NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Təhsil eksperti Orxan İsayev: “Təəssüf ki, Dövlət İmtahan Mərkəzinin (DİM) bir çox qərarları gecikmiş olur”

...

Abituriyentlər üçün həyatlarının ən həlledici dövrlərindən biri ali məktəbə ixtisas seçimi prosesidir. Lakin bu mərhələdə verilən qərarlar bəzən səhv yönəldilə, sonradan gənclərin peşəkar və şəxsi həyatlarına mənfi təsir edə bilər. Bəs ən çox yol verilən səhvlər hansılardır və bu səhvlərdən necə yayınmaq olar? Bu suallara cavab tapmaq üçün təhsil eksperti Orxan İsayevlə söhbətləşdik:

- Abituriyentlər ixtisas seçimi zamanı ən çox hansı səhvləri edirlər?

- İxtisas seçimi təkcə abituriyentin şəxsi taleyini deyil, həm də ölkənin gələcək inkişafını müəyyən edən mühüm bir mərhələdir. Dünya təcrübəsində bir çox ölkələrdə gənclərin ixtisas seçimi zamanı genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir və əmək bazarının ehtiyaclarına uyğun ixtisaslara yönləndirmə prosesi aparılır. Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanda bu proses bir sıra təhsil müəssisələrində və Dövlət İmtahan Mərkəzi tərəfindən hələ də ləng həyata keçirilir.Abituriyentlərin əksəriyyəti ixtisaslar barədə kifayət qədər dolğun məlumata malik olmadıqlarından seçimlərini düşünülmədən, təsadüfi şəkildə edirlər. Bəzən abituriyentlər yalnız daha çox tələbə oxuduğu ixtisaslara meyl edir və əmək bazarındakı real tələbatı nəzərə almırlar. 2011-ci ildə DİM tərəfindən əmək bazarına uyğun ixtisaslar barədə məlumat verən xüsusi jurnal buraxılmışdı. Lakin bu təşəbbüs uzunmüddətli olmadı və zamanla gənclər ixtisas seçimi sahəsində yanlış və qeyri-dəqiq məlumatlara daha çox inanmağa başladılar. Bu səbəbdən məktəblərdə abituriyentlər üçün düzgün maarifləndirmə işi təşkil olunmalı, onlara həm əmək bazarının tələbləri, həm də şəxsi maraq və potensiallarını necə qiymətləndirəcəkləri barədə məlumat verilməlidir. Xarici təcrübəyə nəzər salsaq, bir çox ölkələrdə artıq 6-7-ci siniflərdə şagirdlərin maraqları və qabiliyyətləri müəyyən edilir və gələcəkdə hansı sahələrdə uğur qazana biləcəkləri istiqamətləndirilir. Azərbaycanda isə bu funksiyanı məktəb psixoloqları yerinə yetirməlidir. Lakin təəssüf ki, ölkəmizdə məktəb psixoloqları abituriyentlərin karyera istiqamətləndirilməsi ilə kifayət qədər  məşğul olmurlar. Halbuki şagirdlər vaxtında öz maraq və potensiallarını düzgün qiymətləndirsələr, gələcəkdə daha uğurlu və məmnun karyera sahiblərinə çevrilə bilərlər.

 - İxtisas seçimi zamanı yalnız qəbul balını əsas götürmək doğrudurmu?

- İxtisas seçimi zamanı yalnız qəbul balına əsaslanmaq ciddi bir yanlış yanaşmadır. Təəssüf ki, bir çox abituriyentlər ixtisas seçimində əsas meyar kimi ötən ilin keçid ballarını götürür və seçimlərini buna uyğun qururlar. Halbuki keçid balları hər il dəyişə bilər və bu dəyişiklik bir sıra amillərlə, yəni sahəyə olan marağın artması və ya azalması, dövlət sifarişi ilə ayrılan yerlərin sayı, əmək bazarının tələbləri və digər faktorlarla bağlıdır.

Son illərdə gənclər ixtisaslar barədə daha çox araşdırmalar aparmağa başlasalar da, yenə də bir çoxları yalnız bal meyarına əsaslanaraq seçim edirlər. Əmək bazarında yüksək tələbat olan sahələrdə bəzən ballar aşağı düşə bilir. Ancaq bu həmin ixtisasların əhəmiyyətinin azaldığını göstərmir. Əksinə, dövlət tərəfindən bu sahələrə dəstək artırılır, dövlət sifarişli yerlərin sayı çoxaldılır. Təəssüf ki, abituriyentlər bu nüansları nəzərə almayaraq aşağı ballı ixtisasları dəyərsiz hesab edirlər.Məsələn, bir müddət əvvəl informasiya texnologiyaları (İT) sahəsinə maraq çox yüksək idi, çünki dünyada bu sahəyə böyük ehtiyac duyulurdu. Bu maraq nəticəsində bir çox gənclər İT ixtisaslarını seçdi. Lakin zamanla İT sahəsində də müəyyən çətinliklər, işə qəbulda rəqabətin artması və sahə üzrə keyfiyyət tələb edən şərtlər ortaya çıxdı. Hazırda isə informasiya texnologiyaları ilə yanaşı, kibertəhlükəsizlik sahəsinə olan maraq da sürətlə artır. Bu səbəbdən, gənclər yalnız qəbul balına deyil, həmçinin seçəcəkləri sahənin gələcək perspektivlərinə, əmək bazarındakı yerinə, şəxsi maraq və bacarıqlarına da diqqət yetirməlidirlər. Doğru ixtisas seçimi yalnız bu meyarların balanslı şəkildə qiymətləndirilməsi ilə mümkündür.

- Təkrar ixtisas dəyişmələri və ikinci təhsil alma halları sizcə niyə artır?

- Son illərdə təkrar ixtisas dəyişmələri və ikinci təhsil alma hallarının artması, əsasən, abituriyentlərin vaxtında öz şəxsi maraq və potensiallarını düzgün qiymətləndirməmələrindən qaynaqlanır. Gənclərin bir qismi real istəklərini və bacarıqlarını nəzərə almadan, sadəcə cəmiyyət və ya ailə təzyiqi ilə yüksək reytinqli ixtisaslara yönəlirlər. Bu isə, nəticədə, onları sevmədikləri sahələrdə oxumağa və daha sonra həmin ixtisası dəyişmək məcburiyyətində qalmağa aparır. Xüsusilə yüksək bal toplayan abituriyentlər arasında bu hal daha çox müşahidə olunur. Yüksək nəticə əldə edən gənclərə bəzən ailələri tərəfindən “prestijli” hesab edilən sahələr seçdirilir. Halbuki onların öz maraqları tamamilə başqa istiqamətdə ola bilər. Məsələn, 647 bal toplayan bir abituriyentimiz öz marağı üzrə coğrafiya tədqiqatçısı olmaq istəyirdi. Lakin ailəsinin təzyiqi ilə başqa bir sahəyə yönləndirildi və nəticədə, hazırda nə seçdiyi sahədə, nə də başqa bir sahədə fəaliyyət göstərə bilir. Bu cür hallar yalnız fərdi problemlərlə məhdudlaşmır, həm də ölkənin gələcək inkişafına təsir edir. Unutmaq olmaz ki, hər bir ölkənin ehtiyac duyduğu kadr profilləri var. Məsələn, Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi nəzərə alsaq, vulkanik bölgələrin tədqiqi və bu sahədə mütəxəssislərin yetişdirilməsi olduqca vacibdir. Amma doğru istiqamətləndirilməyən gənclər bu cür strateji sahələrdə boşluq yaradırlar. Beləliklə, gənclərin ilk təhsil seçimində şəxsi maraqlarını, qabiliyyətlərini və əmək bazarının real tələblərini nəzərə almaları son dərəcə vacibdir. Əks halda, təkrar ixtisas dəyişmələri, zaman və resurs itkisi qaçılmaz olur.

- Azərbaycanda abituriyentlərin ixtisas seçiminə təsir edən əsas sosial amillər hansılardır?

- Azərbaycanda abituriyentlərin ixtisas seçiminə təsir edən bir çox sosial amillər mövcuddur. Son illərdə sosial şəbəkələrin təsiri bu sahədə xüsusilə nəzərə çarpır. Sosial mediada müxtəlif təhsil ekspertləri, bloqerlər və fərdi şəxslər abituriyentlərə ixtisas seçimi ilə bağlı müxtəlif məsləhətlər verir. Lakin qeyd etmək lazımdır ki, abituriyentlər bu cür qeyri-rəsmi mənbələrdən gələn informasiyalara ehtiyatla yanaşmalıdırlar. Rəsmi qurumlar tərəfindən təsdiqlənməyən məlumatlara əsaslanmaq gələcəkdə yanlış qərarlara səbəb ola bilər.

Ötən il belə bir layihə yaranmışdı ki, süni intellektin köməyi ilə ödəniş qarşılığında abituriyentlərə ixtisas seçimi məsləhətləri təqdim edilsin. Lakin bu cür qeyri-rəsmi vasitələrə güvənmək təhlükəlidir, çünki hər bir abituriyentin şəxsi xüsusiyyətləri və maraqları nəzərə alınmadan verilən tövsiyələr onların gələcəkdə peşəkar həyatlarında problemlər yarada bilər. Digər bir vacib məqam isə universitet seçimi prosesidir. Abituriyentlər bəzən təhsil almaq istədikləri universitetlər haqda informasiyanı rəsmi nümayəndələrdən deyil, həmin universitetlərdə təhsil alan tələbələrdən öyrənməlidirlər. Çünki təhsil müəssisələrinin rəsmi nümayəndələri təbii olaraq, öz universitetlərini daha üstün göstərməyə çalışırlar. Halbuki tələbələrin verdiyi real təcrübə əsasında formalaşan məlumatlar daha obyektiv və faydalı olur.

Azərbaycanda abituriyentlərin ixtisas seçimi zamanı sosial şəbəkələrdə yayılan informasiyalar, süni məsləhət platformaları və universitetlərin təqdim etdiyi rəsmi, bəzən isə birtərəfli informasiyalar əsas sosial amillər kimi çıxış edir. Gənclər düzgün seçim etmək üçün yalnız rəsmi mənbələrə istinad etməli, həm də şəxsi araşdırma apararaq real təcrübələri öyrənməyə çalışmalıdırlar.

- Təhsil alacağı universitetin nüfuzu abituriyent üçün önəm daşıyırmı?

- Əlbəttə, universitetin nüfuzu abituriyent üçün böyük önəm daşıyır. Xüsusilə də həmin universitet beynəlxalq səviyyədə tanınan sertifikatlar verən digər nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlıq edirsə, bu tələbənin gələcək karyerası üçün ciddi bir üstünlük yaradır. Bu gün bir çox gəncimiz, hətta tam ali təhsil almadan, yalnız beynəlxalq sertifikata sahib olduqları üçün Azərbaycanın nüfuzlu şirkətlərində və beynəlxalq korporasiyalarda iş tapa bilirlər. Bu da göstərir ki, artıq beynəlxalq sertifikatlar bir çox hallarda universitet diplomlarını belə üstələyir. Üstəlik, bu tendensiya yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.

Buna görə də abituriyentlər universitet seçərkən təkcə o universitetin yerli bazarda nüfuzuna deyil, həm də onun verdiyi təhsilin beynəlxalq səviyyədə tanınıb-tanınmadığına diqqət yetirməlidirlər. Seçdikləri universitetdə beynəlxalq akkreditasiya proqramları, xarici universitetlərlə əməkdaşlıq imkanları və tələbələrə təqdim edilən beynəlxalq sertifikatlar mövcuddursa, bu onların gələcəkdə həm yerli, həm də qlobal əmək bazarında daha rəqabətqabiliyyətli olmasına şərait yaradacaq. Həmçinin gənclər universitet seçimi zamanı yalnız ad-sanla kifayətlənməməli, təhsilin keyfiyyəti, beynəlxalq əlaqələri və tələbəyə təqdim etdiyi əlavə imkanlar barədə də geniş araşdırma aparmalıdırlar.

 - Uğurlu bir karyera üçün yalnız doğru ixtisas seçmək kifayət edirmi?

- Xeyr, təkcə doğru ixtisas seçmək uğurlu bir karyera üçün kifayət deyil. Bizim ölkə ilə təhsildə inkişaf etmiş ölkələr arasında bu sahədə ciddi fərqlər var. Məsələn, dünya reytinqində yüksək yerlərdə qərarlaşan universitetlərə qəbul olmaq bəzi hallarda çox çətin olmasa da, həmin universitetlərdə təhsil almaq olduqca çətindir. Azərbaycanda isə bunun əksi müşahidə olunur, qəbul mərhələsi çox zəhmət tələb edir, amma, təəssüf ki, tələbələr universitetə daxil olduqdan sonra sanki məqsədlərini tamamlamış kimi davranır və təhsilə eyni ciddiyyətlə yanaşmırlar. Bu yanaşma kökündən dəyişməlidir. Gənclər bilməlidirlər ki, ixtisas seçimi bir başlanğıcdır, əsas iş isə ondan sonra başlayır. İxtisas seçib universitetə qəbul olmaqla iş bitmir, əksinə, tələbə həmin sahədə daha dərindən biliklər əldə etməyə, bacarıqlarını inkişaf etdirməyə və gələcək karyerası üçün zəmin yaratmağa çalışmalıdır. Universitet, sadəcə, 4 il tələbə həyatı yaşamaq yeri deyil, gələcəkdə peşəkar kimi özünü təsdiqləmək üçün bir fürsət məkanıdır. Bu səbəbdən də abituriyentlər seçim edərkən yalnız ixtisas və universitet deyil, eyni zamanda gələcəkdə həmin sahədə necə inkişaf edə biləcəklərini, hansı bacarıqları əldə etməli olduqlarını da nəzərə almalıdırlar.

- Son olaraq,ölkədə qrup imtahanına az qalmış belə bir qərar çıxardılar ki,birinci qrupda üst qrupa verən alt qrupa verə bilməz, lakin elə abituriyentlər var idi ki, hər ikisinə hazırlaşırdı,bəs bu qərar nə dərəcədə doğrudur?

- Bildiyimiz kimi, birinci imtahan Türkiyənin dəstəyi ilə keçirildi və bu gün biz imtahanların təşkili, texnoloji tərəfi baxımından onlardan daha öndəyik. Lakin təəssüf ki, Dövlət İmtahan Mərkəzinin (DİM) bir çox  qərarları gecikmiş olur və bu da abituriyentlər üçün ciddi çətinliklər yaradır. Məsələn, 2015-ci ildə 4-cü və 5-ci qrupların bir yerdə olduğu barədə qərar verildi, amma qərar verilərkən artıq 2 il idi ki, abituriyentlər 4-cü qrupa da hazırlaşırdılar. Buminlərlə abituriyentin həyatına təsir etdi, çünki onlar artıq öz hazırlıqlarını müəyyən bir istiqamətdə aparmışdılar və belə bir ani qərar onların planlarını pozdu.Elə bu qərar da son günlər aktivləşdi və bu dəfə də abituriyentlər üçün çətinlik yaratdı.. Bu tip qərarlar əvvəlcədən planlaşdırılmalı, məlumatlar daha tez verilməlidir. İnformasiya vaxtında təqdim edilmədikdə, nəticədə abituriyentlər ciddi mənada çaşqınlıq yaşayırlar.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 14.06.2025 18:03