NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

...

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir.
"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio ilə görüş keçirilib. Görüşdə nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Görüşdə İtaliyanın təchizatçı şirkətləri tərəfindən Azərbaycanda müasir kənd təsərrüfatı texnikalarının təqdimatının keçirilməsi məsələsi müzakirə edilib.
İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, federasiya müasir kənd təsərrüfatı texnika və avadanlıqları istehsal edən şirkətləri özündə birləşdirir. Mariateresa Maschio aqrar sahədə Azərbayanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Görüşdə kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycanın kənd təsərrüfatı texnikaları parkının yenilənməsi və mexanizasiya səviyyəsinin artırılması, ölkəmizdə İtaliya Kənd Təsərrüfatı Texnikası Mərkəzinin yaradılması perspektivləri, resurslara qənaət edən texnologiyaların təşviqinə yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nəşr edilib : 27.06.2025 22:18