NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Rumıniya mətbuatı: Azərbaycan üzərindən keçən Orta Dəhliz ilə Meksikaya yük daşınır

...

Rumıniyanın “Financial Intelligence” nəşri Azərbaycan üzərindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhlizin) coğrafiyasının genişlənməsi və bu marşrut vasitəsilə Qazaxıstandan Latın Amerikasına məhsul ixracı barədə məqalə dərc edib.

"Şərq qapısı" xəbər verir ki, nəşrin məlumatına görə, Qazaxıstanın milli dəmir yolu operatoru “Kazakhstan Temir Zholy” şirkətinin törəmə müəssisəsi olan “KTZ Express” Almatıdan Meksikanın Verakrus limanına polimer məhsullarının daşınmasını təşkil edib.

Yüklər Qazaxıstandan Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına, buradan isə Gürcüstanın Poti limanına çatdırılıb. Nəqliyyat əməliyyatının növbəti mərhələsində məhsulların Meksikaya dəniz yolu ilə daşınmasını beynəlxalq logistika şirkəti “Maersk” həyata keçirir.

“Financial Intelligence” qeyd edir ki, bu daşınma Orta Dəhlizin yalnız Asiya ilə Avropa arasında yükdaşımalar üçün deyil, həm də daha uzaq beynəlxalq bazarlara çıxış baxımından istifadə oluna bildiyini göstərir.

“KTZ Express”in məlumatına əsasən, şirkət Almatıdan Poti limanına qədər yükdaşımaların, o cümlədən Xəzər dənizindən keçidin təşkilini təmin edib. Sonrakı mərhələdə isə beynəlxalq dəniz nəqliyyatı şəbəkəsindən istifadə olunur. Beləliklə, Trans-Xəzər Marşrutunun imkanları qlobal dəniz daşımaları sistemi ilə birləşdirilir.

Rumıniya nəşri vurğulayır ki, yeni logistika əməliyyatı Qazaxıstanın ixrac imkanlarının ənənəvi Avropa və Asiya bazarlarından kənara çıxaraq Latın Amerikası istiqamətində genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Məqalədə bildirilir ki, Orta Dəhlizin infrastrukturu vasitəsilə Qazaxıstan məhsullarının əvvəllər ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrinə ixracı da həyata keçirilib. Meksika istiqamətində yeni daşınma isə marşrutun xidmət göstərdiyi coğrafiyanı daha da genişləndirir.

Nəşrin qiymətləndirməsinə görə, Azərbaycanın və Gürcüstanın liman infrastrukturu Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışının şaxələndirilməsində mühüm rol oynayır. Xüsusilə Ələt və Poti limanları dəmir yolu, Xəzər dənizi və beynəlxalq dəniz daşımalarının vahid logistika zəncirində birləşdirilməsinə imkan yaradır.

Məqalədə qeyd olunur ki, Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ilə əlaqələndirən beynəlxalq nəqliyyat marşrutudur. Qazaxıstandan Meksikaya həyata keçirilən daşınma isə bu infrastrukturun qitələrarası ticarətdə də istifadə imkanlarını nümayiş etdirir.

“Financial Intelligence”in yazdığına görə, yeni nəqliyyat əməliyyatı Orta Dəhlizin funksiyasının genişləndiyini, onun Asiya–Avropa ticarət marşrutu olmaqla yanaşı, dünyanın digər regionlarına yönələn yükdaşımalar üçün də logistika platformasına çevrilə bildiyini göstərir.

Nəşr edilib : 06.11.2026 16:38