Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkill...
11:28 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Naxçıvanın sıldırım qayalıqları arasında zamanın dayandığı bir məkan var. Bura insanı hər bir addımında dünyəvi qayğılardan uzaqlaşdıran, ruhun dərinliklərinə boylanmağa çağıran müqəddəs Əshabi-kəhf ziyarətgahıdır. Günəş dağların arxasından boylanıb qayalıqları qızılı rəngə boyayanda bu qədim mağaranın ətrafında tam fərqli mənəvi canlanma başlayır. Bura gələnlərin məqsədi nə, sadəcə, səyahət, nə də adi bir gəzintidir. Bura üz tutanlar əsrlərdir, sönməyən bir inanc işığının izinə gəlirlər.
Qayalıq cığırlarla yuxarıya doğru addımladıqca ətrafı bürüyən sükut, əslində, bəşəriyyətin ən uca mənəviyyat zirvələrindən birini gözlər önünə sərir.
Səhərin ilk saatlarından başlayaraq ziyarətgah yolunda hərəkətlilik hiss olunur. Ailələr, yaşlılar, gənclər, uşaqlar bu müqəddəs məkana doğru üz tutur. Kimisi dua etməyə, kimisi niyyət tutmağa, kimisi isə sadəcə, qəlbinin sakitliyini tapmağa gəlir. Dağların qoynunda yerləşən Əshabi-kəhfə qalxdıqca insan gündəlik həyatın yorğunluğundan uzaqlaşır, ruhən başqa bir aləmə qədəm qoyur.
Buradakı sakitlik, qayaların arasından gələn meh, dağların əzəməti, insanların duaları bir-birinə qarışaraq fərqli bir mənəvi ab-hava yaradır. İnsan özünü burada daha saf, daha rahat hiss edir. Ziyarətə gələnlər inanırlar ki, bu müqəddəs məkanda edilən dualar qəbul olar, tutulan arzular qəlblərdə işığa çevrilər.
Əshabi-kəhf haqqında əsrlərboyu müxtəlif rəvayətlər danışılıb. Bu rəvayətlər insanların yaddaşında müqəddəs bir inanc kimi yaşayır. Hər daşında bir tarix, hər qayasında bir sirr gizlənən bu məkan insanı düşünməyə vadar edir. Buraya gələn hər kəs sanki keçmişlə bu gün arasında görünməz bir körpü qurur. İnsanlar burada yalnız dua etmir, həm də öz daxili aləmləri ilə baş-başa qalırlar.
Ziyarətgahın pillələri ilə qalxan insanların kimisi səssizcə dua edir, kimisi gözlərini uzaqlara dikib düşüncələrə dalır, kimisi də ailəsi ilə birlikdə bu mənəvi anın hüzurunu yaşayır.
Əshabi-kəhf həm də insanların mənəvi bağlılığını yaşadan bir dəyərdir. Müasir həyatın səs-küyü içində insanlar bəzən daxili sakitliklərini itirirlər. Belə məkanlar isə insanlara öz mənəviyyatına qayıtmaq imkanı yaradır. Bura gələnlər bir neçə saatlıq olsa belə dünyanın qayğılarından uzaqlaşaraq ruhən dincəlirlər.
Həftəsonları burada yaranan mənzərə xüsusilə diqqət çəkir. Müxtəlif yaş qruplarından olan insanların eyni məkanda bir araya gəlməsi, duaların səmaya yüksəlməsi, insanların bir-birinə hörmət və səbirlə yanaşması Əshabi-kəhfin mənəvi gücünü daha aydın göstərir. Burada insan tək olmadığını hiss edir. Hər kəsin ürəyində bir arzu, bir ümid, bir dua yaşayır.
Dağların qoynunda ucalan bu müqəddəs məkan əsrlər keçsə də, insanları özünə çəkməyə davam edir. Çünki Əshabi-kəhf inancın, səbirin və mənəvi bağlılığın simvoludur. Bura gələn hər kəs özü ilə bir rahatlıq, bir mənəvi hüzur aparır və yenidən bu müqəddəs ünvana qayıtmaq arzusu ilə ayrılır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər