Din xadimlərinin Naxçıvana səfəri müsəlmanlararası...
13:48 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
İyulun 29-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev–Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Naxçıvan şəhər ziyalılarının da iştirakı ilə tədbir keçirilib.
Heydər Əliyev Muzeyində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Giriş sözü ilə Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumatlar verib. Muzeyin direktoru qeyd edib k, Ümummilli Lider Heydər Əliyev Konstitusiya yaradıcılarını bir araya gətirərək yeni dövrün çağırışlarına cavab verən, xalqın iradəsini əks etdirən, müasir, demokratik və milli dəyərlərə söykənən bir Konstitusiyanın hazırlanmasına şərait yaradıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək bildirib ki, Konstitusiya təkcə hüquqi sənəd deyil, həm də bir ideya daşıyıcısıdır. O, xalqın necə yaşamaq istədiyini, hansı dəyərlərə inanıb onları qorumağa hazır olduğunu bəyan edən ideoloji və hüquqi manifestdir. Bu baxımdan Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiya müstəqillik ideyasını hüquqi statusa daşıdı, xalqın iradəsini dövlət sisteminə çevirdi və Azərbaycanın gələcək inkişaf xəritəsini müəyyən etdi.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar – hüquq sisteminin modernləşdirilməsi, sosial rifahın yüksəldilməsi, rəqəmsal dövlət, iqtisadi islahatlar və beynəlxalq hüquqi münasibətlər – hamısı məhz 1995-ci il Konstitusiyasının hüquqi bazası üzərində inşa olunmuşdur.
Həmçinin Gülxanım Orucova vurğuladı ki, Konstitusiyanın müəllifi Ümummilli Lider Heydər Əliyev deyirdi: “Biz elə bir dövlət qurmalıyıq ki, bu dövlətin əsasında qanunlar və ədalət dursun. İnsan özünü bu dövlətdə azad, təhlükəsiz və ləyaqətli hiss etsin".
Bu sözlər bu gün də öz aktuallığını qoruyur və biz – Azərbaycan xalqı – məhz belə bir dövlətin və Konstitusiyanın varisləri olmaqdan qürur duyuruq.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin təkcə Azərbaycanın siyasi lideri deyil, onun hüquqi təməlini, dövlətçiliyin ideoloji dayaqlarını yaradan bir memar olduğunu qeyd etdi. O, Azərbaycanın yalnız bu günü deyil, gələcəyini də düşünərək bu gün Azərbaycan xalqının yaşadığı sabitliyin və inkişafın bünövrəsini qoyduğunu bildirdi.
Tədbirin sonunda Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, burada Ümummilli Liderin həyatı və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərinə dair nümayiş olunan materialların, tarixi sənədlərin, nadir fotoların, Ulu Öndərə məxsus şəxsi əşyaların ziyarətçilər, tədqiqatçılar tərəfindən böyük maraqla qarşılandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sahə və inzibati ərazi dairəsi üzrə nümayəndələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Digər xəbərlər