Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
21:57 18.09.2026
0
0
0
NAXÇIVAN :
18 Sentyabr 2026, Cümə
Yaşıllıq yaratmaq, ağac əkmək, yeni bağlar salmaq, ətraf mühiti qorumaq… Bütün bunlar şəhər və rayonlarımızın simasının yaxşılaşdırılması, ekoloji mühitin sağlamlaşdırılması baxımından vacibdir. Lakin görülən hər bir işin yalnız başlanğıcı deyil, nəticəsi və sonrakı aqibəti də önəmlidir. Əkilən ağacın yaşadılması, salınan bağın qorunması və yaradılan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi görülən işin əsas nəticəsidir.
El arasında yaxşı deyiblər: “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”. Əslində, bu deyim yaşıllıq salınması ilə bağlı məsuliyyətin mahiyyətini çox dəqiq ifadə edir. Torpağa ting basdırmaq işin başlanğıcıdır. Onu suvarmaq, qorumaq, qulluq göstərmək və illər sonra da yaşatmaq isə həmin başlanğıcın nəticəsidir.
Naxçıvan şəhərində və muxtar respublikanın bəzi rayonlarında apardığımız müşahidələr isə yaşıllıqların qorunması və salınmış bağlara qulluq məsələsində diqqət tələb edən məqamların olduğunu göstərir.
Yaşıllığın içində yarımçıq qalan iş
İlk ünvanımız Naxçıvan şəhərində sakinlərin “Bağ” kimi tanıdığı Əcəmi seyrəngahı oldu. Yaşıllığı və istirahət imkanları ilə seçilən ərazidə bəzi sahələrdə qazıntı işləri aparılıb. Torpaq işlərindən sonra həmin ərazilərin əvvəlki vəziyyətinə tam qaytarılmadığı görünür. Bu isə yaşıllıq sahələrində aparılan işlərdən sonra bərpa və nəzarətin necə həyata keçirildiyi barədə sual yaradır.
Ağacın pasportu var, QR kodu susur
Diqqətimizi çəkən digər məqam isə ağacların üzərindəki QR kodlar oldu. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerləşdirilən bu kodlar ağacların kimliyini və tarixini müəyyən etməyə imkan verməlidir. Lakin təxminən, on ağac üzərində apardığımız yoxlama zamanı kodların heç birinin işləmədiyini müşahidə etdik. Beləliklə, ağacların rəqəmsal pasportu var, amma həmin pasporta daxil olmaq mümkün deyil.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin əməkdaşı Rəmzi Əliyevin verdiyi məlumata görə, muxtar respublika ərazisində ağacların nömrələnməsi və inventarlaşdırılması işləri aparılır. Bu günədək 600-ə yaxın ağac inventarlaşdırılaraq nömrələnib. Bildirilib ki, sonuncu sifariş verilən QR kodlarda yararsızlıqlar yaranıb. Buna görə yeniləri sifariş verilib, portalda da yenilənmə işləri davam etdirilir. Yararsız kodlar yeniləri ilə əvəzlənəcək.
İnventarlaşdırma, əlbəttə, vacib addımdır. Lakin ağacın nömrələnməsi ilə iş bitmir. Həmin ağacın sonrakı vəziyyətinin izlənilməsi, məlumatların işlək sistemdə saxlanılması və ağacların qorunmasına nəzarət də eyni dərəcədə əhəmiyyətlidir.
Suya yaxın, sudan uzaq
Növbəti ünvanımız Duzdağ yolunun kənarında yerləşən üzüm bağıdır. Hektarlarla ərazini əhatə edən bağın hazırkı vəziyyəti isə ürəkaçan deyil. Vaxtilə məhsul verməsi nəzərdə tutulan üzüm kollarının böyük hissəsi quruyub. Ərazidə məhsuldar bağdan daha çox qurumuş üzüm kolları ilə qarşılaşırsan. Burada da sual yaranır: salınan bağın sonrakı vəziyyətinə kim nəzarət edir? Əkilən kolların suvarılması, onlara qulluq göstərilməsi və məhsuldarlığının təmin olunması necə həyata keçirilir?
