NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

Tarixi zəfər yolunda strateji qalibiyyət – Günnüt zəfəri

...

Müasir hərb tariximizin şanlı səhiflərindən biri sayılan Günnüt əməliyyatından 7 il ötür. Azərbaycan Ordusu 2018-ci ilin mayın 20-dən 27-dək reallaşdırdığı bu əməliyyatla Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndini düşməndən azad edərək dövlət sərhədi boyunca əlverişli mövqelərə yiyələndi. Aprel döyüşlərinin uğurla davamı kimi iki il sonra əldə olunan bu nailiyyət silahlı qüvvələrimizin döyüş qabiliyyətinin yüksəkliyindən xəbər verməklə yanaşı, İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında da böyük rol oynadı. Tarixi zəfərdən aylar sonra, daha dəqiq desək, 2021-ci ilin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev də Günnüt əməliyyatını ordumuzun peşəkarlığının mühüm göstəricisi kimi xarakterizə etdi, böyük qələbəyə gedən yolda strateji əhəmiyyətli hərbi uğur olduğunu vurğuladı. Sitat: “Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.

Ali Baş Komandanın da qeyd etdiyi kimi, silahlı qüvvələrimizin həyata keçirdiyi bu uğurlu əməliyyat, ilk növbədə, Azərbaycan tərəfinə mühüm strateji üstünlük qazandırdı. Belə ki, Günnütün işğaldan azad olunması ilə birlikdə ordumuz daha əlverişli mövqelərə sahibləndi, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi  nəzarət altına keçdi. Regionda cərəyan edən siyasi proseslərə təsir, 44 günlük Vətən müharibəsinin gedişi zamanı qarşı tərəfin döyüş taktikasının öyrənilməsi, kəşfiyyat məlumatlarının əldə edilməsi baxımından Qızılqaya yüksəkliyinin azad edilməsini xüsusi diqqətə çəkmək olar. 1683 metr hündürlükdə yerləşən bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti isə, sözsüz ki, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etmək imkanlarını yaratmağıdır. Bu hərbi müvəffəqiyyət həm də 1990-1993-cü illərdə Naxçıvanı düşmən təhlükəsindən qoruyan Ümummilli Liderimiz Heydər Əliyevin yoluna, ideyalarına sədaqətin ifadəsinə, respublikamızın bu strateji regionunun etibarlı müdafiəsinin təmininə xidmət nümunəsinə çevrildi. Həmin dövrdən etibarən Naxçıvanda yerləşən bölmələrimiz düşməni təzyiq altında saxlamaqla digər istiqamətlərdə düşmən təxribatlarının qarşısını vaxtında almağa nail oldular. Təsadüfi deyildir ki, birincidən fərqli olaraq, İkinci Qarabağ müharibəsi dövründə ermənilər muxtar respublikaya qarşı böyük təxribatlardan çəkindilər, kiçik hərbi həmlələrin, manipulyasiyaların isə qarşısı qətiyyətlə alındı, heç bir nəticə vermədi...

Günnüt əməliyyatı, eyni zamanda tarixi ədalətin bərpasına xidmət etdi. Təqvimi bir qədər geriyə çəkəndə ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndlərinin aramsız düşmən hücumlarına məruz qaldığını görürük. Dövrün şahidləri, soydaşlarımız yaxşı xatırlayır ki, həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdıldı, qaynar həyatın hökm sürdüyü qədim, münbit yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrildi. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdıldı, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qaldı. Və nəhayət, 26 ildən sonra bir yaz səhərində Şərurun Günnüt kəndinin üzərindən qara buludlar çəkildi, qədim yurd yerimiz rahat nəfəs almağa başladı, sakinlər erməni vandalizminə məruz qalan öz ata-babalarının məzarlarını ziyarət etdilər. Qısa zamanı əhatə edən əməliyyat nəticəsində Sədərək istiqamətində Şərab zavodu və ətraf ərazilər də nəzarətə götürüldü. Həmin ərazilərin azad edilməsi imkan verdi ki, ordumuzun bölmələri müdafiə məqsədilə mühəndis-istehkam işlərini daha etibarlı şəkildə möhkəmləndirə bilsinlər. Bununla da Günnüt zəfəri həm də düşmənlə bir addımlıqda yerləşən Sədərək rayonunda sakinlərin daha rahat hərəkətinə, təhlükəsiz yaşayışına, eyni zamanda azad olunan ərazilərdə lazımi təsərrüfat işlərinin görülməsinə şərait yaratdı, hektarla sahələr əkin dövriyyəsinə qatıldı. Ötən dövrdə əkilən məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları da işlək vəziyyətə gətirilib, artezian quyuları bərpa olunub, əraziyə yeni yol və elektrik xətləri çəkilib...

Müzəffər Ordumuz uğurlu Günnüt əməliyyatından iki il sonra isə möhtəşəm tarixi yürüşə çıxaraq Böyük Qələbəyə imza atdı, 30 ilə yaxın davam edən işğala son qoyuldu. Günnüt əməliyyatında böyük şücaət göstərən Naxçıvanın igid qəhrəmanları, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları missiyalarını 2020-ci il noyabrın 8-də daha böyük uğurla tamamladılar. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tarixi Zəfərin qazanılmasında muxtar respublikadan olan hərbçilərin də böyük şücaət göstərdiyini vurğuladı, təqdir etdi: “Günnüt əməliyyatı Naxçıvan ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri  – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Nail ƏSGƏROV

Nəşr edilib : 20.05.2025 12:06