NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Qurban bayramı – paylaşmağın, mərhəmətin və birliyin yaşayan dəyərləri

...

İnsanları bir-birinə yaxınlaşdıran, xeyirxahlıq hissini gücləndirən, ailələri və qəlbləri bir araya gətirən bayramlar arasında Qurban bayramının özünəməxsus yeri var. Bu müqəddəs bayram yalnız bir dini mərasim kimi deyil, həm də əsrlərboyu yaşadılan milli-mənəvi dəyərlərimizin, paylaşmaq mədəniyyətinin, mərhəmət və birlik duyğusunun ifadəsi kimi qəbul olunur. Qurban bayramı insanların bir-birini daha çox xatırladığı, ehtiyac sahibinə əl uzatdığı, sevincin bölüşdükcə artdığı xüsusi bir mərasimdir. Bayramlar hər zaman cəmiyyətin mənəvi güzgüsü sayılıb. İnsanların bir-birinə münasibəti, böyüyə hörmət, kiçiyə qayğı, qohumluq bağları məhz belə günlərdə daha aydın görünür. Qurban bayramı isə bu baxımdan fərqli məna daşıyır. Çünki bu bayramın ruhunda yalnız qeyd etmək deyil, paylaşmaq, yalnız sevinmək deyil, başqasını sevindirmək anlayışı dayanır.
Bu bayramın əsas dəyəri yalnız qurbanın kəsilməsi ilə məhdudlaşmır. Əsl mahiyyət həmin nemətin bölüşdürülməsində, insanların bir-birinə dayaq olmasında, ehtiyac sahiblərinin unudulmamasında özünü göstərir. Kəsilən qurbanın bir hissəsinin ailəyə saxlanılması, bir hissəsinin qohum-qonşularla bölüşdürülməsi, digər hissəsinin isə imkansız ailələrə çatdırılması cəmiyyətimizdə mərhəmət və yardımlaşma ənənəsinin canlı nümunəsidir. Qurban bayramının ən böyük fəzilətlərindən biri insanlarda paylaşmaq duyğusunu gücləndirməsidir. Çünki bölüşülən nemətin bərəkəti də artır. Bayram günlərində insanlar yalnız öz süfrəsini deyil, başqalarının süfrəsini də düşünür. Elə ailələr var ki, müxtəlif səbəblərdən çətinlikləri yaşayır. Məhz belə günlərdə aparılan qurban payı həmin evə yalnız ərzaq deyil, sevinc, diqqət və ümid aparır. Bir ailənin qapısına gələn bayram payı, bəzən onların üzündə uzun müddət unudulmayan təbəssüm yaradır.
Bu müqəddəs günlər həm də mərhəmət hissinin daha çox ön plana çıxdığı zamanlardır. İnsanlar yaşlıları ziyarət edir, tənha yaşayanların halını soruşur, yardıma ehtiyacı olanlara kömək etməyə çalışır. Bəzən bir xoş söz, bir diqqət, bir kiçik sovqat belə insanın könlünü isitməyə kifayət edir. Qurban bayramı məhz insanlara bir-birinin halına yanmağı, paylaşmağın gözəlliyini və birlikdə olmağın dəyərini xatırladır. Xalqımızın yaşatdığı gözəl ənənələr Qurban bayramına xüsusi rəng qatır. Bu günlərdə qız-gəlinlərin evinə qurban payı aparılması, bayram sovqatlarının göndərilməsi illərdir, qorunan ailə dəyərlərinin davamı kimi yaşadılır. Xüsusilə yeni ailə qurmuş qızlara, nişanlılara göndərilən qurban payı yalnız bir bayram hədiyyəsi deyil, eyni zamanda ailə bağlılığının, doğmalığın və diqqətin ifadəsi sayılır. “Sən bizim üçün əzizsən, unudulmamısan” mesajı daşıyan bu gözəl adət ailələr arasındakı münasibətləri daha da möhkəmləndirir.
Bayram günlərində evlərdə yaranan xüsusi ab-hava da Qurban bayramının ayrılmaz hissəsidir. Süfrələr açılır, ailə üzvləri bir araya gəlir, uzaqda olan doğmalar ziyarət edilir, uşaqların sevinci evlərə ayrı bir rəng qatır. Hiss olunan bayram əhvalı, qapı-qapı aparılan paylar, qohum görüşləri, yaşlıların duaları və uşaqların sevinc dolu baxışları bu günləri daha mənalı edir. Müasir həyatın sürətli ritmi insanları bəzən bir-birindən uzaq salsa da, belə müqəddəs günlər doğmaları yenidən bir masa arxasında toplayır. Küsülülər barışır, münasibətlər istiləşir, insanlar bir-birinə vaxt ayırır. Bayram süfrəsi ətrafında yalnız yemək paylaşılmır, həm də sevgi, hörmət, qayğı və xatirələr bölüşülür. Bu bayramın ən gözəl tərəflərindən biri də uşaqların yaddaşında isti xatirələr qoymasıdır. Bayram hazırlığı, qonaq gəlişləri, ailə görüşləri, böyüklərin xeyir-duaları uşaqlar üçün unudulmaz anlara çevrilir. Beləcə, paylaşmaq, mərhəmətli olmaq, böyüyə hörmət etmək, ehtiyac sahibini düşünmək kimi mənəvi dəyərlər yeni nəslə ötürülür.
Qoy Qurban bayramı hər evə sevinc, hər süfrəyə ruzi-bərəkət, hər qəlbə mərhəmət gətirsin. Paylaşmaq ənənəsi, xeyirxahlıq duyğusu, milli adət-ənənələrimiz gələcək nəsillərə sevgi ilə ötürülsün, bu bayram insanların qəlbində daim birlik və doğmalıq ünvanı kimi yaşasın.

 Günay HACIYEVA
 

Nəşr edilib : 26.05.2026 23:30