Eyni mənzərə ilə Babək rayonunun Məzrə kəndi yaxınlığında, Naxçıvançayın sahilində salınan meyvə bağında da qarşılaşdıq. Bir neçə il əvvəl burada 7 min ədəd müxtəlif meyvə tinginin əkildiyi bildirilirdi. Bu gün isə ərazidə, əsasən, qurumuş ağac və kollar görünür. Buradakı mənzərə isə daha düşündürücü bir təzad yaradır: ağacların yaxınlığında böyük su hövzəsi görünür, amma vaxtilə əkilən tinglərin böyük hissəsi quruyub. Su göz önündədir, bağ isə susuz. Bu mənzərə istər-istəməz suyun mövcudluğundan deyil, mövcud sudan bağın suvarılması üçün necə və nə dərəcədə istifadə olunması sualını doğurur.
Əslində, burada əsas məqam neçə tingin əkilməsi deyil, bu gün onların neçəsinin yaşamasıdır. Çünki 7 min tingin torpağa əkilməsi görülən işin başlanğıcıdır. Əsas nəticə isə həmin tinglərin yaşadılması, böyüdülməsi və illər sonra məhsuldar bağa çevrilməsidir.
7 min tingdən neçə ağac qaldı?
Fərqli ünvanlar, fərqli problemlər. Amma ortaq məqam birdir: görülən işin davamlılığına və nəticəsinə nəzarət. Parkda qazıntıdan sonra əvvəlki vəziyyətə qaytarılmayan sahələr, işləməyən QR kodlar, quruyan üzüm kolları, yaşadılmayan meyvə tingləri… Bütün bunlar göstərir ki, yaşıllıq yaratmaq qədər onu qorumaq, ağac əkmək qədər ona qulluq etmək də vacibdir.
Məsuliyyət yalnız qurumların üzərində deyil
Amma məsuliyyəti yalnız dövlət qurumlarının və aidiyyəti təşkilatların üzərinə qoymaq da düzgün olmaz. Ətraf mühitin qorunması, ilk növbədə, hər bir vətəndaşın gündəlik davranışından başlayır. Yaşıllıq sahələrinin salınmasına və ağacların əkilməsinə milyonlarla manat vəsait, böyük əmək və resurs sərf oluna bilər. Lakin əkilən ağaca sonradan qulluq edilmirsə və ya ona vətəndaş tərəfindən zərər vurulursa, görülən işin nəticəsi gözlənilən səviyyədə olmayacaq.
Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsində ətraf mühitin qorunmasının hər bir şəxsin borcu olduğu təsbit edilib. Deməli, söhbət yalnız aidiyyəti qurumların vəzifəsindən deyil, həm də vətəndaş məsuliyyətindən gedir. Ona görə də məsələyə hər iki tərəfin məsuliyyəti prizmasından yanaşmaq lazımdır. Dövlət qurumları görülən işlərin keyfiyyətinə və davamlılığına nəzarəti gücləndirməli, çatışmazlıqları aradan qaldırmalı, salınan yaşıllıq sahələrinin sonrakı vəziyyətini diqqətdə saxlamalıdır. Vətəndaşlar isə yaradılan imkanlardan düzgün istifadə etməli, ağaclara və ətraf mühitə münasibətdə məsuliyyətli davranmalıdırlar.
Çünki yaşıllıq salmaq bir günün işi deyil. Ağac əkmək başlanğıcdır, onu yaşatmaq isə davamlı məsuliyyətdir. Əkilən hər ağac yalnız torpağa basdırılmış ting deyil, gələcəyə qoyulan sərmayədir. Onu yaşatmaq isə hamımızın məsuliyyətidir.
Nail Əsgərov
Digər xəbərlər