SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlı...
17:37 17.09.2026
0
0
0
NAXÇIVAN :
17 Sentyabr 2026, Cümə axşamı
Qafqaza sülh gəlir
Prezident İlham Əliyev yürütdüyü müstəqil, milli maraqlara söykənən siyasi kurs sayəsində yalnız hərb meydanında deyil, siyasi masada da üstünlüyü ələ alaraq 30 ildir, həllini gözləyən bir problemi cəmi 44 gündə həll edib Müzəffər Komandan adını qazandı. Vətən müharibəsi başlanan gündən “Mən xalqımdan heç nəyi gizlətmirəm”, – deyərək xalqa hər müraciətində cəbhədən xəbərləri özü çatdırdı. Azərbaycan xalqına “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” mesajını verəndə evi düşmən əsgərinin atdığı mərmi ilə dağılan sakinlər “Var-dövlətimiz Azərbaycan əsgərinə fəda olsun”, şəhid ataları “Müharibəni dayandırmayın, qələbə çalanadək döyüşək”, – deyərək öz liderinin ətrafında yumruğa döndü.
Vətən savaşının qələbə ilə başa çatması Cənubi Qafqazda yeni eranın başlanması üçün əsaslı zəmin yaratdı. Regionda uzun zaman qapalı qalmış iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını şərtləndirən yeni şərait Cənubi Qafqazda bu zamanadək heç vaxt mümkün görünməyən sülh və əməkdaşlıq mühitinin artıq reallaşdırılmasına doğru atılmış əhəmiyyətli bir addım oldu.
Daim humanist və sülhsevər bir dövlət olan Azərbaycanın sülhpərvər mövqeyi, dünya dövlətləri ilə qurduğu yüksəksəviyyəli diplomatik əlaqələri regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında ölkəmizin üzərinə düşən rolu uğurla yerinə yetirdiyini sübut edən amillərdən biridir. Azərbaycanın dünya dövlətləri ilə yaratdığı münasibətlər xarici diplomatiyadakı uğurun göstəricisi olduğu kimi, ölkə ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələrinin bir bayraq altında birləşməsi daxili sabitliyin və birliyin nümunəsi oldu.
Əlbəttə, 30 ildə – işğal illərində başımıza gətirilən müsibətlərin səbəbkarları ilə inteqrasiya prosesinin tez və asan baş verəcəyini düşünmək sadəlövhlük olardı. Azərbaycan tərəfi sülh və əməkdaşlıq prinsiplərinə əsaslanan ardıcıl addımlar atmaqda davam edir. Amma onu da unutmamalıyıq ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması üçün qarşılıqlı addımlar atılmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi: “Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik”.
2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin siyasi hücumlara məruz qalmasına baxmayaraq, dövlət başçısı yenə də sülh təklif etdi. Ermənistan Vətən müharibəsindəki məğlubiyyətdən sonra sülh masasında şərtləri qəbul etməyə məcbur oldu. Bu, qalib liderin təkcə öz xalqına deyil, bütün regiona sülh və təhlükəsizlik bəxş etmək qüdrətinin təzahürüdür.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış üçtərəfli Birgə Bəyannamə və xarici işlər nazirləri səviyyəsində “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması regional geosiyasətin dönüş nöqtəsi oldu. Bəyannamədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər öz əksini tapdı. İrəvanın Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməsi və bu istiqamətdə Ermənistan Konstitusiyasında lazımi dəyişikliklərin edilməsi öhdəliyi sülhün davamlılığı üçün həlledici zəmin yaratdı.
Ötən bir il ərzində dövlət başçısının xarici ölkələrə səfərləri zamanı bir neçə dəfə Ermənistanın Baş naziri ilə görüşləri, dövlət rəsmiləri arasında aparılan müzakirələr iki dövlətin sülhə yaxınlaşdığının göstəricisidir. Heç bir xarici müdaxilə olmadan dövlətlər arasında aparılan danışıqlar yaxın zamanda Ulu Öndərin daha bir arzusunun da yerinə yetəcəyinin göstəricisidir. Bu gün qürur hissi ilə deyirik ki, Müzəffər Sərkərdənin zəhməti ilə vaxtilə münaqişə zonası olan Cənubi Qafqaz sülh zonasına çevrilir. Yer kürəsində baş verən münaqişələr, həllini tapmayan problemlər, dünyanın ən böyük dövlətləri arasındakı müharibələr fonunda öz diplomatik gücü və sərkərdəlik məharəti ilə 30 illik işğala son qoymağı bacaran Azərbaycan lideri bu gün də Qafqaza sülh gətirir. Günümüzün ictimai-siyasi reallıqları, regionun yenidən formalaşan geosiyasi mənzərəsi bunu sübut edir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənir.
Azərbaycan xalqının sonsuz rəğbətini qazanaraq xalqın sevgisi ilə Ümummilli Lider adına layiq görülən dahi dövlət xadimi Heydər Əliyevin miras qoyduğu müasir Azərbaycanın səsi bu gün ölkə və region sərhədlərini aşaraq dünyadan gəlir. Qazandığımız qələbə, əldə etdiyimiz Zəfər və yaratdığımız reallıqla artıq hamı barışmağa məcbur qalır. Çünki hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının adının dünya siyasi tarixinə məğlub yox, qalib xalq kimi yazılması olub. Vədinə sadiq qalıb verdiyi bütün sözləri yerinə yetirən Prezident İlham Əliyev bu müharibədə qalib gəlməklə təkcə öz taleyimizi yox, Qafqazın, ümumilikdə, türk xalqlarının taleyini də dəyişir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər