Misirdə Azərbaycan dili tədris olunan məktəbə komp...
18:27 10.05.2026
0
0
0
NAXÇIVAN :
10 May 2026, Bazar
“Mən burada böyük bir nitq söyləmək niyyətində deyiləm. Yalnız bir neçə kəlmə mütləq deməliyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Azərbaycan Respublikası Ali Sovetinin iclası, 15 iyun 1993-cü il
Bəşər tarixi dəfərlərlə sübut edib ki, xalqların müqəddəratı və dövlətlərin inkişaf yolu bir çox hallarda müstəsna milli iradəyə və dərin dövlətçilik təfəkkürünə malik olan şəxsiyyətlərin fəaliyyəti ilə bağlıdır. Bu baxımdan, elə həlledici və mürəkkəb tarixi məqamlar yetişir ki, xalqın taleyi və dövlətçiliyin xilası belə fenomenal şəxsiyyətlərin taleyi ilə bir yazılır, başqa sözlə, tarix səhnəsində həlledici zərurətə, taleyüklü bir missiyaya çevrilir. Onlar tarixin fövqündə dayanır, zamanın sərhədlərini aşır, xalqı və dövləti ilə birlikdə əbədiyyət zirvəsini fəth edirlər. Təsadüfi deyil ki, belə tarixi simaların həyat yolunu təhlil etdikdə, əslində, müstəqil dövlətçiliyin və milli intibahın şanlı tarixini təhlil etmiş, ona nəzər salmış oluruq. Çünki onlar öz həyatlarını bütövlükdə milli dövlətçilik maraqlarına həsr edən, xalqın ağrısını və arzusunu öz şüurunda birləşdirən və ən əsası zaman keçdikcə fərd olmaqdan çıxıb milli simvola və dəyişməz dövlətçilik etalonuna çevrilən dahi şəxsiyyət halına gəlirlər.
Azərbaycanın dövlətçilik salnaməsi bu tarixi həqiqətin parlaq nümunələrilə doludur. Amma bunlardan biri müstəsna fərqlə digərlərindən seçilir. Ona görə ki, biz onu xatırladıqda dövlətimizin və dövlətçiliyimizin ucalığını daha dərindən dərk edir, sahib olduğumuz zəngin milli və mədəni irsi, Azərbaycançılıq məfkurəsinin sarsılmaz qüdrətini və dövlət müstəqilliyimizin əbədi və dönməz xarakterini anlayırıq. Bu baxımdan, haqqında danışdığımız zəngin irs daxilində Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin dövlət və xalq qarşısındakı xidmətləri özünün möhtəşəmliyi və tarixi həllediciliyi ilə xüsusi bir zirvəni təşkil edir.
Müstəqillik naminə reallaşan ideyalar
XX əsrin sonlarından xalqımızın qarşılaşdığı geosiyasi sınaqlar, müstəqilliyin itirilmə təhlükəsi, iqtisadi tənəzzül və daxili çəkişmələr müstəqilliyini yenicə bərpa etmiş respublikamızı uçurumun astanasına gətirmişdi. Bir vaxtlar Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə bütün sahələrdə əldə edilmiş nailiyyətlərlə SSRİ məkanında ən yüksək göstəricilərə nail olmuş müttəfiq respublikalardan biri olan Azərbaycan antimilli qüvvələrin rəhbərliyi ilə iqtisadi və siyasi tənəzzül dövrünü yaşayırdı. Belə ki, vaxtilə Ulu Öndər tərəfindən atılmış milli-ideoloji təfəkkürün bazisini formalaşdıran strateji addımlar, milli-mədəni dəyərlərin təbliğinə olan diqqət, erməni millətçilərinin təxribatçı əməllərinin qarşısının alınması və digər misilsiz xidmətlər xalqa biganəlik və nifrət bəsləyən əliqanlı 20 Yanvar baiskarlarının çirkin əməllərilə məhvə tərk edilmişdi. Bunlarla yanaşı olaraq, 1991-1993-cü illərdə hakimiyyətə özlərini “demokratiya tərəfdarları” adlandıraraq gələn qüvvələrin səriştəsizliyi və yarıtmaz fəaliyyəti, hakimiyyət daxilindəki müxtəlif qruplaşmaların vəzifə uğrunda apardığı mübarizə dövlət institutlarını iflic vəziyyətinə salmış, siyasi ambisiyaların milli maraqlardan üstün tutulması və orduda yaranmış özbaşınalıq torpaqlarımızın işğal altına düşməsinə gətirib çıxarmışdı. Faktiki olaraq, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün bunlara rəğmən, xalqın sabaha inamının olmadığı keşməkeşli bir dövrdə tale həlledici zərurət kimi Heydər Əliyev dühasını yenidən tarix və siyasət meydanına çıxardı.
Xalqın təkidli tələbi ilə Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli qurtuluşun başlanğıcı olmaqla yanaşı, dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin formalaşmasına da zəmin yaratdı. Bu, sıradan bir qayıdış deyildi, bu qayıdış dövlətin dağılma təhlükəsindən sistemli şəkildə xilas edilməsi prosesinin başlanğıcı idi. Məhz həmin dövrdən etibarən ölkədə hökm sürən siyasi anarxiyanın qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi, qanunsuz silahlı birləşmələrin neytrallaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bununla paralel olaraq, dövlət hakimiyyətinin vahidliyi bərpa olundu, idarəetmə mexanizmlərində çeviklik və funksional nizam-intizam təmin edildi. Bir sözlə, uzun müddətdir, itirilmiş sabitlik cəmiyyətə qaytarıldı, dövlətə və gələcəyə olan inam tədricən bərpa olundu.
Bu mürəkkəb tarixi mərhələnin mahiyyətini açıq şəkildə ifadə edən Ulu Öndər 24 avqust 1993-cü ildə keçirdiyi ümumrespublika müşavirəsində ölkənin üzləşdiyi böhran vəziyyətini xarakterizə edərək yaranmış vəziyyətdən çıxış yolunun yalnız milli birlik və dövlətçilik şüurunun gücləndirilməsi ilə mümkün olduğunu vurğulayırdı: “Təxribatçılar, Azərbaycanın bu ağır günündən öz şəxsi mənafeləri üçün istifadə edənlər heç də düşünməsinlər ki, öz məqsədlərinə nail olacaqlar. Xeyr, belə olmayacaq. Mən dəfələrlə qeyd etmişəm və yenə təkrar edə bilərəm ki, Azərbaycan xalqı öz tarixində çox ağır dövrlər yaşamışdır. Lakin bütün sınaqlardan çıxaraq mənliyini, xəlqiliyini, azərbaycanlılığını itirməmişdir və heç vaxt da itirməyəcəkdir. Güman edirəm ki, qara günün ömrü az olacaq, xalqımız ağ günlərə çıxacaq. İnanıram ki, xalqımızda bu qüdrət, bu imkan, bu potensial var, sadəcə olaraq, hamımız birləşib bunlardan istifadə etməliyik, bunları hərəkətə gətirməliyik”.
Xüsusi qeyd etmək lazımdır ki, Ulu Öndər bu tarixi çıxışı ilə yalnız dövrün siyasi mənzərəsini qiymətləndirməklə kifayətlənmirdi, eyni zamanda dövlətin gələcək inkişaf strategiyasının ideoloji əsaslarını da müəyyənləşdirmişdi. Məhz bu yanaşma fonunda dahi şəxsiyyət aydın şəkildə bəyan edirdi ki, həqiqi müstəqillik güclü siyasi iradə, sistemli idarəçilik və milli həmrəyliyin real təminatı ilə qorunub saxlanıla bilər.
Bu strateji xəttin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi nəticəsində dövlət institutlarının möhkəmləndirilməsi prosesi yeni məzmun və keyfiyyət mərhələsinə qədəm qoydu. Ulu Öndər tərəfindən formalaşdırılan idarəçilik modeli həm də gələcək inkişafın institusional əsaslarının yaradılmasına yönəlmişdi. Dövlət aparatında funksional çevikliyin təmin edilməsi, icra intizamının gücləndirilməsi və idarəetmədə paralelliyin aradan qaldırılması bu mərhələnin əsas istiqamətlərindən biri kimi çıxış edirdi. Bu baxımdan, ən mühüm siyasi-hüquqi islahat hesab olunan müstəqil Azərbaycan Respublikasının ali qanunu – Konstitusiyanın qəbul olunması ölkəmizin bütün sahələrdə olduğu kimi, hüquqi müstəvidə də yeni bir mərhələyə qədər qoyduğunu sübut etdi. Konstitusiyanın qəbulunu ölkəmizin ictimai-siyasi həyatında ən mötəbər hadisələrdən biri hesab edən Ulu Öndər qətiyyətlə bəyan edirdi: “Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmək çox məsuliyyətli, eyni zamanda çox şərəfli bir vəzifədir. Xoşbəxt adamlarıq ki, bu vəzifə bizim üzərimizə düşübdür. Eyni zamanda məsuliyyətimizi də dərk etməliyik və düşünməliyik ki, biz tarix qarşısında, gələcək nəsillər qarşısında bu işimizə görə daim cavabdeh olacağıq”.
90-cı illərdən başlayaraq işğal faktoru ilə qarşı-qarşıya qalan bir dövlətin təhlükəsizliyinin təmin olunması Ulu Öndərin müəyyənləşdirdiyi dövlət siyasətinin ən əhəmiyyətli məsələsi idi. Dağınıq və nizamsız hərbi birləşmələrin vahid komandanlıq altında birləşdirilməsi, peşəkar hərbi kadrların hazırlanması və nizami ordunun formalaşdırılması dövlət suverenliyinin müdafiəsi baxımından həlledici addımlardan biri oldu. Bununla paralel olaraq, Qarabağ ətrafında danışıqların davam etdirilməsi və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həll edilməsinin təşviq edilməsi Ulu Öndəri hər zaman düşündürən, hər gün o amala bir addım da yaxınlaşmaq arzusu ilə yaşadan ümummilli məsələ idi. Hər şeyə rəğmən, Ulu Öndər bu münaqişəni istər sülh, istərsə də müharibə yolu ilə Azərbaycan xalqının xeyrinə həll olunması və tarixi ədalətin bərpasını mütləq zərurət hesab edirdi. Bu məqamda bir çıxışı xatırlamaq yerinə düşər. 27 dekabr 1993-cü ildə Azərbaycanın milli qəhrəmanları və Vətənimizin azadlığı uğrunda şəhid olanların ailə üzvləri ilə görüşdə çıxışı zamanı Ümummilli Lider deyirdi: “Mən sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib, Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa çalışırıq. Mən sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib, Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyik, Azərbaycanın müstəqilliyini, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edəcəyik, ölkəmizdə sülh və əmin-amanlıq şəraiti yaradacağıq. Bunun üçün hamımız daha sıx birləşməliyik, hamımız əl-ələ verməliyik, Azərbaycanın bu ağır günündə, ağır dövründə hamımız bir olmalıyıq”.
Məhz bu məqsədlə Heydər Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi əsaslarının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar makroiqtisadi sabitliyin təmin edilməsinə, bazar iqtisadiyyatına keçidin sistemli şəkildə reallaşdırılmasına və dövlət büdcəsinin, o cümlədən onun mühüm tərkib hissəsi kimi hərbi büdcənin artırılmasına yönəlmişdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişafına yaradılan şərait və investisiya mühitinin liberallaşdırılması iqtisadi dinamikanın əsas hərəkətverici qüvvəsinə çevrildi. Bu islahatların məntiqi nəticəsi və zirvəsi olaraq, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”,“Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 iri neft şirkəti arasında “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndərin hesablanmış və Azərbaycanın gələcək inkişafını təminat altına alan bu addımı ölkəyə xarici sərmayə axınını artırdı, yeni iqtisadi sektorlar formalaşdı və milli iqtisadiyyatın dayanıqlılığı gücləndirildi.
