NAXÇIVAN :

13 Noyabr 2026, Cümə

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb

...

Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə panel müzakirələr təşkil olunub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, müzakirələrdə iştirak edən iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov şəhərlərin ekoloji dayanıqlılığının gücləndirilməsi, çirklənmiş ərazilərin bərpası və daha əlverişli yaşayış mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini və Azərbaycanın bu sahədə təcrübəsini vurğulayıb. Həmçinin bu istiqamətdə kompleks yanaşmanın tətbiqi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və regional əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib.

Tədbirdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmaqda olan “Yaşanılabilən Bakı” layihəsi barədə məlumat verilib. Layihənin tullantıların idarə olunması, çirklənmiş göllərin və torpaq sahələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması və dayanıqlı şəhər mühitinin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan pavilyonunda “Yaşanılabilən Bakı” layihəsinə dair məlumatlar da nümayiş etdirilib.

Nəşr edilib : 13.11.2026 17:40