Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
09:53 11.10.2026
0
0
0
NAXÇIVAN :
11 Oktyabr 2026, Bazar
Yolun son döngəsini aşırıq, gözlərimizin önündə tamam başqa bir mənzərə açılır. Yaydan yenicə çıxan kənddə “şıltaq payızın” üzünü hiss etmirik. Sanki burada təbiət öz rənglərini iki fəsil aralığında daha səxavətlə səpələyib. Evlərin həyətlərində, yolların kənarında ucalan cəviz ağacları isə bu mənzərənin ayrılmaz hissəsinə çevrilib. Elə bizi də Dərələyəz silsiləsinin cənub yamacından əsən küləyin yüngül toxunuşu ilə kəndin sükutunu xışıltısıyla “pozan” cəviz ağacları qarşılayır. Başları buludlara söykənən bu ağacların gövdəsində illərin izini görürük. Onlar bu kənddə neçə-neçə nəslin böyüdüyünü, neçə uşağın kölgələrində oynadığını, neçə qocanın budaqlarına söykənərək dincəldiyini görüb. Kəndin canlı xatirələridir sanki. Bəlkə danışa bilsəydilər, bu torpağın sirləri haqqında insana nələr-nələr söyləyərdilər...
Köçlərin məskən saldığı yurd yeri
Aşağı Buzqovda illərdir, torpağa kök salan bu cəviz ağacları təkcə kəndin təbiətinə deyil, insanların həyatına da öz möhürünü vurub. Küçələrində irəlilədikcə insanı qəribə bir sakitlik müşayiət edir. Küləyin yarpaqlarla pıçıldaşması, eyni zamanda İmaməli Əsgərovun asta səslə kənd haqqında danışması bu sakitliyə xüsusi ahəng qatır. Deyir ki, bəlkə də, Buzqovu gözəl edən yalnız ağacların çoxluğu deyil, insanla təbiətin bir-birinə münasibətidir: “Biz ona qulluq edirik, o da kölgəsini, meyvəsini bizə bəxş edir”. Kəndin tarixinin əsrlərlə ölçüldüyünü vurğulayır: “Kəndin qədim sakinləri, əsasən, Şərur-Dərələyəz bölgəsindən olan elatlar bu ərazilərdən yaylaq kimi istifadə ediblər. Zaman keçdikcə ulu əcdadlarımız bu ərazilərdə məskunlaşaraq daimi yurd salıblar. Buranın qədim sakinləri arasında üç böyük tayfanın adı xüsusilə çəkilir: almıranlılar, söylənlilər və sultanlılar. Onların qədim məşğuliyyət və adət-ənənələri bu günədək yaşadılır”.
Kəndin adının mənası da bu yurd yerinin qədimliyindən soraq verir. “Buzqov” sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Adın qədim türk tayfalarından olan Buz tayfalarının adı ilə bağlı olduğu xüsusi vurğulanır. “Buz” və “qov” sözlərinin birləşməsindən yaranan Buzqov adının həmin tayfaların mal-qara, davar və ilxı saxladıqları ərazi mənasını ifadə etdiyi də qeyd olunur. Kənddə daimi yaşayışın, təxminən, üçəsrlik tarixə malik olduğu bildirilir. Bununla belə, bu ərazilərdə insanların daha qədim dövrlərdən məskunlaşdığı söylənilir. Buzqovun tarixi yalnız adıçəkilən üç tayfa ilə məhdudlaşmır. Sonrakı dövrlərdə müxtəlif tayfalar buraya gəlib yerli əhali ilə qaynayıb-qarışıblar. Məsələn, Sultanlı tayfasının Cəbrayıl rayonunun Sultanlı kəndindən gəldiyi, əvvəlcə aşağı ərazilərdə, sonralar isə daimi axar su mənbəyinə yaxın yer axtararaq Buzqovda məskunlaşdığı bildirilir. Almıranlı tayfasının isə Qərbi Azərbaycandan gəldiyi söylənilir. Həmin ərazilərdə qışın daha sərt keçməsi səbəbindən elatlar qış və yaz aylarında daha mülayim iqlimli ərazilərə, o cümlədən Buzqov istiqamətinə köç ediblər. Sonralar isə burada daimi məskunlaşıblar.
Beləliklə, ilkin köçlərin əsas səbəblərindən biri heyvandarlıq olub. İnsanlar əvvəlcə bu ərazilərdən yaylaq kimi istifadə edib, zaman keçdikcə burada yurd salaraq daimi yaşamağa başlayıblar.
