NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Şərqin qapısında yanan 105 illik söz çırağı

...

105 il bundan əvvəl Araz sahilində qərar tutmuş qədim diyarda – Şərqin qapısında bir Günəş kimi doğdu bu qəzet. Nuh Peyğəmbərin lövbər saldığı vətəni, Cahanın nəqşi olan Naxçıvanı öz ziyası ilə aydınlatdı; illər boyu kamil sözün qüdrəti ilə yazdı, yaratdı. İlk zamanlar “Cavanlar həyatı”, ardınca “Füqəra səsi” olan bu qəzetə sonradan “Şərq qapısı” adını verdilər. Bu qəzet yarandığı gündən etibarən təkcə dövrün salnaməsini yazmadı, həm də xalqın taleyini, düşüncəsini, ağrı-acısını öz səhifələrində yaşatdı. Bu elin, bu yurdun tarixi yaddaşından, Atabəy Eldənizin dövlətçilik irsindən, qadın ismətinin və zərifliyinin rəmzi Möminə xatunun mənəvi ucalığından, dahi memar Əcəminin sənət qüdrətindən güc aldı. Cəlil Məmmədquluzadənin zəngin ədəbi-publisistik irsindən bəhrələndi, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”inin tarixi nəfəsini duydu, Kəngərlilərin fikir və ideyalarından ilham aldı. İşıqlı dünyaya göz açdığı ilk gündən “Şərq qapısı” zamanın nəbzini tutmağı, cəmiyyətin ictimai-siyasi mənzərəsini, xalqın sevincini və kədərini, qayğılarını və problemlərini əks etdirməyi özünün başlıca missiyasına çevirdi. O, hadisələrə xalqın gözü ilə baxdı, həqiqətləri xalqın öz dilində qələmə aldı, cəmiyyətin səsini tribunaya çevirdi. Həyatın çətinliklərini, dövrün mürəkkəb ictimai-siyasi proseslərini, insanların üzləşdiyi məşəqqətləri oxucusuna çatdırmaqla mətbuat tariximizdə özünəməxsus iz qoydu.

Şərqin qapısından Günəş doğanda...

1921-ci ilin payızında kiçik bir mətbəədə, şam işığının titrək şəfəqləri ilə aydınlanan yarıqaranlıq otaqda qədim Naxçıvanın səsinə, sözünə çevriləcək ilk mətbuat orqanının nəşrinə başlanıldı. O gün, bəlkə də, heç kim bu kiçik mətbəədən doğan səsin onillikləri adlayaraq bir əsrdən artıq yaşayacağını, Naxçıvanın tarixini, taleyini, ictimai və mədəni həyatını öz səhifələrində yaşadacağını təsəvvür etmirdi. Çünki məhdud mətbəə avadanlıqları, zəif texniki imkanlar şəraitində qəzet nəşr etmək heç də asan məsələ deyildi. Hər bir səhifənin ərsəyə gəlməsi zəhmət, iradə və böyük fədakarlıq tələb edirdi. Lakin qəlbi milli mətbuat, ana dili və ədəbiyyat sevgisi ilə döyünən ziyalılarımız bütün çətinliklərə sinə gərərək bu məsuliyyətli missiyanı öz üzərlərinə götürdülər. Onlar məhdud imkanlar daxilində böyük bir amalın – xalqın sözünü demək, milli düşüncəni yaşatmaq və maarifçilik ənənələrini inkişaf etdirmək amalının təməlini qoydular. Beləcə, kiçik bir mətbəədə şam işığında başlayan bu yol zaman keçdikcə Naxçıvanın mətbuat tarixinin parlaq 
səhifəsinə çevrildi.

