NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Azərbaycan və AİB enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

...

Energetika naziri Pərviz Şahbazov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının icraçı direktoru Satya Srinivasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanla AİB arasında enerji sahəsində uzunmüddətli əməkdaşlıq yüksək qiymətləndirilib, bərpaolunan enerji, regional yaşıl enerji dəhlizləri, elektrik şəbəkələrinin gücləndirilməsi, dənizdə külək enerjisi layihələrinin inkişafı və istilik təchizatı üzrə tərəfdaşlığın inkişafı müzakirə edilib.

Nazir Azərbaycanın enerji təhlükəsizliyində rolu, enerji sisteminin şaxələndirilməsi və bərpaolunan enerjinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, gələn il bərpaolunan enerji mənbələrinin ümumi quraşdırılmış gücdə payının 30 faizi ötəcəyi gözlənilir. Əlavə yaşıl enerji güclərinin sistemə inteqrasiyası imkanlarının müəyyənləşdirilməsi məqsədilə şəbəkə tədqiqatı aparılır. Süni intellekt, data mərkəzləri və rəqəmsallaşmanın elektrik enerjisinə tələbatı artırması fonunda generasiya ilə yanaşı, ötürmə imkanlarının və regional interkonnektorların inkişafının əhəmiyyəti vurğulanıb. “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, “Azərbaycan-Mərkəzi Asiya” və Naxçıvandan keçməklə Türkiyə və Avropa istiqamətində yaşıl enerji dəhlizləri üzrə görülən işlər nəzərdən keçirilib. AİB-in dəstəyi ilə həyata keçirilən Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında tamamlanmasının nəzərdə tutulduğu qeyd edilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırmanın nəticələri barədə məlumat verilib. Üç mərhələdə ümumilikdə təxminən 4 giqavat ötürmə gücü ilə reallaşdırılması nəzərdə tutulan layihənin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutlarının iştirakı imkanlarına toxunulub.

Həmçinin bərpaolunan enerji layihələrində özəl sektorun iştirakı, AİB-in maliyyə dəstəyi imkanları, istilik təchizatı sektorunun inkişafı üzrə texniki yardım layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə AİB-nin iqlim fəaliyyəti, özəl sektor və regional əməkdaşlıq üzrə prioritetlərinin Azərbaycanın enerji gündəliyi ilə uyğunluq təşkil etdiyi, xüsusilə bərpaolunan enerji və regional bağlantılar üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib.

Nəşr edilib : 15.09.2026 17:46