Putinlə Tramp Rusiya-Ukrayna münaqişəsini və İranı...
00:30 10.10.2026
0
0
0
NAXÇIVAN :
10 Oktyabr 2026, Şənbə
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində, “Avaza” Kompleksində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ölkəmizin region dövlətləri ilə münasibətlərində yeni mərhələnin mühüm göstəricisi oldu. Görüş Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının artıq ənənəvi siyasi dialoq çərçivəsini aşaraq iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal bağlantılar və humanitar sahələri əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrildiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı isə bu əməkdaşlığın prioritetlərini, mövcud imkanlarını və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması görüşün siyasi əhəmiyyətini artıran əsas amillərdəndir. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən 7-ci Məşvərət görüşündə Azərbaycanın tamhüquqlu iştirakı ilə bağlı prinsipial qərarın qəbul edilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsi, daha geniş regional əməkdaşlıq məkanının formalaşdırılması baxımından yeni imkanlar yaradıb. Prezident İlham Əliyev Türkmənbaşıdakı çıxışında bu qərara yekdilliklə dəstək verdiklərinə görə, həmkarlarına təşəkkür edib, xüsusilə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü qeyd edib. Əslində, Azərbaycanın formata tamhüquqlu iştirakı məsələsinin 2025-ci ilin avqustunda məhz Avazada irəli sürülməsi bu prosesin ardıcıl siyasi dialoq və qarşılıqlı etimad əsasında inkişaf etdiyini göstərir.
Bu qərarın əhəmiyyəti yalnız görüşlərin coğrafiyasının genişlənməsi ilə məhdudlaşmır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tarixi, mədəni və iqtisadi əlaqələrin daha sıx siyasi əməkdaşlıq müstəvisinə keçməsi regionun beynəlxalq nəqliyyat, enerji və ticarət əlaqələrində mövqeyini gücləndirə bilər. Beləliklə, Azərbaycan artıq bu formatda əməkdaşlığın kənardan tərəfdaşı deyil, regional gündəliyin formalaşmasında iştirak edən mühüm siyasi aktordur.
Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafı da geniş regional əməkdaşlığın möhkəm ikitərəfli təməllərə söykəndiyini təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə beş səfər həyata keçirilib. Bu intensiv təmaslar qarşılıqlı etimadın möhkəmlənməsinə, siyasi dialoqun davamlı xarakter almasına və əlaqələrin yeni istiqamətlər üzrə genişlənməsinə şərait yaradır. İkitərəfli münasibətlərin bu səviyyəsi Xəzər hövzəsində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırır.
Əlaqələrin möhkəmliyi yalnız siyasi görüşlərin intensivliyi ilə deyil, onların konkret nəticələrlə müşayiət olunması ilə ölçülür. Bu baxımdan, humanitar əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa olunması Azərbaycan-Türkmənistan qardaşlığının rəmzi ifadələrindən biridir. Ötən il məscidin təməlqoyma mərasimində hər iki ölkənin nümayəndələrinin iştirakı bu münasibətlərin mənəvi və mədəni əsaslarını bir daha nümayiş etdirib.
Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə verdiyi töhfələr də regional həmrəyliyin əməli ifadəsidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi bu dəstəyin konkret nümunələridir. Həmin layihələr təhsil və mədəniyyət infrastrukturunun inkişafına töhfə verməklə yanaşı, dostluq münasibətlərinin gələcək nəsillər arasında da möhkəmlənməsinə xidmət edir. Bu, regional tərəfdaşlığın siyasi bəyanatlarla məhdudlaşmadığını, real layihələr vasitəsilə möhkəmləndiyini göstərir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi də əməkdaşlığın praktik nəticələrini ortaya qoyur. Prezident İlham Əliyevin bildirdiyinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Bu göstəricilər qarşılıqlı iqtisadi maraqların gücləndiyini və biznes əlaqələrinin inkişafı üçün əlverişli mühitin formalaşdığını göstərir.
Bununla belə, iqtisadi əməkdaşlığın gələcək perspektivləri yalnız ticarət dövriyyəsinin artması ilə müəyyənləşmir. Əsas məsələ mövcud potensialın birgə investisiyalar, istehsal kooperasiyası və yeni bazarlara çıxış imkanları vasitəsilə daha səmərəli reallaşdırılmasıdır. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması bu baxımdan mühüm addımdır. Prezident İlham Əliyevin həmin fondların imkanlarından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulaması əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçidi baxımından diqqətəlayiqdir.
Birgə investisiyaların artırılması, yeni istehsal müəssisələrinin yaradılması, məhsulların qarşılıqlı bazarlara və üçüncü ölkələrə çıxarılması regional iqtisadi əlaqələri daha dayanıqlı edə bilər. Belə əməkdaşlıq ölkələr arasında ticarət əlaqələrini genişləndirməklə yanaşı, istehsal zəncirlərinin formalaşmasına, biznes əlaqələrinin dərinləşməsinə və iqtisadi imkanların bir-birini tamamlamasına da şərait yaradar.
Nəqliyyat və logistika sahəsi Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının strateji əhəmiyyətini müəyyənləşdirən başlıca istiqamətlərdəndir. Xəzər dənizi region ölkələrini Azərbaycan vasitəsilə Qərb bazarları və beynəlxalq nəqliyyat şəbəkələri ilə birləşdirən mühüm bağlantı məkanıdır. Son illərdə Azərbaycanda dəniz limanlarının, hava limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına yatırılan investisiyalar ölkənin tranzit imkanlarını genişləndirib. Bu infrastrukturun daha da təkmilləşdirilməsi yükdaşımaların səmərəliliyinin artırılması və Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Müasir dövrdə regional bağlantılar yalnız fiziki infrastrukturla məhdudlaşmır. Rəqəmsal kommunikasiya imkanları da iqtisadi münasibətlərin sürətinə və səmərəliliyinə birbaşa təsir göstərir. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində görülən işlər regionun rəqəmsal əlaqələrinin gücləndirilməsinə xidmət edir. Bu təşəbbüslər Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, rəqəmsal bağlantıların inkişafında da mühüm rol oynamaq potensialını artırır.
Orta Dəhlizin inkişafı isə Azərbaycanla Mərkəzi Asiya ölkələrinin ortaq maraqlarını birləşdirən əsas strateji istiqamətlərdən biridir. Prezident İlham Əliyevin bildirdiyinə görə, ötən il marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə, təxminən, 20 faiz artıb. Bu dinamika marşrutun beynəlxalq yükdaşımalar sistemində artan əhəmiyyətini göstərir. Eyni zamanda mövcud artım Orta Dəhlizin rəqabət qabiliyyətinin davamlı şəkildə yüksəldilməsi üçün infrastrukturun modernləşdirilməsi, limanlar arasında əlaqələndirmənin gücləndirilməsi və logistika proseslərinin optimallaşdırılması zərurətini də önə çıxarır.
Energetika sahəsində əməkdaşlıq regional tərəfdaşlığın digər mühüm sütunudur. Azərbaycan Mərkəzi Asiyadan beynəlxalq bazarlara enerji resurslarının nəqlində əhəmiyyətli tranzit mövqeyinə malikdir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə daşınması Xəzəryanı ölkələr arasında enerji əlaqələrinin inkişafına, nəqliyyat infrastrukturundan qarşılıqlı faydalı istifadəyə şərait yaradır. Bu əməkdaşlığın genişlənməsi enerji resurslarının dünya bazarlarına çıxış imkanlarının şaxələndirilməsi baxımından da əhəmiyyətlidir.
Bununla yanaşı, bərpa olunan enerji sahəsində əməkdaşlıq region üçün yeni inkişaf perspektivləri açır. Azərbaycanın Qazaxıstan və Özbəkistanla birlikdə “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində apardığı işlər Xəzər hövzəsinin və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialından daha səmərəli istifadə edilməsinə yönəlib. Bu təşəbbüsün perspektivi yalnız elektrik enerjisinin ötürülməsi imkanları ilə deyil, enerji infrastrukturunun əlaqələndirilməsi, investisiyaların cəlb edilməsi və ekoloji dayanıqlı inkişafın təşviqi ilə də bağlıdır. Beləliklə, ənənəvi enerji əməkdaşlığı ilə “yaşıl enerji” təşəbbüslərinin paralel inkişafı regionun enerji əlaqələrini daha çoxşaxəli edə bilər.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də regional əməkdaşlığın əsas şərti kimi sülhün, təhlükəsizliyin və sabitliyin önə çəkilməsi idi. İqtisadi və infrastruktur layihələrinin uğuru, ilk növbədə, dövlətlər arasında qarşılıqlı etimadın qorunmasından, siyasi sabitliyin təmin edilməsindən və ortaq maraqlar əsasında fəaliyyət göstərilməsindən asılıdır. Bu mənada, Məşvərət görüşü yalnız iqtisadi əməkdaşlıq imkanlarının müzakirə olunduğu platforma deyil, həm də regional dialoqun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətli siyasi mexanizmdir.
Türkmənbaşı görüşünün yekununda “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ın imzalanması əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədlər Azərbaycanın tamhüquqlu iştirakı ilə genişlənən formatda qarşılıqlı fəaliyyətin təşkilati çərçivəsinin müəyyənləşdirilməsinə xidmət edir.
Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatına sədrlik edəcəyinin açıqlanması isə ölkəmizin regional əməkdaşlıqda artan rolunun daha bir göstəricisidir. Sədrlik Azərbaycana mövcud təşəbbüslərin davam etdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin təşviqi və ortaq gündəliyin zənginləşdirilməsi baxımından əlavə imkanlar yaradacaq. Bu imkanlardan səmərəli istifadə olunması siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və energetika layihələrinin uzlaşdırılması, habelə humanitar münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin formalaşdığını nümayiş etdirdi. Azərbaycanın formata tamhüquqlu üzv kimi qoşulması, iqtisadi əlaqələrin genişlənməsi, Orta Dəhlizin inkişafı, enerji əməkdaşlığı və humanitar layihələr regionda qarşılıqlı asılılığı və ortaq maraqları gücləndirən amillərdir. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və beynəlxalq iqtisadi əlaqələri bu əməkdaşlığın daha geniş miqyas alması üçün əlverişli imkanlar yaradır.
Bu əməkdaşlığın gələcək uğuru mövcud təşəbbüslərin ardıcıl həyata keçirilməsindən, qarşılıqlı investisiyaların artırılmasından və regional bağlantıların daha da gücləndirilməsindən asılıdır. Türkmənbaşı görüşü isə Azərbaycanla Mərkəzi Asiya ölkələrinin qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli inkişaf məqsədlərinə əsaslanan tərəfdaşlığını möhkəmləndirmək üçün mühüm siyasi zəmin formalaşdırıb.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər