Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həla...
23:12 23.05.2026
0
0
0
NAXÇIVAN :
24 May 2026, Bazar
Bəzən dostluq sənədlərdəki imzalardan daha çox paylaşılan təcrübələrdə və səmimi söhbətlərdə canlanır. 2025-ci ilin dekabrında Türkiyənin MEV Anadolu Lisesi ilə təməli qoyulan “Beynəlxalq Qardaş Layihəsi” bu günlərdə Naxçıvanın qonaqpərvər qucağında öz bəhrələrini verir. 12-14 may tarixlərdə Naxçıvan Dövlət Texniki Kollecinin ev sahibliyi etdiyi görüşlər sadəcə iki təhsil ocağını deyil, həm də eyni kökdən gələn gənclərin gələcək arzularını birləşdirir.
Bu üçgünlük silsilə tədbirlər tələbə-müəllim mübadiləsindən daha çox bir-birini tanımaq və ortaq dəyərləri kəşf etmək fürsətinə çevrildi. Qonaqlarımızın gözü ilə Naxçıvanı, bizim gözümüzlə isə bu qardaşlıq bağlarını yenidən kəşf etmək üçün onlarla həmsöhbət olduq. Bu əməkdaşlıqla bağlı təəssüratlarını ilk olaraq fəlsəfə müəllimi Fatih Yaray bizimlə bölüşərək qeyd etdi: “ Biz qardaşlıq sərhəd tanımır dedik və bu yola çıxdıq. Sərhədlər, əslində, sadəcə, bir cizgidir, keçilməsi mümkünsüz olan divarlar deyil. İlk addımda biz qardaşlarımızı Türkiyədə qonaq edib, tələbələrimizi doğmalaşdırdıq. İndi isə növbə bizdədir. Burada həm təhsilin, həm də köklü bir mədəniyyətin qapılarını aralayırıq. Gənclərimizin gözlərindəki o parıltını görürəm, onlar adət-ənənələrimizin, köklərimizin nə qədər eyni olduğunu kəşf edirlər. Bu layihə, sadəcə, bir təcrübə deyil, ortaq gələcəyimizə əkilən ümid toxumlarıdır”.
Gələn şagirdlərdən Zehra Nur Yıldırım bizimlə sanki illərdir burada yaşayırmış kimi səmimiyyətlə danışaraq bildirdi: “Bilirsiniz, bura gələndə özümü qərib hiss edəcəyimi düşünmürdüm, amma bu qədər evimdə hiss edəcəyimi də təxmin etməmişdim. Sanki öz Vətənimə, öz doğmalarımı görməyə gəlmişəm. Hər zaman “Bir millət, iki dövlət” deyirdilər. Bunun nə qədər gerçək olduğunu burada hər addımda hiss etdim. Bizi o qədər isti qarşıladılar ki, o mehribanlıq sanki bütün yadlığı yox etdi. Naxçıvanın təmizliyi, bu şəhərin mədəniyyəti, insanları məni valeh edən əsas məqamlardan oldu. Buradan ayrılsaq da, qurduğumuz bu dostluq körpüsü heç vaxt pozulmayacaq”.
Naxçıvan Dövlət Texniki Kollecinin dəhlizlərində əks olunan bu səmimiyyət göstərdi ki, məsafələr nə qədər uzaq olsa da, qəlblər eyni amala xidmət edəndə hər yer doğmalaşır. “Beynəlxalq Qardaş Layihəsi”nin bu uğurlu addımları gələcəkdə daha böyük əməkdaşlıqların və sarsılmaz birliklərin müjdəçisidir. Çünki qardaşlıq, sadəcə, eyni keçmişi bölüşmək deyil, həm də eyni gələcəyə bir yerdə addımlamaqdır.
Səmayə RƏSULOVA
Digər xəbərlər