Bir qadına ehtiramın nümunəsi
Kəndin yaşlı sakinlərindən Səmayə nənə deyir ki, Buzqovun müxtəlif tayfalardan formalaşmasına baxmayaraq, burada hamı bir-birinə qohumdur. Kənddə insanlar bir-birinə mehriban münasibət bəsləyir, dar gündə bir-birinə dayaq olurlar. Elə bu da kəndin ən gözəl xüsusiyyətlərindən biridir. Söhbətimizə qoşulan Vaqif Mahmudov isə Almıranlı tayfasından olduğunu dilə gətirir: “Bu tayfaların hamısı bir-biri ilə qohumdur. Ona görə də kənddə insanlar arasında güclü qohumluq və birlik münasibətləri formalaşıb. Burada yaşayanların əksəriyyətinin keçmişi müxtəlif bölgələrlə, o cümlədən Qarabağla bağlıdır. O dövrdə baş verən hadisələr insanları öz yurdlarını tərk etməyə məcbur edib. İnsanlar təhlükəsiz yerlərə köçərək burada məskunlaşıblar. Buranın ən gözəl adəti isə insanların bir-birinə sahib çıxmasıdır. Kənddə hamı bir-birini tanıyır. Kimin çətinliyi varsa, kənd camaatı onun yanında olur. İnsanlar yaxşı gündə də, pis gündə də bir-birinə dayaq dururlar”.
Aşağı Buzqova qonaq gələnləri sakinlər mütləq kəndin yuxarı başında yerləşən bulağa aparırlar. Bu həm qonağa verilən dəyər, həm də bulağın onlar üçün nə qədər önəm kəsb etdiyi anlamına gəlir. “Gülü yurdu” bulağı qadına verilən dəyərin bariz nümunəsidir. Bulağın adı da burada məskunlaşmış qədim sakinlərdən birinin adı ilə bağlıdır. Rəvayətə görə, həmin xanım ilk dəfə bulağın ətrafında yurd salıb. Bulaq da həmin əraziyə və xanımın adına uyğun olaraq “Gülü yurdu” adlandırılıb. Kənddəki pirə yaxın ərazidə yerləşən bulağın sakinlər üçün həm tarixi, həm də mənəvi əhəmiyyəti var. Səmayə Ələkbərova kənddə qədimdən qalan inanclarla bağlı adətlərin olduğunu da xatırlayır: “Bu bulaq dağlardan gələn sulardan yaranıb. Su daşların arasından axaraq təbii şəkildə bulaq əmələ gətirir. Bulaqdan bir qədər aşağıda isə pir yerləşir. Biz həmişə, xüsusilə bayramlarda həmin pirə gedərik. Oraya su aparıb-gətirərik, ziyarət edərik. Əvvəllər bu cür adətlər daha çox qorunurdu. İlaxır çərşənbələrdə, bayramlarda insanlar birlikdə çaylara gedər, müxtəlif mərasimlər keçirərdilər. Heyvanları da çay suyundan keçirərdik. Çaydan çınqıl-daş gətirib müəyyən mərasimlərdə istifadə edərdik. İndi bunların çoxu artıq yoxdur. Zaman dəyişdikcə adətlər də dəyişir”.
Cəvizi ilə tanınan kənd
Kənddə torpaqla insan arasındakı münasibət illərin sınağından keçib. Odur ki, buranın yaşıllığı həm də onun bərəkətidir. Dağlıq ərazidə yerləşməsi isə kəndin iqliminə müsbət yöndə təsir edir, təbii və sərin hava meyvələrin keyfiyyəti və məhsuldarlığı üçün əlverişli şərait yaradır. Aşağı Buzqovda müxtəlif növ meyvələr yetişsə də, kənd daha çox cəvizi ilə tanınır. Hətta yerli sakinlər deyir ki, başqa bölgənin məhsulunu satanda belə, “Buzqov cəvizidir” deyə təqdim edirlər. Bunun əsas səbəbi kəndin dağlıq ərazidə yerləşməsidir. Sərin iqlim cəvizin keyfiyyətinə müsbət təsir göstərir, ləpəsi ağ və keyfiyyətli olur. Ona görə də Buzqov cəvizi digər bölgələrin məhsulundan çox fərqlənir.
Yerli sakinlərə görə kəndin ən böyük sərvəti torpağı, əsas dəyəri isə insanların bir-birinə bağlılığıdır. Burada həyat bəlkə şəhərdəki qədər sürətli deyil, zamanın axışı bir qədər yavaşdır. Amma Aşağı Buzqovda hər ağacın, hər həyətin, hər insanın öz hekayəsi var. Hekayələrə “sığınıb” kənddən ayrılmaq asandır, amma kəndi insanın içindən çıxarmaq çətindir. Bizim kəndlərin elə taleyi budur: insanlar gedir, illər ötür, evlər köhnəlir, ağaclar böyüyür. Xatirələr isə “Gülü yurdu”nun suyu kimi axıb yaddaşlarda qalır...
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər