Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün mü...
00:56 04.05.2025
0
0
0
NAXÇIVAN :
04 May 2025, Bazar
Müasir iqtisadi inkişaf modeli yalnız istehsal və ticarətin artımı ilə yox, həm də ekoloji, sosial və logistik baxımdan dayanıqlı sistemlərin qurulması ilə qiymətləndirilir. Azərbaycanın mühüm bölgələrindən olan Naxçıvan Muxtar Respublikası da bu baxımdan son illər diqqətçəkən inkişaf yolu keçir. Xüsusilə Azərbaycanın Türkiyə ilə yeganə quru sərhədinin muxtar respublika ərazisindən keçməsi Zəngəzur dəhlizinin reallaşdırılması fonunda Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvanın strateji əhəmiyyətini daha da artırır.
“Naxçıvan Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bölgənin iqtisadi inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilir. Naxçıvan mərkəzi dotasiyadan asılılığını aradan qaldırmağı və özünü maliyyələşdirə biləcək bir regiona çevrilməyi qarşısına hədəf qoyub. Bunun üçün bölkənin logistik imkanlarını daha da işlək vəziyyətə gətirəcək real addımlar atılır, yeni infrastruktur layihələri reallaşdırılır, ölkə başçısının diqqət və tapşırığı ilə yeni sənaye parkları yaradılır, muxtar respublika “yaşıl” enerji bölgəsinə çevrilir. Türkiyə ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, yeni logistik dəhlizlərin çəkilməsi və ticarət yollarının inkişaf etdirilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib və icrasına başlanılıb.
Son illər aparılan təşviqat işləri perspektivdə Naxçıvanda investrolar üçün yeni üfüqlərin açılmasını ehtiva edir. Belə ki, bölgənin iqtisadi potensialını artırmaq üçün burada azad iqtisadi zonanın yaradılması istiqamətində də işlər aparılır. Bu model Naxçıvanda xüsusi vergi və gömrük güzəştlərinin tətbiqini nəzərdə tutur. Həmçinin Şərur Sənaye Parkı ilə yanaşı, Naxçıvanda yeni sənaye parkının yaradılması istiqamətində işlərə başlanılıb. Bütün bunlar Naxçıvanı yerli və xarici investorlar üçün də cəlbedici məkana çevirir. Bu tədbirlərin davamı olaraq “İnvest in Nakhchivan” veb səhifəsini misal çəkmək olar. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan 'nakhinvest.az' portalının əsas məqsədi Naxçıvanın investisiya potensialını tanıtmaq, investorları məlumatlandırmaq və investisiya cəlbini təşviq etməkdir.
Aparılan islahatlar isə təbii ki, nəticəsiz qalmır. Muxtar respublikada aktiv vergi ödəyicilərinin sayına nəzər yetirdikdə də bunun şahidi oluruq. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % artaraq bu ilin ilk rübündə 20 min 192 olub. Bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı 18,9% artaraq 572-yə, aktiv obyektlərin sayı isə 7,6 % artaraq 6005-ə çatıb. Bu artımlar ümumilikdə muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir. Gəlin, bir daha rəqəmlərə nəzər yetirək. Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 27 milyon 457 min 60 ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 2 milyon 611 min 380 ABŞ dollarını və ya 9,5 faizini ixrac olunmuş məhsulların, 24 milyon 845 min 680 ABŞ dollarını və ya 90,5 %-ini isə idxal məhsullarının dəyəri təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2%, o cümlədən ixrac 1,5 %, idxal isə 11,2 % artıb.
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayına da diqqət edək. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında dəstək göstərilən layihələr 3,8 dəfə, maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb. Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə 2025-ci il ərzində 25 milyon manatadək maliyyələşdirilmə hədəflənib.
Bütün bunların fonunda bir daha şahidi oluruq ki, özünəməxsus coğrafi mövqeyi və iqtisadi potensialı ilə seçilən Naxçıvan artıq regionun yeni investisiya, logistik və ticarət mərkəzlərindən birinə çevrilməkdədir. Son illər ölkənin iri ticarət şəbəkələrinin burada fəaliyyətə başlaması Zəngəzur dəhlizinin perspektivləri ilə birlikdə bu inkişafı daha da gücləndirir. Əvvəllər əsasən yerli bazarlara və kiçik ticarət obyektlərin əsaslanan Naxçıvan bazarı son dövrlərdə dəyişməkdədir. İri şəbəkə marketləri, məsələn, “Araz”, “Megastore”, “Bolmart”, “Tamstore”, “Oba”, “İrşad”, “Kontakt home” kimi ticarət nəhəngləri, eləcə də ölkədə və dünyada geniş restoran-kafe şəbəkələri artıq burada fəaliyyət göstərir. Bu marketlər bölgədə həm istehlakçılara daha geniş seçim, həm də yeni iş imkanları yaradır.
Naxçıvanda bu cür şəbəkə marketlərinin fəaliyyətə başlaması həm də iqtisadi dayanıqlılığın təmin olunmasına xidmət edir. Bunu bir neçə aspektdən belə dəyərləndirə bilərik.
1. Ekoloji dayanıqlılıq: Naxçıvanın təmiz və nəzarətdə olan ekoloji mühiti bu cür marketlərin daha məsuliyyətli fəaliyyət göstərməsini zəruri edir. Qablaşdırmada plastikdən az istifadə, tullantıların düzgün çeşidlənməsi və enerji səmərəliliyi kimi məsələlər burada ön plandadır. Həmçinin açıq tipli bazarların imkanlarını aşağı salınması ən mühüm ekoloji uğurlardandır.
2. Sosial dayanıqlılıq: Yeni açılan şəbəkə marketlər yüzlərlə insana iş imkanı yaradıb. Əhalinin məşğulluğu artır və peşəkar xidmət sahəsində təcrübə qazanmaq imkanı yaranır. Eyni zamanda, əmək hüquqlarının qorunmasına da mühüm töhfədir.
3. İqtisadi dayanıqlılıq: İri marketlərin gəlişi bəzi yerli kiçik sahibkarlar üçün çətinlik yarada bilər. Amma düzgün tənzimləmə və əməkdaşlıq şəraitində bu marketlər yerli istehsalçıları da öz sistemlərinə daxil edə bilər. Bu da Naxçıvan məhsullarının satış həcmini artırmaq üçün əlavə imkanlar yaradır.
4. Rəqabət mühiti: Ticarət şəbəkələrinin sayının artması məhsulların satışında sağlam rəqabət mühitini də özü ilə gətirir. Bu isə istehlakçıların seçim şanslarını artırmaqla yanaşı, büdcəsindən daha səmərəli istifadə imkanı yaradır. Bu cür iri ticarət obyektlərinin təklif etdiyi kampaniya və güzəştlər əhalinin yerli məhsullara marağını artırır.
4. Davamlı inkişaf: Gözlənilən perspektivlər isə daha böyükdür. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanı təkcə Azərbaycanın daxili bazarında deyil, beynəlxalq logistik qovşaq kimi də ön plana çıxaracaq. Bu isə şəbəkə marketlər üçün yeni imkanlar, Naxçıvan məhsulları üçün isə daha geniş ixrac potensialı deməkdir.
Bəs hazırki vəziyyətdə əsas problemlər və onların həll yolları nələrdir?
Bunun üçün yerli istehsalçılarla uzunmüddətli müqavilələr bağlanması, sosial və ekoloji standartlara nəzarət, dövlət tərəfindən kiçik bizneslərə dəstək təşviqləri həyata keçirilməsi kimi şərtlər nəzarətdə saxlanılır. Eyni zamanda Naxçıvanda təhlükəli və bərk məişət tullantılarının idarə edilməsi üçün 2 poliqonun qurulması istiqamətində işlər aparılır.
Nəticə olaraq bir daha qeyd edək ki, Naxçıvan Muxtar Respublikası təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi və logistik imkanlar baxımından strateji əhəmiyyətə malikdir. Burada şəbəkə marketlərinin dayanıqlı və məsuliyyətli şəkildə fəaliyyəti, regionun iqtisadi inkişafını daha da gücləndirəcək. Zəngəzur dəhlizi kimi layihələrin reallaşması isə bu prosesi beynəlxalq səviyyəyə daşıyacaq. Əsas odur ki, inkişaf bütün səviyyələrdə balanslı və davamlı şəkildə aparılsın. Bütün bu faktorlar Naxçıvanın gələcəkdə daha böyük iqtisadi gücə sahib olacağını göstərir. Bölgənin strateji coğrafi mövqeyi, azad iqtisadi zona kimi inkişaf perspektivi və artan investisiya axını onu regional və beynəlxalq ticarət mərkəzinə çevirə bilər.
Röyal Məmiyev
Naxçıvan televiziyasının baş redaktoru
Məqalə Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur
Digər xəbərlər