E.C.Qəhrəmanın Azərbaycan Respublikasının Tacikist...
14:16 28.07.2026
0
0
0
NAXÇIVAN :
28 Iyul 2026, Çərşənbə axşamı
Yay mövsümündə havaların isinməsi ilə birlikdə qida zəhərlənməsi hallarında da artım müşahidə olunur. Yüksək temperatur qidaların daha tez xarab olmasına və bakteriyaların sürətlə çoxalmasına əlverişli şərait yaradır. Xüsusilə düzgün saxlanılmayan, gigiyenik qaydalara əməl olunmadan hazırlanan və ya etibarlı olmayan mənbələrdən əldə edilən qidalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Mövzu ilə bağlı Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Züleyxa Ələsgərli ilə həmsöhbət olduq. Mütəxəssis yay aylarında qida zəhərlənmələrinin əsas səbəbləri, risk qrupları, ilk yardım tədbirləri və profilaktik qaydalar barədə ətraflı məlumat verdi.
Müsahibimizin sözlərinə görə, yay aylarında havanın yüksək temperaturu bakteriyaların qidalarda sürətlə çoxalmasına səbəb olur. Ən çox yolverilən səhvlər bişmiş qidaların uzun müddət otaq temperaturunda saxlanılması, soyuq zəncirin pozulması, çiy və bişmiş qidaların eyni səthdə hazırlanması, əllərin kifayət qədər yuyulmaması, meyvə və tərəvəzin yaxşı yuyulmadan istehlak edilməsidir. Bundan əlavə, küçə şəraitində və mənşəyi məlum olmayan mənbələrdən alınan qidaların istifadəsi də riski artırır. Mütəxəssis bildirir ki, ümumiyyətlə, tez xarab olan qidalar otaq temperaturunda iki saatdan artıq saxlanılmamalıdır. Havanın temperaturu 32°C-dən yüksək olduqda isə bu müddət maksimum bir saatdır. Belə şəraitdə bakteriyalar sürətlə çoxalır və qidanın görünüşü və qoxusunda dəyişiklik olmasa belə təhlükəli ola bilər.
Züleyxa Ələsgərlinin sözlərinə görə, yay aylarında qarpız, yemiş, süd və süd məhsulları, toyuq və dəniz məhsulları daha yüksək risk daşıyan qidalar hesab olunur. Bunun əsas səbəbi isti havada bu qidalarda bakteriyaların daha sürətlə çoxalmasıdır. Qarpız və yemiş kəsildikdən sonra uzun müddət otaq temperaturunda saxlandıqda həm səthində və həm də daxilində bakteriyalar sürətlə çoxalır. Ona görə də kəsildikdən sonra qalan hissəsi mütləq soyuducuda saxlanılmalıdır. Süd və süd məhsulları soyuq zəncir prinsipi pozulduqda tez xarab ola bilir. Buna görə də pasterizə olunmuş məhsullara üstünlük verilməsi tövsiyə olunur. Toyuq məhsulları salmonella və kampilobakter kimi bakteriyaların daşıyıcısı ola bilər. Buna görə də toyuq tam bişirilməli, çiy toyuğun suyu digər qidalarla təmas etməməli və onun hazırlanması üçün ayrıca doğrama taxtasından istifadə olunmalıdır.
Dəniz məhsulları isə çiy və ya yaxşı bişirilməmiş halda istehlak edildikdə toksinlərin təsiri nəticəsində qida zəhərlənməsinə səbəb ola bilər.
Qida zəhərlənməsi klinik olaraq kəskin başlayan qastroenterit sindromu ilə xarakterizə olunur və əksər hallarda şübhəli qidanın qəbulundan bir neçə gün sonra inkişaf edir. Ən xarakterik əlamətlər ürəkbulanma, təkrarlanan qusma, ishal, qarında spazmatik ağrılar, hərarətin yüksəlməsi və ümumi halsızlıqdır. Simptomların eyni qidanı qəbul etmiş bir neçə şəxsdə eyni vaxtda müşahidə olunması qida mənşəli infeksiyadan şübhələnməyə əsas verir. Adi dispepsiya və ya funksional mədə pozğunluqlarında isə əsasən, köp, mədədə ağırlıq hissi və yüngül diskomfort müşahidə olunur, yüksək hərarət, intensiv ishal və ya təkrarlayan qusma kimi sistemik əlamətlər, adətən, olmur. Bununla yanaşı, qanlı ishal, yüksək hərarət, davamlı qusma, ağır susuzlaşma, şüur pozğunluğu və ya 24-48 saat ərzində yaxşılaşmayan klinik vəziyyət mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
Həkim-infeksionist vurğulayıb ki, qida zəhərlənməsi zamanı antibiotiklərin özbaşına qəbulu düzgün yanaşma deyil. Çünki qida zəhərlənmələrinin əksəriyyəti viruslar və ya bakteriyaların ifraz etdiyi toksinlər nəticəsində yaranır və belə hallarda antibiotiklər fayda vermir. Əksinə, onlar bağırsağın normal mikroflorasını pozaraq ishalın davametmə müddətini uzada və xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.
Onun sözlərinə görə, antibiotiklər yalnız həkim təyinatı ilə bakterial infeksiya təsdiqləndiyi halda istifadə edilməlidir. Məsələn, qanlı ishal, yüksək hərarət, ağır gedişat və bəzi xüsusi bakterial infeksiyalar zamanı antibiotik müalicəsinə ehtiyac yarana bilər. Qida zəhərlənməsində əsas müalicə itirilən maye və duzların bərpasıdır. Xəstə bol maye qəbul etməli, zərurət yarandıqda oral rehidratasiya məhlullarından istifadə etməli, simptomatik müalicə isə həkim nəzarəti altında aparılmalıdır. Unutmaq olmaz ki, hər ishal antibiotik tələb etmir. Antibiotiklərdən əsassız istifadə həm xəstəyə zərər verə, həm də antibiotiklərə qarşı davamlılığın artmasına səbəb ola bilər.
Mütəxəssis bildirdi ki, qida təhlükəsizliyində əsas prinsiplərdən biri “soyuq zəncir”in qorunmasıdır. Tez xarab olan qidalar 5°C-dən aşağı temperaturda saxlanmalı, daşınma zamanı soyuducu çanta və buz paketlərindən istifadə edilməlidir. Çiy ət, quş əti və dəniz məhsulları hazır qidalardan tam ayrı saxlanmalı, çarpaz kontaminasiyanın qarşısı alınmalıdır. Bunun üçün ayrıca doğrama taxtası və mətbəx alətlərindən istifadə edilməsi tövsiyə olunur.
Müsahibimiz qeyd edib ki, yay aylarında hər il olduğu kimi, bu il də mövsümi artım müşahidə olunur. Bu, əsasən, havaların isti keçməsi və qidaların daha tez xarab olması ilə əlaqədardır. Onun sözlərinə görə, müraciət edən xəstələrdə ən çox rast gəlinən simptomlar ürəkbulanma, qusma, qarın ağrısı, ishal, qızdırma və ümumi halsızlıqdır. Ağır hallarda isə orqanizmin susuzlaşması, arterial təzyiqin enməsi və elektrolit balansın pozulması müşahidə edilə bilər. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər üçün bu hallar daha təhlükəlidir və vaxtında tibbi müdaxilə tələb edir. İlk saatlarda müalicənin əsas məqsədi itirilmiş maye və elektrolitlərin bərpasıdır. Bunun üçün oral rehidrasiya məhlulları üstünlük təşkil etməlidir. Qusma olduqda maye az-az lakin tez-tez qəbul edilməlidir. Klinik vəziyyət stabilləşdikdən sonra asan həzm olunan qidalar – düyü, banan, kartof püresi, suxarı, duru şorbalar və yağsız bişmiş yeməklər mərhələli şəkildə rasiona əlavə oluna bilər. Yağlı, qızardılmış və ədviyyatlı yeməklərdən, alkoqollu və qazlı içkilərdən, həmçinin yüksək şəkər tərkibli məhsullardan müvəqqəti uzaq durmaq tövsiyə olunur. Süd və süd məhsulları isə keçici laktaza çatışmazlığı səbəbindən ishalı artıra biləcəyi üçün erkən dövrdə məhdudlaşdırıla bilər.
Sonda müsahibimiz vətəndaşlara qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi, şəxsi gigiyenaya diqqət yetirməyi və şüphəli hallarda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə etdi. Bu sadə qaydalara riayət etmək həm qida zəhərlənmələrinin qarşısının alınmasında, həm də sağlamlığın qorunmasında mühüm əhəmiyyət daşıyır.
Günay HACIYEVA
Digər xəbərlər