NAXÇIVAN :

01 Iyul 2025, Çərşənbə axşamı

Robotexdən beynəlxalq arenaya

...

Texnologiya dünyası gənclər üçün təkcə hobbi deyil, həm də peşə yoluna çevrilir. Onlardan biri də robotex Azərbaycan çempionatında proqramlaşdırma üzrə ölkə ikincisi olmuş və Gürcüstanda ölkəmizi beynəlxalq səviyyədə təmsil etmiş Dilsuz Zeynallıdır. Hazırda kibertəhlükəsizlik sahəsində çalışan və bu sahəyə maraq göstərən gənclərə hazırlıq keçən Dilsuz bir neçə beynəlxalq sertifikatla yanaşı, startap layihələri ilə də fərqlənib. Onun texnologiya ilə başlayan yolunu və gələcək planlarını öz dilindən dinləyək.

Dilsuz, səni tanıya bilərikmi? Texnologiyaya marağın nə vaxtdan başlayıb?

– Əvvəllər həkim olmağı düşünürdüm. Uşaqlıqdan bu sahəyə xüsusi bir marağım var idi, çünki insanlara kömək etməyi çox istəyirdim. Elə o vaxt başa düşdüm ki, əslində, texnologiyaya olan marağım daha dərindir. Texnologiyaya olan marağım beləcə həkimliyə olan marağıma üstün gəldi.

Kompüterlərlə işlədikcə, kod yazdıqca, problemlərin kökünə enmək və onları özümün həll etmək hisslərim məni çox həyəcanlandırırdı. Sanki bu sahədə hər yeni layihə, hər yeni çətinlik mənim üçün bir tapmaca idi və onu həll etdikcə daha da motivasiya olurdum. Zaman keçdikcə gördüm ki, texnologiya vasitəsilə də insanlara kömək etmək, cəmiyyətə töhfə vermək mümkündür. Elə bu düşüncə məni bu sahəyə tam bağladı. İndi baxanda anlayıram ki, bu seçim mənim üçün təkcə bir peşə deyil, həm də həyat tərzidir.

–  Robotex Azərbaycan çempionatında ölkə ikincisi olmusan. Bu yarış sənin üçün nə ifadə edir?

–   Robotex Azərbaycan mənim üçün, sadəcə, bir yarış deyil, illərlə topladığım bilik və bacarıqları nümayiş etdirmək üçün bir platforma idi. Əslində, bu yarış mənə həm özümü sınamaq, həm də inkişaf etdirmək üçün böyük fürsət verdi. Uzun müddət hazırlıq prosesi keçmişdik – saatlarla kod yazmaq, texniki detalları dəqiqləşdirmək, strategiya qurmaq və sınaqlar aparmaq. Hər bir addım öyrədici və formalaşdırıcı oldu.

Yarışda ölkə üzrə ikinci yerə layiq görülmək mənə həm böyük motivasiya verdi, həm də göstərdi ki, atdığım hər bir addım, çəkdiyim əziyyət hədər getmir. Bu nəticə mənim üçün, sadəcə, bir diploma və ya medala bərabər deyildi – bu, mənim özümə inamımı artırdı və məni daha böyük hədəflərə yönəltdi.

Bundan başqa, robotex mənə çox dəyərli insanlarla tanış olmaq imkanı verdi. Komanda yoldaşlarım, məsləhətçilərimiz və digər iştirakçılarla qurduğum əlaqələr bu sahədə inkişafım üçün vacib rol oynadı. Onlardan öyrəndiklərim və paylaşdığımız təcrübələr mənim texnoloji dünyaya baxışımı daha da genişləndirdi. Bu yarış mənim yaddaşımda həm nəticə, həm də yol olaraq iz buraxdı.

Beynəlxalq yarışlarda iştirak etdiyini dedin. Hansı uğurların var bu sahədə?

– Beynəlxalq səviyyədə ən yadda qalan təcrübələrimdən biri Gürcüstanda keçirilən ICPC — yəni Beynəlxalq Proqramlaşdırma Olimpiadasının regional mərhələsində ölkəmizi təmsil etməyim oldu. Bu yarış təkcə bilik yoxlaması deyildi, eyni zamanda özünü sınamaq, komanda ilə effektiv işləmək və ciddi təzyiq altında qərarvermə bacarıqlarını inkişaf etdirmək üçün nadir bir fürsət idi. Yarışa hazırlıq dövrü kifayət qədər intensiv keçdi və bu müddətdə həm texniki biliklərimi, həm də vaxt idarəetməsi bacarığımı daha da təkmilləşdirdim.

Yarış zamanı dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçılarla tanış olmaq, onların yanaşmalarını görmək və eyni suallara fərqli baxış bucaqlarından yanaşmaqlarını müşahidə etmək mənim üçün çox maarifləndirici oldu. Belə bir mühitdə rəqabət aparmaq insanın həm özünə inamını artırır, həm də fikirlərini genişləndirir. Düşünürəm ki, ICPC-də iştirak etməyim təkcə texnoloji deyil, şəxsi inkişafım üçün də dönüş nöqtəsi oldu.

 Startaplar demişkən, o layihələrdən birini bizimlə paylaşa bilərsən?

– Bəli, hazırda üzərində işlədiyimiz startap layihəsi enerji sahəsini əhatə edir. Daha dəqiq desəm, məqsədimiz alternativ enerji mənbələrinin xüsusilə günəş və külək enerjisinin daha səmərəli və ağıllı şəkildə istifadəsini təmin edən idarəetmə sistemi hazırlamaqdır. Bu sistem həm fərdi istifadəçilərə, həm də kiçik və orta sahibkarlara enerji sərfiyyatını izləməyə və optimallaşdırmağa imkan verəcək.

Layihəmiz süni intellekt dəstəkli analiz mexanizminə əsaslanır. Yəni istifadəçinin enerji istehlakı vərdişlərini öyrənərək, sistem avtomatik şəkildə enerji istifadəsini tənzimləyəcək, enerjiyə qənaət edəcək və lazımsız israfın qarşısını alacaq. Bu, təkcə iqtisadi baxımdan deyil, ekoloji baxımdan da olduqca faydalıdır. Ətraf mühitin qorunması və resursların düzgün istifadəsi bu layihənin əsas dəyərlərindəndir.

Hazırda layihə prototip mərhələsindədir və komandamızla birlikdə texniki testlər aparırıq. Eyni zamanda bu prosesə bazar araşdırmaları da daxildir ki, bu texnologiyanı real həyat tələblərinə uyğunlaşdıraraq geniş istifadə sahəsinə çıxara bilək. Ümid edirəm ki, yeni layihə gələcəkdə enerjiyə yanaşma tərzimizi dəyişəcək və daha yaşıl bir dünyanın qurulmasına töhfə verəcək.

 – Gələcək planların...

–  Gələcəkdə əsas məqsədim texnologiyanı insanlara daha əlçatan və faydalı hala gətirməkdir. İstəyirəm ki, texnoloji həllər təkcə böyük şəhərlərdə deyil, regionlarda da insanların həyatını asanlaşdırsın. Məncə, texnologiyanın əsl dəyəri onun hər kəs üçün istifadəyə uyğun olması ilə ölçülür.

Eyni zamanda Azərbaycanın texnoloji inkişafında real pay sahibi olmaq arzusundayam. Gənc mühəndis və proqramçılar üçün imkanların artırılması, texnoloji təhsilin gücləndirilməsi, innovativ ideyaların dəstəklənməsi bu gün üçün çox önəmlidir. Gələcəkdə bu istiqamətdə sosial və texnoloji layihələrdə aktiv iştirak etmək istəyirəm.

         Digər bir hədəfim isə daha çox beynəlxalq layihələrə qatılmaq, qlobal texnoloji tədbirlərdə iştirakımla həm özümü təkmilləşdirmək, həm də ölkəmizi bu sahədə uğurla təmsil etməkdir. Azərbaycanın adını texnologiya sahəsində dünya səhnəsində tanıtmaq hər birimiz üçün həm qürur, həm də məsuliyyətdir.

Bu gün texnologiyaya maraq göstərmək istəyən gənclərə nə demək istərdin?

– Məncə texnologiyaya maraq yaxşı mənada “xəstəlikdir”. Əgər bu “xəstəliyə” yoluxmusunuzsa, artıq inkişaf etməyə, öyrənməyə və dəyişməyə məhkumsunuz. Bu sahə hər gün dəyişir, hər gün yenilənir və hər gün sizdən bir addım öndə olmağı tələb edir. Bu səbəbdən texnologiya ilə məşğul olmaq, sadəcə, bacarıq məsələsi deyil – bu, həm də davamlı öyrənmə, yeniliklərə açıq olmaq və yaradıcı düşünmək qabiliyyətidir.

Ən önəmlisi isə budur: bu “xəstəlik” sizi daim daha irəli aparacaq. Əgər bir dəfə texnologiyanın sehrinə düşsəniz, geriyə dönüş yoxdur – bu sahə sizi daha bacarıqlı, düşüncəli və çevik edəcək. Ona görə də qorxmayın, ilk addımı atın, öz yolunuzu cızın. Hər böyük uğur kiçik bir maraqla başlayır. O maraq sizi hara aparacağını bəzən siz belə əvvəlcədən bilmirsiniz,  amma inanın, dəyərli bir yola çıxırsınız.

                     Elnurə CƏFƏROVA

NDU-nun Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 01.07.2025 11:40