Ulu Öndər 24 yanvar 1995-ci il tarixdə Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi” üzrə Rəhbər Komitənin ilk iclasında bu müqavilənin Azərbaycanın gələcəyi üçün olan çəkisini xarakterizə edərək böyük əminliklə deyirdi: “Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, biz bu müqaviləni hazırlayarkən, onu imzalayarkən və mən bir Prezident kimi müqavilənin hüquqi qüvvə alması üçün qanunu imzalayarkən Azərbaycanın bu günü və gələcəyi haqqında düşünmüşük. Hamı da bilməlidir ki, biz bu arzularla, niyyətlərlə müqavilənin işə başlamasını istəyirik. Müqavilənin həyata keçirilməsi respublikamızın böhran vəziyyətində olan iqtisadiyyatında qarşıdakı illərdə böyük dəyişikliklər etmək üçün mühüm əhəmiyyət kəsb edir. Müqavilənin həyata keçirilməsi, eyni zamanda Azərbaycanın gələcək inkişaf perspektivi üçün çox əhəmiyyətlidir. Bu müqaviləni imzalayanda da biz Azərbaycanın gələcək nəsillərinin həyatı barədə düşünürdük. Müqavilənin həyata keçirilməsi üçün aparılan işlər Azərbaycan Respublikası neft sənayesinin başqa sahələrinə də təsir edəcəkdir”.
Bütün qeyd etdiklərimizin nəticəsi olaraq, ölkədə xalq-dövlət birliyi möhkəmləndi, dövlət-vətəndaş münasibətlərində etimad mühitinin yaradılması ardıcıl siyasətin əsas tərkib hissəsinə çevrildi, Azərbaycançılıq məfkurəsi dövlət ideologiyası səviyyəsinə yüksəldildi, ölkəmiz regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olundu və Azərbaycanda dövlətçilik milli birlik, hüquqi idarəçilik və dönməz müstəqillik üzərində qərarlaşdı.
Ulu Öndər dühasında həlledici faktor: LİDERLİK
Ulu Öndər dühasında həlledici faktor olan liderlik şəxsi nüfuzun sərhədlərini aşaraq milli dövlətçilik məktəbinə çevrilmiş bir keyfiyyət kimi çıxış edir. Onun ictimai-siyasi fəaliyyətinin bütün sahələrində ən qabarıq şəkildə önə çıxan xüsusiyyətlərindən biri kimi liderlik onun dərin siyasi təhlil, uzaqgörən strateji baxış, qətiyyətli iradə və milli maraqlara sarsılmaz sədaqət üzərində qurulmuş dövlətçilik konsepsiyasının əsasını təşkil edirdi. Məhz buna görə Ulu Öndər imzası olan hər bir layihə dövlətin uzunmüddətli mənafelərinə xidmət edən uğurlu layihələr kimi öz bəhrəsini verirdi.
Heydər Əliyevin siyasi dühasının mühüm cəhətlərindən biri liderlik anlayışını institusional məzmunda formalaşdırması idi. O, idarəçiliyi şəxslərin iradəsindən asılı sistem kimi deyil, güclü dövlət institutlarına söykənən sabit mexanizm kimi qururdu. Bu baxımdan, onun rəhbərliyi dövründə yaradılmış siyasi, hüquqi və iqtisadi əsaslar sonrakı inkişaf mərhələlərinin də etibarlı təməlini təşkil etdi. Heç təsadüfi deyil ki, Ulu Öndərin idarəçilik fəlsəfəsi qarşısında öz heyranlığını gizlədə bilməyən ABŞ prezidenti Bill Klinton demişdi: “Heydər Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir”. Ona görə ki, Ulu Öndərin siyasi simansında liderlik fərdi hakimiyyət vasitəsi deyildi, əksinə, Ulu Öndər liderliyi dövlətin davamlılığını təmin edən strateji idarəçilik və dövlətçilik məktəbi səviyyəsinə yüksəltmişdi.
Ulu Öndərin liderlik fəlsəfəsində milli maraqlar ali meyar kimi çıxış edirdi. Bu anlayış həm onun siyasi fəaliyyətində Azərbaycanın gələcək inkişaf perspektivlərinin kompası rolunu oynayır, həm də beynəlxalq miqyasda onun timsalında Azərbaycana qarşı olan münasibətin müsbət istiqamətdə inkişaf etməsinə gətirib çıxarırdı. Bu məqamda Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun Ulu Öndər haqqında dediyi fikirləri xatırlamaq yerinə düşər: “Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır”.
Dövlətin suverenliyinin qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artırılması və milli birliyin təmin olunması kimi fundamental məsələlər məhz bu baxış əsasında həllini tapırdı. Bununla yanaşı, Heydər Əliyev liderliyinin digər mühüm xüsusiyyəti milli kimlik və mənəvi dəyərlərlə üzvi bağlılığında özünü göstərirdi. O, xüsusilə gənc nəslin milli ruhda formalaşmasını dövlətçilik baxımından strateji məsələ hesab edir, xaricdə təhsil alan gənclərə Azərbaycançılıq ruhunu qorumağı tövsiyə edirdi. Təsadüfi deyil ki, Ulu Öndər Azərbaycançılıq məfkurəsini üstün tutaraq, güclü dövlətin bazisini ayaqda tutan əsas amilin onun iqtisadi və siyasi mövqeyindən çox, milli mənlik şüuru olması onun əməli fəaliyyətində öz əksini tapmışdı. Bu kontekstdə bir məqamı xatırlayaq. Dahi lider gəncləri xaricə təhsil almağa göndərərkən onlara tövsiyə verirdi: “Dilinizi, dininizi və azərbaycanlı olduğunuzu heç vaxt unutmayın. Unutmayın ki, siz müstəqil Azərbaycanın vətəndaşısınız və bununla fəxr edin”.
Bunlar, əslində, Ulu Öndərin hər bir azərbaycanlının əzbər bildiyi “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam!” sitatını vaxtilə təkcə şəxsi mövqedən deyil, bütöv bir milli ideologiyanın mənəvi düsturu olaraq dediyinə əsas verir. Çünki müdrik şəxsiyyət əminliklə bilirdi ki, onun bu çağırışı xalqda özünəinam hissini gücləndirəcək, vətənpərvərlik duyğularını dərinləşdirəcək və Azərbaycan vətəndaşı olmağın mənəvi qürurunu fəxarət rəmzinə çevirəcəkdi.
Heydər Əliyev siyasi xəttinin strateji uğuru: siyasi varislik
Ulu Öndər dövlətçilik tarixində əldə olunan nailiyyətlərin davamlı xarakter almasının, ilk növbədə, formalaşdırılmış siyasi kursun ardıcıllıqla qorunub saxlanılmasından və yeni çağırışlara uyğun şəkildə inkişaf etdirilməsindən asılı olduğunu bilirdi. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyev Azərbaycana siyasi sabitlik, iqtisadi potensial, sosial rifah və münbit mədəni həyat bəxş etməklə kifayətlənmədi, eyni zamanda dahi rəhbər Azərbaycan xalqı qarşısında növbəti böyük tarixi xidmətlərindən birini göstərərək ölkənin gələcək taleyini etibarlı əllərə tapşırdı. Siyasi varisliyin məhz cənab İlham Əliyevin simasında təmin edilməsi Azərbaycan dövlətçiliyi üçün təkcə strateji inkişaf kursunun qorunması deyil, həm də müstəqillik tarixinin ən parlaq və qüdrətli mərhələsinə keçidin əsasını qoydu. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ulu Öndər Heydər Əliyev xalqına etdiyi tarixi müraciətində əminliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Belə də oldu... Yeni dövrün reallıqlarını və qlobal çağırışları dərindən təhlil edən Prezident cənab İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi konseptual siyasəti zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirdi. Həyata keçirilən məqsədyönlü innovativ iqtisadi islahatlar, praqmatik xarici siyasət və milli maraqlara əsaslanan qətiyyətli idarəetmə dövlətin dayaqlarını möhkəmləndirdi. Enerji strategiyasının uğurla davam etdirilməsi, Azərbaycan qazının Avropaya nəqlinin reallaşdırılması, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və qeyri-neft sektorunun inkişafı bu siyasətin konkret nəticələrindəndir. Ötən 23 ildə varislik fəlsəfəsi sayəsində Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edərək regionun lider dövlətinə, beynəlxalq miqyasda isə söz sahibinə və etibarlı tərəfdaşa çevrildi.
Heydər Əliyev siyasi xəttinin və onun formalaşdırdığı strateji varisliyin ən ali təntənəsi isə heç şübhəsiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. Həm döyüş meydanında, həm də diplomatik masada əldə edilən bu mütləq qələbə ilə Ulu Öndərin ən böyük arzusu – Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpası reallığa çevrildi. Düşmən məğlub edildi, Qarabağ azadlığa qovuşdu, Ulu Öndərin Azərbaycan xalqına miras qoyduğu ən ali nemət olan dövlət-xalq birliyi 30 illik həsrətə 44 gündə son qoydu, tarixi ədalət bərpa edildi. Şuşanın düşmən işğalından azad edildiyi o şanlı gündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək onun ruhu qarşısında baş əydi və Azərbaycan xalqına müraciət etdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” Bu sözlər bir xalqın fəxarət rəmzinə çevrilən, tarixin köksündə daşlaşan, poladlaşan şanlı bir qələbənin, uğurlu bir siyasətin və ən əsası yerinə yetirilən tarixi tapşırığın simvolu idi. Bununla da, Ümummilli Liderin uzaqgörənliklə irəli sürdüyü dövlətçilik konsepsiyası dövlətçiliyimiz qarşısında ən böyük problem olan işğal faktorunu aradan qaldıraraq özünün ən yüksək məntiqi yekununa çatdı və gələcəyə hesablanmış siyasi varisliyin dövlətimizin və dövlətçiliyimizin davamlılığı üçün nə qədər həlledici əhəmiyyət kəsb etdiyi bütün dünyaya sübut etdi.
Bu gün Müstəqil Azərbaycan Ulu Öndər yolu ilə gələcəyə inamla irəliləyir. Bu yol keçmişin nailiyyətlərinə söykənməklə kifayətlənmir, həm də gələcəyin qüdrətli Azərbaycanının sarsılmaz təməlini təşkil edir. Heydər Əliyev dühasının müəyyənləşdirdiyi strateji kurs Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında ölkəmizi regionun liderinə, beynəlxalq arenanın nüfuzlu söz sahibinə və qalib dövlətə çevirmişdir. Böyük xoşbəxtlikdir ki, müstəqilliyimizin əbədiliyini təmin edən bu ideyalar sistemi xalqımızı vahid məqsəd – milli intibah və dövlətçilik maraqları ətrafında sıx birləşdirmişdir. Artıq Azərbaycan öz suverenliyini tam bərpa etmiş, Qarabağa və Şərqi Zəngəzura yeni həyat nəfəsi bəxş edərək Böyük Qayıdışın möhtəşəm salnaməsini yazmaqdadır. Nə xoş ki, dahi rəhbərin xalqımıza miras qoyduğu zəngin dövlətçilik məktəbi və Azərbaycançılıq məfkurəsi hələ uzun onilliklərboyu gələcək nəsillərin yoluna işıq saçacaqdır. Çünki, bu yolun memarı Ulu Öndər adlı şəxsiyyət, istiqaməti Azərbaycan adlı parlaq gələcək, davamçısı İlham Əliyev adlı qalib sərkərdə və məntiqi yekunu isə Zəfər adlı bir həqiqətdir. Yusif MİRZƏZADƏ,
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri
Digər xəbərlər