NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

Şəhidlik şərəfli ölümdən sonrakı həyatdır

...

... Saday Məmmədəliyev doğulub boya-başa çatdığı Ordubad rayonunun Darkənd yaşayış məntəqəsi sakinlərinin qəlbində özünə əbədi yer qazanıb. Təkcə onlarınmı? Xeyr. Azərbaycan xalqı bu gün onu azadlıq mücadiləmizin şəhid qəhrəmanlarından biri kimi tanıyır, minnətdarlıqla xatırlayır, ruhu qarşısında baş əyir. 
Onun son mənzilə yola salınması anlarını xatırlayıram. Darkənd qəbiristanlığında muxtar respublikanın bütün rayonlarından gəlmiş insanlarla yanaşı, Sadayın döyüş yoldaşları da vardı. Onlardan birinin Sadayın məzarı önündə dedikləri hər birimizdə qürur doğurdu: “Şəhidlər ölməz, Vətən bölünməz. Saday da bu həqiqəti sübut etdi. Sübut etdi ki, Azərbaycan belə igidlər yurdudur. Onların torpağına əl uzadanları məğlub edən igidlər. Bu gün hər birimiz Saday və Saday kimi qəhrəman şəhidlərimizlə fəxr edirik”. 
...Mən orta məktəbdə müəllim işləyərkən hələ azyaşlı idi. Məktəbdə təsərrüfat müdiri işləyən Fatma nənəsi əlindən tutub hərdənbir məktəbə gətirərdi. Bir gün soruşdum: “Böyüyəndə kim olacaqsan?” Əli ilə məktəbin formada olan hərbi rəhbərini göstərdi və dedi: “Əsgər olacağam”.
...O illərdən nə qədər ötüb. Saday böyüdü, orta məktəbi bitirdi, hərbi xidmətini uğurla başa vurdu. Ancaq hərbiyə marağı yenidən onu həmin formanı geyinməyə sövq edirdi... 
Anası Məhəbbət xanımın söhbəti: “Dedim ki, ay oğul, axı bizim nəsildə hərbçi olmayıb”. O isə inadından dönmədi. Bircə sözü ilə bu gün təskinlik tapıram: “Ana, ermənilər haqqında, onların bizə qarşı münasibətləri barədə nə qədər danışmısan mənə? Elə son illərdə özümün gördüklərim kifayətdir. Ermənilərin işğal altında saxladıqları torpaqlarımızı kimsə almalıdır, ya yox?”
Sözlərində böyük həqiqət olduğundan dinmədim. O da dediyini etdi. Bir ilə yaxın idi ki, əyninə forma geyinmişdi. Hərbiyə getməyini, bayaq da dedim, istəməsəm də, formada görəndə elə qürurlanırdım ki... Evləndirmək istəyirdik. Qarabağa göndəriləcəklərini deyəndə düşündüm ki, gedib qayıdar, toyunu edərik. Getdi və şəhid kimi qayıtdı. Qədim Şuşamızın alınmasında “uf” demədən özünü ölümün pəncəsinə atdı. “Təki Vətən sağ olsun”,  – deyə şirin canından keçdi. Bu gün bütün ölkəmiz şəhidlərimizlə qürur duyur, çünki ermənilər üzərində qazandığımız tarixi Qələbəyə məhz onların qəhrəmanlığı, torpağa məhəbbəti, yurda sevgisi ilə nail olmuşuq...” 
...Anası Məhəbbət xanımı başa düşmək çətin deyil – oğul itirib. Ancaq söhbətində əsl Azərbaycan qadınına məxsus qürur hissi duyuram: “Elə təkcə muxtar respublikamıza neçə igidimiz şəhid kimi qayıdıb. Saday da onlardan biri. Bu gün bütün xalqımızı sevindirən odur ki, mənfurları bir də torpaqlarımızda görməyəcəyik. Süfrəmizin çörəyi ilə böyüyən nankorların zəbt etdikləri, dağıtdıqları torpaqlarımız belə qəhrəman övladlarımızın şücaəti ilə azad edildi”. 
Orta məktəbdə Sadaya riyaziyyat fənnini tədris edən Gündüz Babayev öz sevimli şagirdini minnətdarlıqla xatırlayır: “Sinifdə neçə şagird varsa, bir o qədər də xarakter var. Saday tamamilə başqa xarakterə malik idi. Zahirən sakit, dinməz. Sözü düz deyən. Yoldaşcanlı. Vətənpərvər. Tənəffüslərdə dəfələrlə müşahidə etmişdim ki, sinif yoldaşları ilə birlikdə gəzişirlər. Yoldaşları deyib-gülür, nəyinsə mübahisəsin edir, o isə çox sakitdir, gözlərini bir nöqtəyə zilləyib nə haqqındasa düşünür. Şəhidlik zirvəsinə ucaldığını eşidəndə fikirləşdim ki, onun qəlbindən nələr keçirmiş... Əsl qəhrəman məhz belələri olur, öz qəhrəmanlığını sözdə yox, əməldə göstərir”.
Yadıma gözəl şairimiz Xanəli Kərimlinin misraları düşür:

        Bir çiçək ətri də Vətən ətridir – 
        O duyğu qəlbinə sığışsa əgər.
        Onda görərsən ki babalar haqmış –
        Bu torpaq uğrunda ölməyə dəyər. 

Şəhid Məmmədəliyev Saday Rza oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,“Şuşanın azad olunmasına görə”,“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 
Bizə bu zəfəri verən Saday, ruhun şad olsun!

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 26.10.2025 15:44