“Şərq qapısı” ilə qoşa addımlayan ömür...
18:01 28.11.2026
0
0
1
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
Naxçıvan Muxtar Respublikasında ceyranların təbii areallarına qaytarılması, yaşıllıq sahələrinin bərpası və meşəsalma tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində muxtar respublikada bir sıra ekoloji tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında ceyranların təbii areallarına qaytarılması və müxtəlif ərazilərdə ağacəkmə işlərinin aparılması da yer alır.
Nazir qeyd edib ki, muxtar respublikanın yarımsəhra və quru çöl iqliminə malik bəzi əraziləri ceyranların yaşaması və çoxalması üçün əlverişli təbii şəraitə malikdir. Həmin ərazilərin, əsasən, efemer bitkilərlə örtülməsi ceyranların qida təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda ərazidən çayın keçməsi və nazirlik tərəfindən müxtəlif yerlərdə su novlarının çəkilməsi heyvanların su təminatı üçün də əlverişli şərait yaradır.
Xanlar Mustafayevin sözlərinə görə, muxtar respublikada plana uyğun olaraq 485 hektar ərazidə meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Yaz əkinləri çərçivəsində işlərin bir hissəsi artıq yerinə yetirilib, payız əkinləri üzrə tədbirlər isə hazırda davam etdirilir.
Nazir bildirib ki, yeni yaşıllıq sahələrinin inventarlaşdırılması, ağac növləri və onların sayı barədə məlumatların rəqəmsal sistemə daxil edilməsi istiqamətində də işlər aparılır. Belə ki, xüsusi mühafizə olunan təbiət əraziləri və meşə fonduna daxil olmayan yaşıllıqlar istisna olmaqla, muxtar respublika üzrə, ümumilikdə, 2500 hektar ərazini əhatə edən yaşıllıq sahələrinin rəqəmsal xəritələri hazırlanıb, yaşıllıqların kadastrı yaradılaraq bölgüsü aparılıb. Həmin ərazilərin idarə olunması və məsuliyyət bölgüsü ilə bağlı aidiyyəti qurumlar və yerli icra hakimiyyəti orqanları arasında işlər də yekunlaşdırılıb.
Xanlar Mustafayev vurğulayıb ki, növbəti mərhələdə bu ərazilərdə bərpa işlərinə üstünlük veriləcək. Yaşıllaşdırılması nəzərdə tutulan sahələrdə damcılı suvarma sistemlərinin qurulması və meyvə ağaclarının əkilməsi planlaşdırılır.
Nazir, həmçinin qeyd edib ki, su bioresurslarının artırılması və akvakulturanın inkişafı ilə bağlı bəzi funksiyaların Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər fauna növlərinin reintroduksiyasına, onların tarixi areallarına qaytarılmasına daha çox diqqət ayıracaq.
Onun sözlərinə görə, qarşıdakı illərdə muxtar respublikanın təbii şəraitinə uyğun fauna növlərinin yenidən təbiətə qaytarılması istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Digər xəbərlər