NAXÇIVAN :

29 Iyun 2025, Bazar

Parağaçaydan – Zəngəzurun ətəyindən salam!

...

Bu dəfə yolumuz yenidən Ordubadın Parağaçay qəsəbəsinədir. Zəngəzur silsiləsinin ətəyində, Qapıcığın zirvəsinə tamaşa edən səssiz, sakit, lakin könül danışdıran bir məkan. Yol bizi uca dağların qoynuna aparır. Hər döngə bir nəfəsdir, hər yamac bir səhnə. Yolun hər iki tərəfində göyə ucalan dağlar arxasından boylanan qapqara buludlar bu yurdun əzəmətini içimizə hopdurur. Hər addımda torpağın nəfəsini, yaşılın cingiltisini eşidirsən. Və birdən...
Qarşımızda açılır bu səssiz kəndin görünüşü. 
Köhnə taxta evlər, qırmızı kirəmitli damlar, kərpicdən hörülmüş soba başı, yol qırağında dayanmış bir su quyusu... Kəndin qəlbində bir ev, çöl qapısı bağlı, pəncərəsi səssiz. Amma divarları danışır. Sükutu olan bu evlər nə qədər keçmişi, nə qədər həyatı içində saxlayır...Parağaçay qəsəbəsinin dağların qoynunda qərar tutmuş, vaxtın tozuna bürünmüş, lakin ruhunu itirməmiş taxta evləri. Bu evlər hələ də nəfəs alır...
Toprağa basılmış izlərdən görünür ki, buradan bir zamanlar həyətə çörək qoxusu yayılıb, uşaqlar qaçışıb, inəklər su içib, samovar qaynayıb...
İndi isə burada sükutun içində yaşanmış illərin xatirəsi var. Və bu xatirə susmur, danışır.
Bu səfərdə kəndin əsl sakinlərindən biri – Sərxan dayı ilə də görüşdük. Neçə illərdir burada yaşayır.  Parağaçayın nəfəsini yaşadan adamlardan biridir.Parağaçay elə bir məkandır ki, səsi sakitlikdə eşidilir. Dağların nəfəsi, torpağın ətri, kəndin içindəki gümrah, yaşıl, zəhmətin siması olan köhnə tikililər – hamısı bir bütövlükdə yaşayır. Əgər Vətən bir ömürlük sevgidirsə, Parağaçay bu sevginin içində təpər, səbir, sədaqət və sükutdur.
Və bu sükutun içindən Məmməd Arazın misraları yada düşür:

Bu dağlarda duman olaydım,
Elin çəkdiyi dərdə salaydım.
Sənsiz ötən illərin, ayların
Qoxusunu daşa yazaydım…

Parağaçay Qapıcığın çırağıdır. Səssiz, qürurlu və daimi. Təbiətin səsi ilə danışan, Vətənin nəfəsi ilə yaşayan bir yurd yeri. Burada sərhəd yoxdur, burada sevgi var. Torpağa, dağa, yaddaşa və gələcəyə.
Bu səssiz qəsəbənin qoynundan ayrılarkən bir daha anlayırsan: “Bir qarış yurdun özündə bir ömürlük hekayə yatır”.

Sara ƏZİMOVA
jurnalist

Nəşr edilib : 28.06.2025 20:21