Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı se...
22:18 27.06.2025
0
0
0
NAXÇIVAN :
27 Iyun 2025, Cümə
İllər öncə, hələ torpaqlarımız düşmən işğalında olan günlərdən birində cəbhə kəndində – Haramı düzündən keçən yolda irəliləyən avtomobildən yolboyu sıralanan səngərlərə, onların içində dayanıb soyuq, qar demədən Vətəni qoruyan oğulları və cəbhə xəttinin yardığı torpağımıza həsrətlə baxırdım. Aydın görünən Ağdamın Qarakənd qəsəbəsində erməni maşınlarının bizim torpağımızda var-gəl etdiyini görmək ürəyimdəki düşmənə nifrət hissini daha da artırırdı. Ürəyimdə: “Ey Vətən, parçalanıb düşmənə pay verilən Azərbaycan, görəsən nə vaxt qayıdacaq bir parçan?” – deyirdim.
Yolun kənarında dəstə ilə dayanıb komandiri dinləyən əsgərlərin lap yanında avtomobil dayananda fikrimdən ayıldım. Zabit yoldaşları ilə görüşmək üçün avtomobildən enən komandirin “Salam, işlər necədir, dərsiniz nədir?” sualına əsgərlərinə təlim keçən komandirin cavabı belə oldu: “Mövzu Vətəndir”. Həmin gün ürəyimdə bir rahatlıq hiss etdim. Qayıdacaq bu torpaqlar dedim. Və “Mövzu Vətəndir” kəlməsi möhür oldu düşüncələrimə. Həmin gün əsgərlərə Vətən mövzusunda dərs keçən zabitin gecə saatlarında düşmən hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucaldığı xəbərini eşidəndə bir daha əmin oldum ki, mövzusu Vətən olan oğullar bir gün bu torpaqları mütləq azad edəcək. Və elə də oldu.
Bizim üçün hər zaman ən dərin mövzu Vətən olub. Ta qədimdən at belində əlində qılınc torpağı qoruyub oğullarımız və qızlarımız. Ayaq basdığımız yerə Vətən deyəndən bir ovuc torpaq bizim üçün canımızdan belə əziz olub. Tarixin bütün dövrləri Azərbaycan igidlərinin qəhrəmanlıq səhifəsi ilə doludur. Əlincədən Şuşaya kimi hansı səhifəni vərəqləsək, Vətən üçün döyüşən qəhrəman bir ordu görərik. Dünya dəyişib min sifətə düşsə də, yenə də bizim mövzumuz, ilk dərsimiz Vətən olub. Bu xalqın ən çətin günlərində hər evi səngərə, hər vətəndaşı əsgərə çevrilib.
Biz Əlincədə, Şuşa qalasında düşmənə diz çökdürəndə də belə idi, ötən əsrin əvvəlində də, sonunda da, Naxçıvanda düşmənə qarşı sipər olanda da.
Bəli, həmin günlərdə – analarımız soyuq, şaxtalı günlərdə gecələr çıraq işığında, yun corab toxuyub, səhərlər qara unun xəmirini yaş odunla qaladığı ocaqda çörək bişirib səngərə göndərəndə. Nişanlı qızlarımızın nişan üzüyünü silahla dəyişdiyi günlərdə. Xalqının səsinə səs verən Vətən oğlunun Vətənin bir parçasının başı üstə günəş kimi doğulduğu illərdə. Azərbaycan Ordusunun yarandığı həmin tarixi anlara şahid olduğumuz illərdə.
Milli ordunun ilk paradının Naxçıvanda keçirildiyi həmin günlərdə Ulu Öndərin ən böyük arzusu güclü ordu qurmaq idi. O bunu bacardı. Təməli Naxçıvanın ən çətin günlərində atılan milli ordu güclənib Qafqazın sarsılmaz ordusu adını qazandı.
İgid oğullarımız Şuşa dağlarına döyüşə-döyüşə, şəhidi çiynində qalxanda, Azərbaycan əsgəri üçrəngli bayraq enməsin deyə sinəsini gülləyə sipər edəndə, Zəngilandan uşaqların gülüşü, Ağdamın Cümə məscidindən azan səsi gələndə, Qarabağ atı Cıdır düzündə şahə qalxanda bir daha əmin olduq ki, bu xalqın ən böyük sevgisi torpaq, mövzusu isə hər zaman Vətəndir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər