NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

TKT imtahanına qeydiyyat elan edilir

...

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 14-də Gəncə şəhərində TKT (Teaching Knowledge Test) imtahanı keçirəcək. İmtahan DİM-in Gəncə Regional Bölməsində təşkil olunacaq.

DİM-dən bildirilib ki, imtahan qeydiyyat sentyabrın 29-dək aparılır.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının 1, 2, 3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.

Qeyd edək ki, DİM Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

İmtahana qeydiyyat link vasitəsilə həyata keçirilir. Əlavə məlumat almaq üçün international@dim.gov.az ünvanı ilə əlaqə saxlamaq mümkündür.

İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini (international@dim.gov.az ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.

Nəşr edilib : 10.09.2026 10:31