Azərbaycan qadını zərafət və sədaqət mücəssəməsi...
00:00 08.03.2026
0
0
1
NAXÇIVAN :
08 Mart 2026, Bazar
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: regional sülh, qlobal həmrəylik
Azərbaycan dövlətinin apardığı çoxvektorlu xarici siyasət doktrinası və məharətli diplomatiya, o cümlədən də regionun geosiyasi, geoiqtisadi mənzərəsini dəyişdirə biləcək siyasi iradə, qətiyyət dünyanın “Super gücü” ABŞ ilə əməkdaşlıqda yeni mərhələnin əsasını yaradıb. Ağ Evin yeni rəhbərliyinin son birillik hakimiyyəti dönəmi dövlət başçımızın ötən ilin mart ayında səsləndirdiyi “Biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq” fikirlərinin real nəticəsini ortaya qoymaqdadır. İkitərəfli münasibətlərin zirvəsi kimi isə, heç şübhəsiz ötən il avqustun 8-də keçirilən Vaşinqton görüşünü xarakterizə etmək olar...
Ümumilikdə, Azərbaycan-ABŞ münasibətlərini həm tarixi, həm də müasir çağırışlar, yeni dünya nizamının formalaşdırılması baxımından təhlil etmək olar. Bu xüsusda onu diqqətə çəkə bilərik ki, Azərbaycanla ABŞ arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulub. Respublikamızın ABŞ-dəki Səfirliyi 1992-ci ilin martında, ABŞ-nin ölkəmizdəki Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılıb. İkitərəfli münasibətlərin inkişafı isə təbii olaraq Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mümkün olub. Bu mənada, ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Ulu Öndər Heydər Əliyevin 1997-ci il iyulun 27-dən avqustun 7-dək bu ölkəyə səfəri ABŞ-Azərbaycan münasibətlərinin həmin dövrdə zirvəsi hesab edilir. Səfər ikitərəfli əlaqələri, regional vəziyyəti, qarşılıqlı maraqdoğuran beynəlxalq münasibətləri, iki ölkə arasında energetika sahəsində nəticələr verən əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün böyük imkan yaradıb. Ağ Evdə, Dövlət Departamentində və digər təşkilatlarda ən yüksək səviyyələrdə keçirilən görüşlərdə və aparılan çoxsaylı danışıqlarda ABŞ dövlət strukturlarının və iş adamlarının Azərbaycana maraqlarının artması bir daha təsdiq olunub.
1997-ci il avqustun 1-də Ulu Öndər Heydər Əliyevin ABŞ-yə rəsmi səfəri çərçivəsində ən əsas görüş ABŞ Prezidenti Bill Klintonla olub. Bu görüşün nəticəsi olaraq vacib rəsmi sənədlərin imzalanması ilə ölkələrimiz arasındakı münasibətlər yeni, əsl partnyorluq səviyyəsinə yüksələrək müstəqil Azərbaycanın tarixinə mühüm siyasi hadisə kimi düşüb. Azərbaycan və ABŞ liderlərinin təkbətək görüşü zamanı Bill Klinton dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda gördüyü işləri, apardığı siyasəti, olduqca çətin şəraitdə ölkədə sabitlik və əmin-amanlıq yaranmasına nail olmasını yüksək qiymətləndirib. Avqustun 1-də Ağ Evin Ruzvelt otağında ABŞ-Azərbaycan münasibətləri haqqında Birgə bəyanatın və Sərmayə qoyuluşunun qarşılıqlı qorunması və qarşılıqlı təşviq edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və ABŞ Hökuməti arasında müqavilənin imzalanması mərasimi olub. Bütün bu prosesləri və hazırkı dönəmi analiz edəndə Azərbaycan-ABŞ münasibətlərini siyasi irsə sədaqət və tarixi ənənələrin bərpası kimi də qiymətləndirmək olar.
Ölkələri yaxınlaşdıran ən mühüm məqamlardan biri liderlərin şəxsi keyfiyyətləri və öz ölkələrinin maraqlarını üstün tutmasıdır. Başqa sözlə, Trampın atdığı bütün addımlarda “Öncə ABŞ”, Prezident İlham Əliyevin isə “Öncə Azərbaycan” prinsipi ikitərəfli əlaqələrin dərinləşməsində əsas körpü rolunu oynayır. Eyni zamanda hər iki liderin beynəlxalq tribunalardan dünyaya sülh, əməkdaşlıq mesajı ünvanlaması və bu bəyanatların praktiki nəticələr verməsi birgə fəaliyyətə təşviq edən, maraqları kəsişdirən vacib amillərdəndir. Bu baxımdan, təsadüfi deyildir ki, Donald Tramp hakimiyyətə gəldikdən cəmi bir neçə ay sonra Cənubi Qafqazda sülh təşəbbüsləri intensivləşməyə, Azərbaycanın müəllifi olduğu sülh gündəliyi dəstəklənməyə başladı. Nəticə etibarilə, ötən il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş çərçivəsində Azərbaycan-Ermənistan sülh sazişi paraflandı, həmçinin Zəngəzur dəhlizinin rellaşdırılması istiqamətində əhəmiyyətli razılıqlar əldə olundu. Bu tarixi görüş həm də uzun illər soyuqlaşmaqda olan ABŞ-Azərbaycan münasibətlərindəki buzları da əritdi. Donald Trampın şəxsən Azərbaycan liderinin iştirakı ilə 907-ci düzəlişi ləğv etməsi əməkdaşlıq üçün mövcud əngəlləri aradan qaldırdı. Ardınca imzalanan Anlaşma Memorandumu ilə liderlər strateji tərəfdaşlıq yoluna qədəm qoyduqlarını açıq bəyan etmiş oldular. Beləliklə, 907-ci düzəlişin ləğvi və Anlaşma Memorandumu əsasında hazırlanacaq Strateji Tərəfdaşlıq Xartiyası ilə ABŞ-nin respublikamızla əvvəllər mövcud olan antiəməkdaşlıq səddi tamamilə aradan götürülərək qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə, tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə mübarizəyə dair yeni iqtisadi münasibətlər sistemi yaranmasına geniş imkanlar açıldı. Ağ Evdə əldə olunan və Azərbaycan diplomatiyasının tarixi nailiyyəti hesab edilən razılaşmalardan biri, bəlkə də, elə birincisi Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər ərazisini birləşdirəcək kommunikasiyaların açılmasını nəzərdə tutur. Beləliklə, Vaşinqton görüşündə Ermənistan öz ərazisindən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəyini təsdiqləməklə, əslində, elə Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi mütləq açılmalıdır, Azərbaycandan Azərbaycana maneəsiz keçid təmin olunmalıdır” ideyasını da təsdiqlədi.
Azərbaycanla ABŞ arasında münasibətlərin daha da dərinləşəcəyi Vaşinqton görüşündən sonrakı proseslərdə, o cümlədən liderlərin görüşlər, sosial şəbəkələr, məktublar vasitəsilə bir-birinin ünvanına səsləndirdikləri səmimi yüksək fikir, diqqət və ehtiramda özünü göstərir. Ötən il dekabrın 19-da isə hökumətlərin nümayəndələri Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclasını keçirərək gələcək əməkdaşlığın müəyyənləşdirilməsi məsələlərini müzakirə ediblər ki, bu da tərəflərin əlaqələri gücləndirməkdə istəkli olduğunu təsdiqləyir. Nəhayət, bu il yanvarın 19-23-də baş tutan Davos Dünya İqtisadi Forumu da Azərbaycan-ABŞ münasibətlərinin müsbət istiqamətdə irəlilədiyini göstərən növbəti faktlarla yadda qaldı. Bu xüsusda forumda yaşanan ən mühüm tarixi hadisələrdən biri, sözsüz ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisi üçün “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimi oldu. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümünə çevrildi. Eyni zamanda forum çərçivəsində Prezident İlham Əliyevlə Donald Tramp arasında görüş də keçirildi ki, bu hazırkı dönəmdə iki ölkə münasibətlərinin gedişatının müzakirəsi, gələcək birgə fəaliyyət və xüsusilə də Cənubi Qafqazda mövcud sülh şəraiti, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi baxımından vacib əhəmiyyət daşıdı. Bu görüş və sülh şurasına üzvlük bir daha göstərdi ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyır. Yəni ikitərəfli münasibətlərin məqsədi təkcə Cənubi Qafqazda sülhü, əməkdaşlığı təşviq etməklə məhdudlaşmır, həm də qlobal sülhə, həmrəyliyə xidmət edir. Son baş verən siyasi hadisələr belə deməyə əsas verir ki, Azərbaycan ABŞ üçün təkcə enerji tərəfdaşı deyil, həm də birgə qlobal sülhün əsas memarlarından birinə çevrilməkdədir.
Əminliklə demək olar ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı yaxın gələcəkdə özünü bütün sahələrdə ikitərəfli faydalı əməkdaşlığın gücləndirilməsində göstərəcək. Bu eyni zamanda həm Cənubi Qafqaz, həm də beynəlxalq müstəvidə çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasına da töhfə verə bilər. Nəzərə alsaq ki, ABŞ şirkətləri innovasiya və texnologiya sahələrində dünyada liderdirlər, o zaman Zəngəzur dəhlizinin açılmasından sonra ölkəmizdə həmin istiqamətlərə yeni sərmayələrin axınını da müşahidə edə bilərik. Bütün bu proseslərin baş verəcəyinə əminlik yaradan ən vacib amil odur ki, hər iki lider güclü siyasi iradəyə malikdir və münasibətlərin hərtərəfli şəkildə dərinləşməsində maraqlıdırlar.
Nail ƏSGƏROV
Digər xəbərlər