NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Naxçıvanda Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib

...

Görkəmli bəstəkar, publisist və pedaqoq Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr ölkəmizdə "Milli Musiqi Günü" kimi qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.
Musiqi bayramında hökumət və ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri və xor kollektivi, eləcə də Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları çıxış ediblər.
Musiqi axşamı dahi bəstəkarın Xalq Çalğı Alətləri Orkestrinin təqdimatında “Koroğlu” operasından “Üvertura” ilə başlayıb. Ardınca “Sənsiz” romansı, “Leyli və Məcnun” operasından “Müqəddimə” və “Şəbi-hicran xoru” əsərləri təqdim olunub.
Eyni zamanda konsertdə görkəmli bəstəkarlar Rauf Məmmədov, Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mirişli, Cahangir Cahangirov və Bəhram Nəsibovun əsərləri səsləndirilib.
Əsərlər Əməkdar artistlər – Gülyanaq Fərzəliyeva və Elçin Nağıyevin, Prezident mükafatçıları İlkin Abdullayev və Nərmin Hüseynovanın, solistlər – Emin Hüseynov və Əfsanə Babayevanın, həmçinin Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları Rəsmiyyə Xəlilova, Küşvər Əliyeva və Nemət Qubadlının təqdimatında səslənib.
Qeyd edək ki, Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər-dirijoru Prezident mükafatçısı Hakim Məmmədov, Kamera Orkestrinin bədii rəhbər-dirijoru Prezident mükafatçısı Cahangir Qurbanov, xormeyster isə Prezident mükafatçısı İlhamə Şirəliyevadır.
Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru ilə başa çatıb.
Milli Musiqi Gününə həsr olunmuş musiqi şöləsi tamaşaçılar tərəfindən xoş ovqat və sürəkli alqışlarla qarşılanıb.

Nəşr edilib : 18.09.2026 21:21