BDYPİ küləkli hava ilə əlaqədar xəbərdarlıq edib...
12:13 27.07.2026
0
0
0
NAXÇIVAN :
27 Iyul 2026, Bazar ertəsi
Yayın gəlişi ilə Naxçıvanın uca dağlarında həyat yenidən canlanır. Minilliklərdən süzülüb gələn yaylaq ənənəsi bu gün də öz ritmini qoruyur. Səhərin ilk işıqları ilə oba ocaqlarından tüstü qalxır, sürülər yaşıl örüşlərə üz tutur, çobanların səsi dağlara yayılır.
Dəniz səviyyəsindən, təxminən, 2400 metr yüksəklikdə yerləşən Şahbuz rayonunun Qanlıgöl yaylağı bu günlərdə zəhmətin, bolluğun və bərəkətin hökm sürdüyü əsas məkanlardan biridir. Burada yay, sadəcə, bir fəsil deyil, heyvandarlar üçün ilin ən məsuliyyətli və məhsuldar dövrüdür. Təmiz dağ otlaqları, əlverişli iqlim və zəngin təbii şərait Qanlıgölü yay mövsümündə Şərur rayonundan olan heyvandarların ən çox üz tutduğu yaylaqlardan birinə çevirib. Bu ərazilərdə salınan obalarda aylarla davam edən zəhmətin bəhrəsi olaraq yüksək məhsuldarlıq əldə edilir, ənənəvi yaylaq həyatı isə bütün canlılığı ilə yaşadılır.
Muxtar respublikada hazırda 60 mindən çox iribuynuzlu, 400 mindən çox isə xırdabuynuzlu heyvan saxlanılır. Hava şəraitinin əlverişli keçməsi ilə iyun ayının ortalarından başlayaraq heyvanlar mərhələli şəkildə yaylaqlara çıxarılıb. Təbii otlaqların zənginliyi və sərin hava həm heyvanların sağlam inkişafına, həm də məhsuldarlığın artmasına əlverişli şərait yaradır.
Fermerlər bildirirlər ki, məhz bu təbii şərait süd məhsullarının keyfiyyətinə də birbaşa təsir göstərir. Yaylaq mövsümündə əldə olunan süd, pendir, yağ və digər məhsullar ailələrin illik tələbatının ödənilməsində mühüm rol oynayır.
Qanlıgöl yaylağında artıq 30 ilə yaxındır, təsərrüfatla məşğul olan fermer Süleyman Heydərov deyir ki, hər il iyunun ortalarında ailəsi ilə birlikdə yaylağa köçür. Üç aya yaxın burada yaşayan fermer üçün yaylaq həm yaşayış, həm də əsas istehsal məkanıdır. O qeyd edir ki, ailəsinin illik yağ və pendir ehtiyatı məhz bu dövrdə hazırlanır: “Toyuq-cücəmiz də, iribuynuzlu heyvanlarımız da buradadır. Burada hazırladığımız yağ, pendir və digər süd məhsulları ilə ailəmizin ilboyu olan tələbatını ödəyirik. Yeddi nəvəm var, onların hamısı hər il bizimlə birlikdə yaylağa gəlir. Təxminən, üç ay burada qalırıq, avqustun sonlarında isə geri qayıdırıq. Yaylaqda yaşamaq bizim üçün həm əlverişli, həm də bərəkətlidir”.
Yaylaq mövsümündə baytarlıq xidmətləri də gücləndirilir. Mütəxəssislər tərəfindən heyvanlar arasında mütəmadi profilaktik müayinələr aparılır, yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri həyata keçirilir. Baytar həkimi Cəlal Kamalovun sözlərinə görə, hazırda Mahmudkənd obasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə davam etdirilir. Dövlət tərəfindən təmin olunan baytarlıq preparatlarının tətbiqi nəticəsində Şərur rayonu üzrə infeksion xəstəlik qeydə alınmayıb. Təkcə Mahmudkənd obasında yaylaq mövsümündə 8 min 479 baş xırdabuynuzlu heyvan saxlanılır və onların sağlamlığı daim nəzarətdə saxlanılır.
Mütəxəssislər bildirirlər ki, yaylaqlardan səmərəli istifadə heyvandarlığın inkişafında mühüm əhəmiyyət daşıyır. Təbii otlaq sahələri əlavə yem xərclərini azaldır, heyvanların sağlamlığını qoruyur və məhsuldarlığı artırır. Bu isə fermerlərin iqtisadi gəlirlərinin yüksəlməsinə, eyni zamanda əhalinin keyfiyyətli ət və süd məhsulları ilə təmin olunmasına mühüm töhfə verir.
Qanlıgöl yaylağında keçən hər gün zəhmətin, səbrin və təbiətlə harmoniyanın canlı təzahürüdür. Burada hazırlanan pendir, yağ, yetişdirilən heyvanlar aylarla çəkilən zəhmətin bəhrəsidir. Yaylaq mövsümü təkcə ailələrin dolanışığını təmin etmir, həm də Naxçıvanda əsrlərboyu formalaşmış heyvandarlıq ənənəsinin yaşadılmasına xidmət edir. Dağlarda qazanılan bu zəhmət payız və qış aylarının bərəkətinə çevrilərək kənd təsərrüfatının davamlı inkişafına, ərzaq təminatının möhkəmləndirilməsinə və kənd insanının rifahının yüksəlməsinə mühüm töhfə verir. Qanlıgöl yaylağı hər yay olduğu kimi, bu il də zəhmətin bərəkətə çevrildiyi, ənənələrin yaşadıldığı və təbiətlə insanın ahəngdar vəhdət təşkil etdiyi məkan kimi öz əhəmiyyətini qoruyur.
Nail ƏSGƏROV
Digər xəbərlər