Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laç...
16:34 22.09.2026
0
0
0
NAXÇIVAN :
22 Sentyabr 2026, Çərşənbə axşamı
Qarşıdakı mərhələdə əsas hədəfimiz “AzerGold”u 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirməkdir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.
İdarə Heyətinin sədri bildirib ki, bu məqsədlə strateji layihələrin maliyyələşdirilməsində daxili gəlir və borc vəsaitləri hesabına, həmçinin özəl investisiyaya üstünlük veriləcək. Nəticədə əsas məqsədimiz gəlir və məşğulluq göstəricisinə görə “AzerGold”u Azərbaycanın qeyri-neft sənayesinin ən iri şirkətlərindən birinə çevirməkdir: “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 2015-ci ildə yaradıldı və bununla Azərbaycanın dağ-mədən sənayesinin yeni inkişaf mərhələsinin əsası qoyuldu. 2016-cı ildə Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənində fəaliyyətə başlanıldı və növbəti ilin aprel ayında gümüş-qızıl xəlitənin ilk ixracı həyata keçirildi. Həmin dövrdə yatağın çıxarıla bilən qızıl ehtiyatı 179 min unsiya qiymətləndirilirdi və istismar müddətinin 2021-ci ildə başa çatacağı proqnozlaşdırılırdı. Sonrakı illərdə aparılan optimallaşdırma və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində ehtiyatlar 1,02 milyon unsiyaya çatdırıldı, istismar müddəti isə ən azı 2032-ci ilədək uzadıldı. “Mərəh”, “Ağyoxuş”, “Tülallar” və “Çovdar” yataqlarından filizin emalı vahid istehsal mərkəzində – Çovdar İnteqrə olunmuş Regional Emal Sahəsində birləşdirildi. Bununla uzunmüddətli və səmərəli istehsal davamlılığı təmin edildi”.
Z.İbrahimov qeyd edib ki, növbəti illərdə şirkətin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirildi. Əlvan metallarla yanaşı, qara metal filizləri üzrə fəaliyyətə keçid təmin edildi və bu məqsədlə “Daşkəsən Dəmir Filiz” MMC yaradıldı. “AzerBlast” MMC isə sənaye partlayıcı maddələrin istehsalı və satışı üzrə fəaliyyətə başladı: “Geoloji kəşfiyyatda hiperspektral peyk çəkilişləri və aeroelektromaqnit tədqiqatlar kimi müasir texnologiyalar tətbiq edilərək yeni perspektivli sahələr müəyyənləşdirildi və bu proses davam edir. “AzerGold”un 2024-cü ildə gəlirləri və yerli banklardan cəlb edilmiş vəsait hesabına qurulan çəndə qələviləşdirmə zavodu tam gücü ilə istismara verildi və bununla da “Çovdar” yatağının sulfid filizlərinin emalı təşkil edildi. Həmin ildən, eyni zamanda, “AzerGold” Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövləti təmsil etmək səlahiyyətlərini də həyata keçirməyə başladı”.
“Cari ildə “AzerGold” Qafqazın ən böyük qızıl yataqlarından biri olan “Söyüdlü” yatağında – “Zod” yatağında fəaliyyətə başladı. Artıq ərazidə hasilatın təşkili ilə bağlı üstaçma işləri aparılır. Eyni zamanda, “AzerGold”a həmin cari ildə qeyri-filiz yataqları üzrə operator statusu da həvalə edildi. Beləliklə, 10 il ərzində “AzerGold” qızıl hasil edən şirkətdən geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahəsini əhatə edən çoxşaxəli və inteqrə olunmuş milli dağ-mədən şirkətinə çevrildi”, - deyə o əlavə edib.
Digər xəbərlər