər, eyni zamanda düşmən tərəfindən yerlə yeksan edilmiş mədəniyyət abidələrimiz yenidən bərpa edilir, yenidən canlandırılır, yenidən dünyaya tanıdılır. Qədim torpağımız olan Naxçıvanda Mömünə xatun türbəsinin yenidən bərpa edilməsi üçün ayrılan bu vəsait həm mənəvi baxımdan çox əhəmiyyətlidir, həm də Azərbaycanın mədəniyyət incisinin dünyaya yenidən, yeni spektrdən tanıdılması baxımından da böyük önəm daşıyır”.

“Əlbəttə ki, Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyi idarəetmədə yeni bir üsul olduğu kimi, eyni zamanda nümunəvi bir idarəetmə forması kimi özünü təsdiq edir. Prezidentdən alınan tapşırıqlar, tövsiyyələr doğrultusunda çox uğurlu bir fəaliyyət həyata keçirilir. 
Düşünürəm ki, Prezidentin Sərəncamı Azərbaycan mədəniyyətinin qorunması və inkişafında əhəmiyyətli töhfə olacaq. Bütün dünyaya əsrlərdən bəri bu torpaqların əzəli sakinlərinin, əzəli sahiblərinin məhz azərbaycanlı olduqlarını bir daha nümayiş etdirəcəkdir. Bir daha dünyaya ədalət, bu ədalət prinsipinin arxasında dayanan Azərbaycanın varlığını nümayiş və isbat edəcəkdir”-deyə Jalə Əliyeva əlavə edib.

Nəşr edilib : 23.05.2025 17:27