NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Zəfər bayramı : qızıl hərflərlə yazılmış tarix

...

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan  Zəfər möhtəşəm və qürurludur. Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək “Dəmir yumruq” yaradan xalqın qalibiyyətidır. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın tarixi qələbəsidir. Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Hədd-hüdudu olmayan fərəh, xoşbəxtlik məhz budur. Ən əsası isə bu sevincdən hamıya eyni dərəcədə pay düşməsidir. Bu, həmrəyliyimizin, birliyimizin gücünün yaratdığı nəticənin sevincidir. Azərbaycan Ordusunun qələbəsi tariximizi böyütdü, qətiyyətimizi artırdı. Bu xalqın hər bir təmsilçisinin köksünü dolduran, bizi birləşdirən, qürurlu edən qələbə ruhu ilə yeni bir başlanğıca qədəm qoyduq”.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel  Dünyamalıyeva deyib.

Deputat qeyd edub ki, bu il xüsusilə əlamətdardır, çünki ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının 5-ci, müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun isə 30-cu ildönümünü qeyd edirik. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub. Qurulan təkmil idarəetmə sistemi, dövlət başçısı tərəfindən həyata keçirilən düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi addım-addım Zəfərə yaxınlaşdırırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.

Bu qələbə təkcə Ermənistan üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfərdir. Ölkə Prezidentinin yürütdüyü müdrik daxili və xarici siyasətin töhfəsi qalib, qüdrətli Azərbaycan oldu. Bu Zəfər bayramı bizim üçün qürur mənbəyidir. Bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıdı. Azərbaycanın şanlı Zəfəri, Ermənistanın isə acınacaqlı məğlubiyyəti tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Aysel  Dünyamalıyeva daha sonra əlavə edib: “Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir. Prezident İlham Əliyevin güclü siyasi iradəsi, böyük uzaqgörənliyi, tükənməz qətiyyəti və yüksək sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində qalib gəldik. Xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasında mühüm rol oynayan Heydər Əliyev Fondu quruculuq işlərində yaxından iştirak edir. Vaqifin Şuşadakı məqbərəsinin bərpası, “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” mədəni irsin bərpası artıq bu torpaqlarda insanlar üçün layiqli həyata, yeni bir başlanğıca doğru işıqlı yol deməkdir.”.

Nəşr edilib : 07.11.2025 12:30