NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Türk xalqları birliyinin memarı – İlham Əliyev

...

Türk xalqlarının inteqrasiyasında Prezident İlham Əliyev xüsusi rol oynayır

Tarixin tozlu səhifələrini vərəqlədikcə, türkün şanlı tarixinə şahidlik etdikcə dünyaya səs salan türk fatehlərinin döyüş meydanında şahə qalxan atlarının kişnərtisi, qılınclarının səsi hələ də eşidilir. Tarixin axışını, zamanın sükutunu dəyişən, Şərqdən Qərbə öz igidliyi ilə səs salan, qəhrəmanlığı ilə dünyanı lərzəyə gətirən sərkərdə-xaqanlarımızın adı yüz illərdir, dillərdə dolaşır. Şah İsmayılın, Atabəy Eldəgizin, Qızıl Arslanın, Pənahəli xanın tarixə yazılan igidlikləri, Vətən sevgisi və torpaq məhəbbəti qəlbimizə möhür vurub, əsrlərdir, damarımızda axan qanda dolaşır. Dünya öz oxu ətrafında fırlandıqca tarix təkrarlanır. Tanrı bu xalqa yeni fatehlər bəxş edir. Müasir tariximizin Müzəffər Sərkərdəsi, Qarabağ fatehi İlham Əliyev də gələcək nəsillərin və bu günün qəhrəmanıdır. Vətən savaşının Müzəffər Sərkərdəsinin siyasi təfəkkürü, sərkərdəlik məharəti, sülhə çağrışı bu xalqı bütün dünyada qürurlandırır. O həm də Türk dünyasının inteqrasiyasında və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsində mühüm tarixi rol oynayan liderlərdən biridir. Dövlətimizin başçısı ölkəmizin tərəqqisini, inkişafını, gələcəyini həm də türk dövlətlərinin birliyində görür. Dünyadakı beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa da çox böyük önəm verir.

Dünyada sürətlə dəyişən tarixi və siyasi proseslər türk xalqlarının, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasını, türk dövlətlərinin bir təşkilat ətrafında birləşməsini zəruri etdi. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşü keçirildi. Dövlət başçısının 2003-cü ildən bu yana Türk dünyası ilə bağlı atdığı davamlı addımlar isə göstərir ki, türk xalqlarının inteqrasiyasında Azərbaycan rəhbəri xüsusi rol oynayır. Məhz bütün bunların nəticəsidir ki, dövlət başçısı 22 dekabr 2016-cı ildə Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) tərəfindən Türkdilli ölkələrin həmrəyliyinin gücləndirilməsindəki xidmətlərinə görə “TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalı ilə də təltif edilib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətləri birliyinə və ərazi bütövlüyünün bərpasına verdiyi mühüm töhfələrə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir. Bu yüksək mükafat ona 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə təqdim olunub. Dövlət başçısına Qırğızıstanın ali mükafatı 1-ci dərəcəli “Manas” ordeni 2026-cı ilin iyul ayının 31-də, 23 avqustda isə Özbəkistan Respublikasının “Ali Dostluq Dərəcəsi” ordeni təqdim edilib.

Azərbaycanın Türk dünyasındakı rolu daha da güclənir

Vətən müharibəsinin qələbə ilə bitməsi, sonrakı hərbi əməliyyatlarda qazanılan uğurlar Azərbaycanın Türk dünyasındakı rolunu daha da gücləndirdi. Vətən müharibəsində qazanılan zəfərdən sonra Orta Asiya türk dövlətlərinin liderləri müxtəlif vaxtlarda Qarabağa səfərlər etməklə bərabər, bölgənin yenidən qurulmasına öz qardaşlıq töhfələrini də verirlər. Bunun ən böyük səbəbi isə Prezident İlham Əliyevin yürütdüyü siyasətdir. Türkdilli dövlət başçılarının Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərləri qardaşlıq və həmrəylik nümayiş etdirdi. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan liderlərinin Qarabağa səfərləri çərçivəsində müxtəlif layihələr reallaşıb. 2024-cü il iyulun 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü keçirilib və Qarabağ Bəyannaməsi imzalanıb. Dövlətimizin başçısı Zirvə Görüşündə deyib: “Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Fürsətdən istifadə edərək qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm”.

Zəngəzur dəhlizi Türk dünyasının birliyinə xidmət edəcək

44 günlük haqq mübarizəmizdə qazandığımız zəfər həm də bölgədə yeni imkanlar yaratdı. Bunlardan biri türkdilli ölkələr arasında yaranan nəqliyyat əlaqələridir. İlham Əliyevin Türk dünyasının birliyi və nüfuzu ilə bağlı fəaliyyətində yeni səhifə isə Azərbaycanın ötən il avqustun 8-də Vaşinqtonda nail olduğu razılaşma ilə açıldı. Cənubi Qafqazda yeni beynəlxalq hüquqi reallıqlara nail olundu və Zəngəzur dəhlizi layihəsinin tezliklə gerçəkləşməsi üçün imkanlar yarandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki müharibədə qalib gəldi, həm də sülh prosesində siyasi və mənəvi üstünlüyünü qoruyub saxladı. Vaşinqtonda imzalanan bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiq olundu. Bəyannaməyə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılması ilə bağlı bəndin salınması Azərbaycanın tranzit suverenliyinin tanınması, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə qazandığı etimadın canlı sübutu deməkdir. Dövlət başçısı bu nəqliyyat dəhlizinin əhəmiyyətini belə qeyd etmişdir: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.

Bu gün Prezident İlham Əliyev Ulu Öndərin yolunu qətiyyətlə davam etdirərək qlobal reallıqları ustalıqla nəzərə alaraq ölkəmizi yeni-yeni zirvələrə daşıyır. O öz siyasi gücü ilə Zəngəzurdan sülh yolu ilə keçib bütün Türk dünyasını bir-birinə birləşdirən körpünün yaradılmasına nail olub, adını isə tarixə Türk xalqları birliyinin memarı kimi həkk edəcək.    

         Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 10.09.2026 12:30