NAXÇIVAN :

30 Iyun 2025, Bazar ertəsi

Təbiəti qorumaq hər birimizin ən ümdə vəzifəsidir

...

Elə ki yay fəsli ölkəmizə qədəm qoydu təbiətdə daha çox vaxt keçirməyə,  şəhərin səs-küyündən uzaqlaşaraq yorğunluğu, stresi üzərimizdən atmağa, boş zamanımızı dəyərləndirərək sevdiklərimizlə birgə keçirdiyimiz saatları xoş xatirələrə çevirməyə can atırıq. Başı buludlara söykənən uca dağlar, baxdıqca gözoxşayan yaşıllıqlar, sıx meşəliklər, dumduru bulaqlar, axar çaylar, göllər bizi ağuşuna alır, ruhumuza dinclik qatır. Lakin bəzən dincəlmək üçün üz tutduğumuz bu yerlərin dəyərini bilmir, təbiətə ciddi ziyan vururuq. Söndürülməmiş bir ocaq, çaylara, göllərə tullanmış polietilen torbalar, ətrafa atılan tullantılar təbiətə ziyan vurmaqla yanaşı, həm də orada yaşayan canlıların həyatını da təhlükə qarşısında qoyur. Bəs belə halların baş verməməsi üçün nə etməliyik? Suallarımıza Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Aygün Rüstəmova aydınlıq gətirdi:

Piknik yerlərində ehtiyatsız davranış nələrə səbəb ola bilər?

Piknik zamanı ehtiyatsızlıq, xüsusilə açıq alovdan istifadə, yandırılmış közlərin söndürülməməsi, şüşə tullantıların ətrafa atılması zamanı günəş şüalarının təsiri nəticəsində meşə yanğınları baş verə bilər. Həmçinin tullantıların ətrafa atılması ekoloji tarazlığın pozulmasına, o cümlədən torpağın, suyun və atmosferin çirklənməsinə səbəb olur. Ətraf mühitin çirklənməsi nəticəsində atmosfer havası, torpaq və su ehtiyatları zərər görür, canlılar üçün təhlükəli şərait yaranır. Meşə yanğınları isə təkcə təbiətə deyil, həm də insanların həyatı və əmlakına ciddi təhlükə yarada bilər. Eyni zamanda bu hallar ekosistemin pozulmasına, biomüxtəlifliyin azalmasına gətirib çıxara bilər.

Bəs belə halların baş verməməsi üçün nə etməli?

İnsanlar istirahət zamanı məsuliyyətli davranmalı, oddan düzgün istifadə etməli, tullantılarını ətraf mühitə atmaq əvəzinə tullantı qutularına atmalı, təbiətə zərər verə biləcək davranışlardan çəkinməlidirlər. Eyni zamanda istirahətdən sonra istifadə olunan alov və köz tam şəkildə söndürülməlidir.

 – Əhalinin maarifləndirilməsi yönündə hansı tədbirlər görülür?

Nazirliyin aiddiyəti şöbələri və tabeli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, istirahət yerlərində xəbərdaredici lövhələr qoyulur, sosial videoçarxlar hazırlanır və media vasitəsilə ictimaiyyətə məlumatlar çatdırılır.

Belə fəsad törədənləri nələr gözləyir?

Təbiətə zərər vuran şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq edilir, bəzi hallarda isə cinayət məsuliyyəti nəzərdə tutulur. Məsələn, meşə yanğınına səbəb olan şəxslər həm maddi ziyana görə məsuliyyət daşıyır, həm də ekoloji təhlükəsizlik qanunvericiliyinə əsasən ciddi şəkildə cəzalandırılırlar.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 30.06.2025 16:05