NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib

...

Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin (DK) üzvü Tahir Budaqov Koreyanın Seul şəhərində ICAPP-ın 13-cü Baş Assambleyası çərçivəsində ICAPP DK-nın 46-cı iclasında iştirak edib.

"Şərq qapısı" xəbər verir ki, iclasda ICAPP-ın cari fəaliyyətinə nəzər salınıb, təşkilatın gələcək iş planı diqqətə çatdırılıb. Təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsinin, institusional imkanlarının gücləndirilməsinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə siyasi partiyalar arasında qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin, dialoq və əməkdaşlıq platformalarının inkişaf etdirilməsinin, eləcə də qlobal çağırışların həllində birgə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Daha sonra 36 ölkəni təmsil edən 83 siyasi partiyanın iştirakı ilə baş tutan ICAPP-ın 13-cü Baş Assambleyasına hazırlıq işləri barədə məlumat verilib, büro üzvlüyünə sədr müavini kimi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da daxil olmaqla 5 ölkədən (Azərbaycan, Banqladeş, Çin, Malaziya, Vyetnam) namizəd irəli sürülüb.

DK iclasında Baş Assambleyanın bağlanış sessiyasında qəbul ediləcək Seul Bəyanatının layihəsi və ICAPP Nizamnaməsinə təklif olunan dəyişikliklər ətrafında da fikir mübadiləsi aparılıb. Həmçinin siyasi partiyalar arasında dialoqun inkişaf etdirilməsi, dayanıqlı sülh və sabitliyin təşviqi, demokratik idarəetmənin gücləndirilməsi, süni intellektin imkanlarından ümumi rifah naminə istifadə və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual məsələlər müzakirə olunub.

Nəşr edilib : 05.11.2026 10:33