105 ilin yaddaş çırağı

Nəşrə başladığı ilk illərdə “Cavanlar həyatı” adı ilə oxucularının görüşünə gələn bu qəzet ilk sözünü Vətənin cavanlarına ünvanladı. Zaman keçdikcə çağırışının ünvanı genişləndi, “Cümlə cahan füqərayi-kasibəsi, toplaşın!” nidası ilə cəmiyyətin zəhmətkeş təbəqələrinə üz tutaraq “Füqəra səsi”nə çevrildi. Dövrün yaratdığı çətinliklərə, qarşılaşdığı maneə və məşəqqətlərə baxmayaraq, mübarizə meydanından bir an belə geri çəkilmədi. Bu dəfə üzünü Vətənin sözlə döyünən ürəklərinə – ziyalılara tutdu, onları mətbuatın işığı ətrafında birləşməyə səslədi. Milli düşüncənin, maarifçilik ideyalarının və ictimai mübarizənin tribunası olmaq yolunda inamla addımladı. Lətif Hüseynzadə, Müzəffər Nəsirli, Məhəmməd Rasizadə və adları milli mətbuat tariximizə qızıl hərflərlə yazılmış digər ziyalılarımız “Şərq qapısı”nın ilk qaranquşları oldular. Onların qələmindən süzülən sözlər qəzetin səhifələrində yalnız dövrün salnaməsini yaratmadı, həm də milli mətbuatımızın gələcək inkişafına işıq saldı. Beləcə, “Şərq qapısı” zamanın sınaqlarından keçərək sözün, milli ruhun və ictimai düşüncənin mübariz carçısına çevrildi.

Bir qəzetin taleyində bir xalqın tarixi

1925-ci ilin mart ayında “Şərq qapısı” qəzetinin 100-cü nömrəsinin işıq üzü görməsi Naxçıvan ədəbi mühitində böyük sevinc və coşqu ilə qarşılanmışdı. Bu əlamətdar hadisənin yaratdığı qürur hissi dövrün ziyalılarının qələmə aldığı sətirlərdə də öz əksini tapmış, qəzetin tarixi missiyası bu sözlərlə ifadə olunmuşdu: “Əsrlərdən bəri maarif və mədəniyyətin parlaq ziyasından məhrum olaraq cəngavərlər, cəlladlar pəncəsində inləyən Naxçıvan tarixində bu gün göstərilməmiş bir bayram; gələcək nəslə şərəfli bir yadigar buraxacaq həman bu yadigar, Şərqin qapısında yaşayan Naxçıvan ölkəsinin türk əməkçiləri tərəfindən mövhumat və cəhalətə qarşı vurulan 100 ədəd maarif qurşunu və 100 nömrəyə varmış olan bir türk qəzetesidir”.
Yarandığı gündən milli ruhun daşıyıcısına çevrilən, xalqın tarixi yaddaşını, milli maraqlarını, mənəvi dəyərlərini və zəngin ənənələrini yaşadan “Şərq qapısı” ötən əsr ərzində yalnız bir mətbuat orqanı kimi deyil, həm də ictimai düşüncənin formalaşmasında, milli özünüdərkin inkişafında mühüm rol oynayan bir məktəb kimi fəaliyyət göstərib. Zamanın ən çətin sınaqları ilə üzləşdiyi, ölkənin ictimai-siyasi və sosial həyatında ağır proseslərin yaşandığı dövrlərdə belə qəzet öz məram və amalına sadiq qalıb, sözün gücünü xalqın milli maraqlarının müdafiəsinə yönəldib.
Bu tarixi missiyanın ən parlaq səhifələrindən biri də İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Bütün dünyanı qanlı döyüşlərin, dağıntıların və ağır sınaqların ağuşuna alan 1941-1945-ci illərdə “Şərq qapısı” cəbhə həyatının ağrı-acısını, xalqın mübarizə əzmini və qələbəyə inamını öz səhifələrində yaşadaraq oxucularının rəğbətini qazanıb. Həmin illərdə Naxçıvanın tanınmış şair və yazıçıları qəzet ətrafında birləşərək qələmlərini qorxuya, ümidsizliyə və məğlubiyyət ruhuna qarşı mübarizə vasitəsinə çeviriblər. Hüseyn Əzim, İslam Səfərli, Ənvər Əylisli, Hüseyn Ağrılı və digər söz ustadları öz yaradıcılıqları ilə müharibənin acı həqiqətlərini, ön cəbhədə gedən qanlı döyüşləri, əsgərlərin qəhrəmanlığını və arxa cəbhədə çalışan insanların fədakarlığını geniş oxucu auditoriyasına çatdırıblar. Onların qələmindən süzülən hər bir misra, hər bir publisistik yazı xalqı birliyə, həmrəyliyə, dözümə və mübarizəyə səsləyib, qələbəyə olan inamı daha da möhkəmləndirib.
Lakin həmin illərin tarixi yalnız qəzet səhifələrində qalan yazılardan, publisistik nümunələrdən və ədəbi çağırışlardan ibarət deyildi. Bu tarix həm də Vətən naminə qələmini silaha, sözünü mübarizə amalına çevirən insanların taleyində yazılırdı. Uzun illər “Şərq qapısı”nın səhifələrində öz sözünə, düşüncəsinə və yaradıcılığına yer tapan onlarla şair, yazıçı və jurnalist döyüş meydanlarına yollanaraq bir daha doğma yurda qayıtmadı. Onların bir qismi Vətən uğrunda canından keçərək xalqın yaddaşında əbədi yaşamaq haqqı qazandı.

Dünəndən sabaha uzanan söz yolu

İkinci Dünya müharibəsindən sonra ölkənin ictimai-siyasi və sosial həyatında yeni dirçəliş mərhələsi başlanmışdı. Cəmiyyətin həyatında baş verən bu dəyişikliklər mətbuatın fəaliyyətində də öz əksini tapırdı. 
Xüsusilə ötən əsrin 70-ci illərində Azərbaycanda həyatın bütün sahələrində müşahidə olunan inkişaf və tərəqqi mətbuata da güclü təkan vermişdi. Bu dövrdə həyata keçirilən quruculuq siyasəti mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və yaradıcı potensialının genişlənməsinə əlverişli şərait yaratmışdı. Məhz həmin illərdə Naxçıvanda böyük redaksiya-nəşriyyat kompleksinin inşasına başlanılması, “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşrinə keçilməsi muxtar respublikanın mətbuat tarixində mühüm hadisəyə çevrilmişdi. Bu yeniliklər qəzetin texniki imkanlarını genişləndirməklə yanaşı, ictimai həyatdakı mövqeyini də möhkəmləndirmişdi.
1971-ci ildə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə 50 illik yubileyi qeyd olunan qəzet “Şərəf nişanı” ordeninə layiq görülüb. Bu yüksək dövlət təltifi qəzetin yarıməsrlik fəaliyyəti ərzində xalqın maariflənməsi, ictimai düşüncənin inkişafı və milli mətbuat ənənələrinin yaşadılması istiqamətindəki xidmətlərinə verilən böyük qiymət idi. 
“Şərq qapısı” qəzetinin 50 illik yubileyi təkcə mətbuat orqanının deyil, bütövlükdə, Naxçıvanın ictimai-mədəni həyatının mühüm hadisəsinə çevrilmişdi. Yubiley münasibətilə Azərbaycanın müxtəlif bölgələrindən qəzetin ünvanına çoxsaylı təbrik məktubları, ürək sözləri və xoş arzular göndərilmişdi. Bu məktublar qəzetin ölkə miqyasında qazandığı nüfuzun və zəngin yaradıcılıq ənənələrinə göstərilən ehtiramın ifadəsi idi. Həmin təbriklər sırasında 1930-cu illərdə “Şərq qapısı” qəzetinə redaktorluq etmiş Xalq yazıçısı Əli Vəliyevin “Əziz qələm dostlarıma” məqaləsi xüsusi diqqət çəkirdi. Bununla yanaşı, akademik Həsən Abdullayevin “Ordenli diyarın ordenli qəzeti”, Xalq yazıçısı Mirzə İbrahim­ovun “Nurlu mayak”, professor Əziz Şərifin “Gözünüz aydın”, professor Məhəmmədhüseyn Təhmasibin “Qədim diyarın səsi” sərlövhəli təbrik yazıları da qəzetin tarixi xidmətlərinə verilən yüksək dəyərin parlaq nümunələri idi. 

“Daha susa bilməzdim...”

Ötən əsrin 80-90-cı illəri Azərbaycanın ən çətin və mürəkkəb dövrlərindən birinə təsadüf etdi. Ölkədə baş verən siyasi gərginlik, anarxiya və parçalanma təhlükəsi bütün sahələrdə, o cümlədən mətbuat orqanlarının fəaliyyətində də özünü göstərməyə başladı. 1988-ci ildən etibarən Qarabağda baş qaldıran separatçı hərəkatlar blokadaya salınan Naxçıvan Muxtar Respublikasına da təsirsiz ötüşmədi. Belə bir zamanda milli maraqları və dövlətçilik prinsiplərini müdafiə edən güclü söz tribunasına böyük ehtiyac yaranmışdı.
Sözügedən illərdə muxtar respublikanın rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzeti, sözün əsl mənasında, təzyiqlər altında nəşr olunurdu. Muxtar respublikanın işğal təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ölkədə baş verən proseslərin rəsmi mətbuat orqanının fəaliyyətinə sirayət etməsi qaçınılmaz idi. Buna baxmayaraq, “Şərq qapısı” xalqımızın milli maraqlarını müdafiə edir, qəzetin ideya istiqamətini dövrün həqiqətlərinə uyğunlaşdırırdı. Dünya azərbaycanlılarını həmrəyliyə, vahid ideya və amal uğrunda birləşməyə çağıran yazılar da bunun bariz göstəricisi idi. Bunun sübutu kimi qəzetin 26 yanvar 1990-cı il tarixli sayına nəzər salmaq kifayətdir. Həmin nömrədə dərc olunan məqalələrin birində yazılırdı: “Çalışaq ki, fidan “Şərq qapısı” qollu-budaqlı, köklü-köməcli çinara dönsün. Bu fidanın təzə-tər yarpaqları güneyli-quzeyli Azərbaycanımıza həzin-həzin, kövrək-kövrək nəğmələr oxusun. Azadlıq və birlik nəğmələri...”
Həmin il yanvarın 20-də Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında bəyanatın “Şərq qapısı” qəzetində dərc olunması isə bu mətbuat orqanının milli maraqlara, xalqa və xalq birliyinə verdiyi dəyərin parlaq nümunəsi idi. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 20 Yanvar faciəsinə, SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə və özünə qarşı aparılan böhtan kampaniyalarına etiraz olaraq qəzetin jurnalisti Möhsün Möhsünova verdiyi tarixi müsahibə də xüsusi əhəmiyyət daşıyır. “Daha susa bilməzdim...” başlığı ilə 1990-cı il iyulun 26-da “Şərq qapısı” qəzetində dərc olunan bu müsahibə qəzetin əsri aşan şərəfli tarixinin ən parlaq səhifələrindən biri olmuşdur.

Zəngin ənənələrin və sarsılmaz iradənin ünvanı – müasirləşən “Şərq qapısı”

Zamanın sərt sınaqlarından keçən, xalqın sevincli və kədərli günlərində onunla birgə nəfəs alan “Şərq qapısı” müasir tariximizin ən şanlı səhifələrində də öz sözünü dedi. Bir zamanlar Vətənin azadlığı, milli birlik və müstəqillik ideallarını yaşadan qəzet 44 günlük Vətən müharibəsində də xalqın döyünən ürəyinə çevrildi, qələmindən süzülən hər sözü qələbə ruhuna köklədi. Bu müharibə “Şərq qapısı”nın tarixində də yeni bir səhifə açdı. Qəzet həmin günlərdə cəbhədən gələn qələbə xəbərlərini, əsgərlərimizin qəhrəmanlığını, arxa cəbhədəki fədakarlığı və xalqımızın Zəfər arzusunu öz səhifələrində yaşatdı.
Üçrəngli bayrağımıza sarılmış hər şəhid tabutu, işğaldan azad edilən hər kənd və qəsəbə qəzetin səhifələrində kövrək duyğularla qarşılandı. Şəhidlərimizin Vətən sevgisi, qazilərimizin qəhrəmanlığı və xalqımızın birliyi haqqında silsilə məqalələr, oçerklər və reportajlar dərc olundu. Ölkə başçısının çıxışları, qələbəyə aparan yolun mühüm məqamları “Şərq qapısı”nda öz əksini tapdı. Bir vaxtlar Naxçıvanın SSRİ-nin tərkibindən çıxması ilə bağlı tarixi bəyanatı oxucularına çatdıran qəzet bu dəfə torpaqlarımızın azadlığını, düşmənin məğlubiyyətini və Şuşa zəfərini səhifələrinə köçürdü. Beləcə, xalqın azadlıq mübarizəsinə şahidlik edən “Şərq qapısı” bu dəfə qalib xalqın qürur salnaməsini yaratdı. Şanlı Zəfərimizdən bir il sonra – 2021-ci ildə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması isə onun zəngin tarixinə və milli mətbuatın inkişafına verdiyi töhfələrə göstərilən yüksək ehtiramın ifadəsi idi. Yubiley qəzetin gələcək inkişafı üçün də yeni imkanlar açdı. Maddi-texniki bazanın möhkəmləndirilməsi, poliqrafiya imkanlarının müasirləşdirilməsi və çap keyfiyyətinin yüksəldilməsi “Şərq qapısı”nın yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratdı. Müasir çap texnologiyalarının tətbiqi ilə qəzetin tərtibatı və dizaynı yeniləndi, səhifələri daha müasir görkəm aldı.
Zaman dəyişir, informasiya məkanının sərhədləri genişlənir, sözün oxucuya çatdırılma yolları yenilənir. Bu dəyişikliklər fonunda “Şərq qapısı” da ənənəvi mətbuatın imkanlarını rəqəmsal dünyanın üstünlükləri ilə birləşdirməyə başladı. Qəzetin internet saytının yaradılması onun fəaliyyətində mühüm yenilik oldu. Artıq Naxçıvanda baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni hadisələr yalnız çap səhifələrində deyil, rəqəmsal informasiya məkanında da geniş auditoriyaya operativ şəkildə çatdırılır. Beləliklə, bir zamanlar kiçik mətbəədə şam işığında ərsəyə gələn qəzet bu gün dünyanın müxtəlif guşələrindəki oxucularına üz tutur. Sosial şəbəkələrdən və rəqəmsal platformalardan istifadə, müasir jurnalistika prinsiplərinin tətbiqi qəzetin informasiya fəaliyyətinə yeni nəfəs gətirir. “Şərq qapısı” tarixi ənənələrini qorumaqla yanaşı, yeni nəslin informasiya tələbatına uyğunlaşır, sözün yeni ünvanlarında öz mövqeyini möhkəmləndirir.
Bu yenilənmə prosesində yaradıcı potensialın zənginləşdirilməsi, peşəkar jurnalistika ənənələrinin qorunması və gənc qələm sahiblərinin yetişdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bir zamanlar Lətif Hüseynzadənin, Müzəffər Nəsirlinin, Məhəmməd Rasizadənin və neçə-neçə tanınmış ziyalının qələminə meydan verən “Şərq qapısı” bu gün də istedadlı müəlliflər və gənc jurnalistlər üçün söz tribunasıdır. Deməli, qəzetin zəngin yaradıcılıq məktəbi hələ də yaşadılır, milli-mənəvi dəyərlərin təbliği və müasir ictimai proseslərin işıqlandırılması başlıca fəaliyyət istiqamətləri olaraq qalır.
Bu gün “Şərq qapısı” qarşısında dayanan əsas vəzifə bir əsrdən artıq müddətdə qazandığı mənəvi irsi müasir jurnalistikanın imkanları ilə uzlaşdırmaq, informasiya bolluğu şəraitində etibarlı söz ünvanı kimi nüfuzunu qorumaqdır. Çünki zaman və texnologiyalar dəyişsə də, həqiqəti yazmaq, xalqın səsinə çevrilmək, milli maraqlara xidmət etmək missiyası dəyişmir. Elə bu dəyişməz missiya “Şərq qapısı”nı dünənlə bu gün, tarixlə gələcək arasında mənəvi körpüyə çevirir.

