"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin q...
23:12 30.06.2025
0
0
0
NAXÇIVAN :
01 Iyul 2025, Çərşənbə axşamı
Son günlərdə Rusiya Federasiyasında həmyerlilərimizin saxlanılması və aparılan əməliyyatlar çərçivəsində Azərbaycan vətəndaşlarına qarşı törədilən zorakılıqlar ictimaiyyət arasında ciddi rezonans doğurub. Xüsusilə Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən əməliyyatlar zamanı onların zorakılığa məruz qalması, hətta bir neçə nəfərin öldürülməsi, təkcə ölkəmizdə deyil, bütün regionda Rusiyanı qınaq obyektinə çevirib.
Hər nə qədər Rusiya rəsmiləri baş verən insidentlərlə bağlı araşdırma aparıldığını bildirsələr də, bunun gerçəkliyə uyğun olmadığı hər kəs üçün aydındır. Yaxın keçmişdə də bənzər hadisələrin baş verdiyinin şahidiyik.
Məlumdur ki, Rusiyada yaşayan həmyerlilərimiz, əsasən, ticarətlə, daha dəqiq desək, bazarlarda meyvə-tərəvəz satışı ilə məşğul olurlar. Əvvəlki hallarda hədəf piştaxtalar və Azərbaycan məhsulları idisə, budəfəki hədəf birbaşa Azərbaycan vətəndaşları oldu.
Rusiya Prezidenti Vladimir Putinin əmri ilə həyata keçirilən repressiv əməliyyatlar, Rusiyanın da qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına tamamilə ziddir. Ukrayna ilə davam edən müharibədə insan itkilərini azaltmaq və daxili gərginliyi yumşaltmaq məqsədilə miqrantların hərbi xidmətə cəlb olunması niyyəti ilə aparılan bu basqınlar region xalqları tərəfindən birmənalı qarşılanmır. Törədilən vəhşilikləri ört-basdır etməkdə ustalaşan Rusiya hökuməti, AZAL məsələsində olduğu kimi, bu son hadisələrdə də həmin “məharətindən” ustalıqla istifadə edir.
Putinin bu addımı bizə ötən əsrdə mövcud olmuş şəxsiyyətə pərəstişin, şovinizmin və repressiyaların tüğyan etdiyi sovet ittifaqını xatırladır. Yekaterinburqda həmyerlilərimizə qarşı törədilən insidentlər sanki Stalin dövründəki repressiyaları yada salır. Sovet ittifaqı hər nə qədər tarixə qovuşsa da, sovet şovinizminin bu günə qədər gəlib çatdığı aydın şəkildə görünür.
Rusiya hökumətinin bu kimi insidentləri törədərkən unutmamalı olduğu bir məqam var: Azərbaycan artıq sovet ittifaqının tərkib hissəsi olan bir ölkə deyil. Bu gün Azərbaycan öz müstəqilliyini və suverenliyini təmin etmiş, beynəlxalq arenada söz sahibi olan güclü bir dövlətdir.
Cavanşir BAĞIRLI
Digər xəbərlər