NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Tarixi qələbə - Zəfər Günü

...

Şuşanın düşmən işğalından azad olunduğu 8 noyabr tarixini Azərbaycan tarixinə “Zəfər Günü” kimi həkk edən dövlətimizin başçısı dünyanın bir çox mötəbər tədbirlərinin tribunalarında çox böyük qürurla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarını həm döyüş meydanında, həm də diplomatik danışıqlar müstəvisində əldə etdiyi şanlı qələbələrlə bir daha təsdiqlədi. Bununla da Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” ifadəsini bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik çağırışına çevirmiş oldu. Müasir tariximizin şanlı səhifələrini yazan dövlətimizin başçısı xalqımızın 30 illik həsrətinə son qoydu. Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30 illiyini və Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin 5 illiyinin qeyd edilməsi ölkəmizin hər bir hədəfə yüksək səviyyədə nail olacağımıza böyük əminlik, inam yaradır. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı güclü, qüdrətli, qalib, suveren Azərbaycanla qürur duyur”.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülkər Bayramova deyib.

Deputat qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi və özgə torpaqlarına göz dikən düşmənə layiq olduğu zərbəni endirdi. Bununla da tarixi zəfərin memarı olan  Prezident İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına Qalib Xalqın Qalib Lideri olaraq əbədi yazdı. Bakının Azadlıq meydanında keçirilən və Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı Azərbaycan xalqının qüdrətini,Azərbaycan Silahlı Qüvvələrinin gücünü, Prezident İlham  Əliyev şəxsiyyətinin böyüklüyünü bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin dediyi kimi: “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik” .

“Müzəffər Ali Baş Komandanımız Vətən müharibəsinin davam etdiyi müddətdə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr verərək Azərbaycanın haqq işi apardığını, bizim mübarizəmizin beynəlxalq hüquq normalarına və tarixi ədalətə əsaslandığını beynəlxalq birliyə bəyan etdi. Azərbaycan həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də informasiya müharibəsində böyük üstünlük qazanmış oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu.  Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə qətlə yetirilmiş günahsız mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz dünyaya  göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq. Böyük Zəfərdən sonra Böyük Qayıdış proseslərinə start verildi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Bu qələbəni xalqımıza yaşadan, ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyevin Qarabağın yenidən qurulması ilə bağlı planları böyükdür. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün ərazilərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaq.  İşğaldan azad edilmiş ərazilərimiz yenidən dirçəlir. Doğma Qarabağ yenidən qürur, iftixar məkanına çevrilməklə yanaşı, yenidən mədəniyyətimizin mərkəzinə çevrilir,”- deyə Ülkər Bayramova əlavə edib.

Nəşr edilib : 06.11.2025 14:00