105 yaşlı söz çinarına son söz

Qol-budaqlı, həmişəyaşıl çinarı xatırladan “Şərq qapısı” illərdir, öz varlığı ilə sözə güc, yaradıcılığa geniş imkanlar verib. Onillikləri adlayaraq bir əsrlik tarixi geridə qoyan, bu gün 105 yaşını qeyd edən qəzet gəncliyindən, ruhundan və qüdrətindən heç nə itirməyib. Əksinə, illər ötdükcə daha da müasirləşib, yenilənib, gəncləşib. 105 illik şərəfli tarixinə nələri sığdırmayıb ki, bu qəzet! Azərbaycan xalqının bir əsrdən artıq tarixini öz səhifələrində yaşadaraq mübarizələrlə dolu illəri, zamanın ağır sınaqlarını geridə qoyub. Bəzən xalqın ağrı-acısına şərik olub, onun dərdini öz dərdi bilib, qəlbini həzin duyğulara kökləyib, bəzən də döyüş mövqeyində keşik çəkən əsgər kimi mətinləşib, mübarizləşib, haqqın və həqiqətin müdafiəsində dayanıb. Hər sətrində bir tarix, hər səhifəsində bir ömür yaşadaraq 105 illik şərəfli yol keçib. Arzumuz budur ki, 105 yaşlı bu söz çinarının qol-budaqları daha da genişlənsin, kökləri daha dərinə işləsin, yarpaqları daim təravətli qalsın, gələcəyə uzanan yolu həmişə işıqlı və aydın olsun! Qoy bu çinarın kölgəsində neçə-neçə yeni nəsil yetişsin, neçə-neçə qələm sahibi öz sözünü desin, “Şərq qapısı”nın ziyasında neçə-neçə yubiley sevinci yaşansın!

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 21.11.2026 11:00