NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Tarixi ədalətə, milli irsə Böyük Qayıdış

...

Azərbaycanın son 5 ildə həyata keçirdiyi siyasətin ana xəttini, birinci növbədə, işğaldan azad olunmuş Qarabağ torpaqlarına Böyük Qayıdış təşkil edir. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası müstəsna əhəmiyyət daşıyır. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi də müəyyən olunub ki, bu da dövlət siyasətində bu istiqamətdə görülən işlərə necə böyük yer ayrıldığını, önəm verildiyini təsdiqləyir. Ötən müddətdə Azərbaycanın heç bir beynəlxalq maliyyə qurumundan dəstək almadan Qarabağda, Şərqi Zəngəzurda iri layihələr reallaşdırması, mərhələli şəkildə soydaşlarımızın öz yurdlarına köçürülməsi, ümumilikdə, qarşıya qoyulan hədəflərə nail olunması bir daha göstərir ki, Prezident İlham Əliyev diplomatiyası, siyasi iradəsi dönməzdir, qətidir, irəli sürülən konsepsiya, yol xəritəsi alternativsizdir.

Respublikamızda qəbul olunan və inkişafa yönələn bütün dövlət sənədlərində olduğu kimi, işğaldan azad olunmuş ərazilərə qayıdışa dair Dövlət Proqramının da əsas məqsədi məhz soydaşlarımızdır, onlar üçün layiqli həyat və iş şəraitinin yaradılmasıdır. Bu mənada, proqramdan irəli gələn Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının gücləndirilməsi, azad edilmiş ərazilərdə istehsal sahələrinin yaradılması, doğma yurdlarına geri dönən keçmiş məcburi köçkünlərin məşğulluq imkanları, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi məsələlər diqqətdə saxlanılır.

2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kənd sakinlərinin doğma yurda qayıdışı ilə başlanan köç prosesi hazırda dinamik şəkildə davam edir, Böyük Qayıdışın sədaları Şuşada, Laçında, Füzulidə, Ağdamda duyulur. Dövlət Proqramına uyğun, ümumilikdə, 2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərdə keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Bu ilin əvvəlinə kimi Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, Sus, Xocalı rayonunun Ballıca kəndləri öz soydaşlarını qoynuna alıb. Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində də dediyi kimi: “Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir – həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il, təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır”.

Ölkə başçısının qarşıya qoyduğu hədəflər yönündə görülən işlərin nəticəsidir ki, 2025-ci ilin ötən dövründə 4 kəndə də məcburi köçkünlərin qayıdışı təmin olunub. Bunlar Ağdərə rayonunun Həsənriz və Suqovuşan, Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləridir. Beləliklə, indiyədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan 14 şəhər və kənddə həyat öz axarına qayıdıb, Dövlət Statistika Komitəsinin yaydığı son məlumatlara görə, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində bu günə qədər 3721 ailə (14843 nəfər) doğma yurdlarına qayıdıb. Ümumilikdə isə hazırda işğaldan azad edilmiş ərazilərimizdə 50 min vətəndaş yaşayır və işləyir. Özlüyündə bu rəqəmlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və məskunlaşması sahəsində sürətli irəliləyişini, xüsusilə “Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyini göstərir. Böyük Qayıdışın reallaşdırılması üçün 2025-ci ildə 4 milyard manat ayrılıb, bu vəsait həmin ərazilərdə nəzərdə tutulmuş işlərin uğurla icrasına imkan verir. Ümumilikdə isə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən Qarabağda, Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Qeyd etdiyimiz kimi, bu ilin ötən dövründə artıq xeyli sayda keçmiş məcburi köçkün layiqli şəkildə öz doğma yurdlarına qayıdıb və onlara həmin ərazilərdə yaşamaq üçün hər cür şərait yaradılıb. 2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.

Ermənilərin 30 ilə yaxın müddətdə Qarabağda törətdikləri vəhşilik ən çox tarixi irsimizin məhvinə yönəlib, yüzlərlə qədim abidələrimiz, dini ziyarətgahlarımız, məscidlərimiz vandallığa məruz qalıb. Təkcə bir faktı qeyd etmək olar ki, 1990-cı illərdə Qarabağ və Şərqi Zəngəzurda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri vardı. Təəssüf ki, 30 ilə yaxın müddətdə bu abidələr ya dağılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Başıpozuq toplum Qarabağ ərazisində olan 67 məsciddən 63-nü yerləyeksan edib. Qalan 4 məsciddən 3-nə isə ciddi ziyan vurulub. Yeganə 1 məscid, Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində isə bəzi dəyişiklik edərək bu abidənin Azərbaycana aid olmadığını sübut etməyə çalışsalar da, bütün cəhdlər uğursuz olub. Azərbaycanın 2020-ci ildəki tarixi zəfəri ermənilərin əzəli torpaqlarımızla bağlı cəfəng ideyalarının üstündən birdəfəlik xətt çəkib. Məhz bu baxımdan Böyük Qayıdış pro­qramı çərçivəsində müasir infrastrukturun qurulması ilə yanaşı, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin bərpası da prioritet məqsədlərdən hesab edilir. Ötən dövrdə tarixi abidələrin inventarlaşdırılması həyata keçirilib və bərpasına başlanılıb. Heydər Əliyev Fondu dini və tarixi abidələrin restavrasiyasında, təmir-tikinti işlərində xüsusi rol oynayır, bir sıra abidələr, o cümlədən Üzeyir bəy Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi, Saatlı məscidi, Şuşada Aşağı və Yuxarı Gövhər ağa, Ağdam Cümə məscidləri bərpa olunub. Görülən mədəni-kütləvi tədbirlər çərçivəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin təşkili milli-mənəvi dəyərlərimizin bərpasına xidmət baxımından məxsusi əhəmiyyət daşıyır. Bu əlamətdar tədbirlər bölgəyə xas milli dəyərlərin yaşadılmasına geniş imkanlar açmaqla dünyaya “Bizik bu torpaqların əsl sahibi” mesajını çox aydın və dolğun şəkildə ötürür. Tarixi-mədəni irsimizə göstərilən böyük diqqətin nəticəsidir ki, zəfər rəmzimiz sayılan Şuşa 2023-cü ildə Türk dünyasının, ötən il isə İslam dünyasının mədəniyyət paytaxtı kimi mühüm missiyasını uğurla yerinə yetirdi.

Tarixi-mədəni irsimizin bərpası 2025-ci ildə uğurla reallaşdırılır, Ağdam Muğam Mərkəzinin yenidənqurma və bərpasından sonra istifadəyə verilməsi ilin birinci yarısında ən çox diqqətçəkən mədəniyyət hadisələrindəndir. Bəli, muğam Azərbaycan üçün təkcə musiqi janrı deyil, həm də tarixi miras, mədəni irs, milli kimlikdir. Bu mənada, qədim Ağdam torpağında ucalan səda yalnız muğam sədası deyil, köklü sivilizasiyaya, mədəni dəyərlərə qayıdış sədasıdır. Ağdam Muğam Mərkəzinin açılışının mayın 10-da, milli musiqimizin yaşadılması yolunda əvəz­olunmaz tarixi xidmətlər göstərən Ümummilli Liderimiz Heydər Əliyevin anadan olduğu gündə keçirilməsi bu baxımdan heç də təsadüfi deyildir. Açılış mərasimində Prezident İlham Əliyevin də dediyi kimi: “Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün  fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir”.

Göründüyü kimi, ölkə Prezidentinin rəhbərliyi ilə hazırlanan, icrası uğurla reallaşdırılan I Böyük Qayıdış proqramı çoxşaxəliliyi, universallığı ilə diqqəti çəkir, ötən müddətdə əhatə dairəsini genişləndirməklə praktik əhəmiyyətini daha da artırıb və uğurlu nəticələrini verməkdədir. Proqrama uyğun bütün işlər zəncirvari, parelel, mərhələli şəkildə reallaşdırılır, şəhər və kəndlərin Baş planları əsasında soydaşlarımızın rahat yaşaması üçün mənzil-məişət şəraiti yaradılır, yol infrastrukturu qurulur, dəmir yolu sistemi yaradılır, bununla yanaşı, gələcəyimiz olan uşaqların təhsil-tərbiyə məsələləri diqqətdə saxlanılır, eyni zamanda da köç edən insanların iş, istirahət imkanları təmin olunur. Bundan başqa, bölgələrə xas maddi sərvətlərin əvvəlki şöhrəti də özünə qaytarılır, tarixi ənənələr, milli-mənəvi dəyərlər bərpa edilir, turizm potensialı gücləndirilir, Prezidentin Qarabağın, Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr uğurla icra olunur. Böyük Qayıdış sədaları bu gün Xankəndidəki Qarabağ Universitetindən, Şuşadakı Cıdır düzündən, Ağdamdakı Muğam Mərkəzindən, Zəngilandakı “Ağıllı” kənddən, Kəlbəcərdəki “İstisu”dan, Xocalı Soyqırımı Memorialından, Laçın, Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarından, minlərlə soydaşımızın yurda doğru atılan addımlarından gəlir. 

Bəli, bütün bunlar belə deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib. Azərbaycanın qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olmasını, süni intellekt əsaslı texnologiyanın müxtəlif sahələrə tətbiqini nəzərə alan Prezident      İlham Əliyev cari il mayın 30-da  “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə Sərəncam imzalayıb.

Əminliklə demək olar ki, hazırlanacaq II Dövlət Proqramı birincinin məntiqi davamı olaraq azad olunmuş ərazilərdə məskunlaşmanın artmasında, yeni texnologiyaların tətbiqi sayəsində sənayenin, qeyri-neft sektorunun inkişafına, “yaşıl enerji” potensialından səmərəli istifadəyə, yeni biznes imkanlarını yaratmaqla iqtisadi dirçəlməyə, tarixi irsimizin daha geniş şəkildə bərpasına, təhsil, səhiyyə, mədəniyyət sahələrində yenidənqurmaya və ümumi tərəqqiyə yol açacaq.

 Nail ƏSGƏROV

Nəşr edilib : 21.06.2025 10:18