Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Dünya nə ideyaların, nə də sərvətin təkbaşına qurduğu bir məkandır. Onu ayaqda saxlayan, hər daşına həyat hopduran əsas qüvvə zəhmətdir. Görünməyən, amma hər yerdə hiss olunan bir güc… Şəhərlərin nəfəsində, kəndlərin sükutunda, zavodların ritmində, məktəblərin səsində yaşayan güc.
1 may – Beynəlxalq Əmək Günü təkcə təqvimdə qeyd olunan tarix deyil. Bu gün insan əməyinin tarix qarşısında etirafıdır. Əlin qabarında, gözün yorğunluğunda, gecənin səhərə qarışan saatlarında yazılan bir həyat salnaməsidir. İnsanlıq tarixi göstərir ki, heç bir inkişaf təsadüfən baş vermir. Hər tikili, hər yol, hər işıq bir zəhmətin nəticəsidir. Cəmiyyətin görünən tərəfi binalardırsa, görünməyən tərəfi o binaları ucaldan əllərdir. Məhz bu səbəbdən əmək, sadəcə, fəaliyyət deyil, həm də məsuliyyət, iradə və davamlılıqdır. Bu gün dünyada hər dildə səslənən bir həqiqət var: əmək olmadan həyatın davamı mümkün deyil. Lakin bu həqiqətin içində başqa bir sual da gizlənir. Bu zəhmətin haqqı nə qədər görünür, nə qədər qiymətləndirilir? Çünki çox vaxt həyatın ritmini saxlayan insanlar ən az görünənlər olur. Şəhərin işığını yandıran elektrik, süfrəni təmin edən kəndli, sağlamlığı qoruyan həkim, gələcəyi formalaşdıran müəllim, ictimai yaddaşı yazan jurnalist hər biri bu böyük sistemin bir sütunudur.
Əmək günü həmin görünməyən əllərə diqqət yönəltmək günüdür. Bu gün insan əməyinin, sadəcə, nəticəsini deyil, onun arxasındakı fədakarlığı xatırladır. Çünki hər uğurun arxasında gecə-gündüz demədən çalışan insanlar dayanır. Zəhmət heç vaxt səs-küylü olmur. O özünü elan etmir, amma nəticələri ilə danışır. Bir yolun çəkilməsi, bir binanın ucalması, bir ideyanın gerçəyə çevrilməsi bunların hamısı səssiz əməyin izləridir. Ən böyük həqiqət isə dəyişmir: zəhmət itmir. O, gec və ya tez öz bəhrəsini verir və tarixdə öz yerini tutur.
Zaman dəyişir, texnologiya inkişaf edir, şəhərlər böyüyür. Amma bir gerçək dəyişməz qalır, hər tərəqqinin arxasında insan əməyi var. O əmək ki nə şüar istəyir, nə alqış gözləyir, sadəcə, nəticəsi ilə danışır. Və bəlkə də, ən böyük qiymət budur: zəhmətin özü tarixə çevrilir, insanın adı isə o tarixdə iz buraxır.
1 may isə həmin izin qarşısında sadə, amma dərin bir etirafdır, həyatın özü əməyin davamıdır.
Günay HACIYEVA
Digər xəbərlər