Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Redaksiyamızın qonağı Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş kəmər güləşi üzrə dünya çempionatının qaliblərindən biri olan Namiq Əlizadədir. O, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında 65 kiloqram çəki dərəcəsində çıxış edərək Suriya və Tacikistan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə isə Rusiya idmançısına uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. Bu onun beynəlxalq arenada ilk böyük uğurudur.
İdmana 2013-cü ildən başlayan Namiq deyir ki, sərbəst güləş üzrə ilk addımlarımı Faiq İsgəndərovun rəhbərliyi altında atıb. Bu gün qazandığı uğurların təməlində həm onun, həm də atasının böyük rolu var: “Onlar olmasaydı, bu idman növündə heç bir nailiyyət əldə edə bilməzdim”, – deyə gənc idmançı bildirir.
Hazırda Namiq təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirir. Elə burada da yeni bir idman növü – kəmər güləşi ilə tanış olub və bu sahədə də özünü sınamağa başlayıb. Qısa müddətdə bu növü mənimsəyən Namiq artıq beynəlxalq yarışlarda uğurla çıxış edir.
Kəmər güləşi üzrə məşqçisi Şahin Bəşirovun dəstəyi isə onun bu uğuruna birbaşa təsir göstərib: “Şahin müəllim bizə həm fiziki, həm də psixoloji baxımdan böyük dayaq oldu. Onun düzgün istiqamətləndirməsi sayəsində yarışlara tam hazır vəziyyətdə qatıldıq. Döşəyə çıxmazdan əvvəl verdiyi taktiki göstərişlər, rəqibin zəif tərəflərindən necə istifadə olunmasını izah etməsi bizim üçün çox dəyərli idi”.
Son iştirak etdiyi beynəlxalq turnir barədə də danışan həmsöhbətim deyir: “İlk görüşüm suriyalı idmançı ilə oldu və 7:0 hesabı ilə tam üstünlüklə qalib gəldim. Daha sonra tacikistanlı rəqibimi də eyni hesabla məğlub etdim. Final görüşündə isə rus idmançısına qarşı gərgin mübarizə apardım. Təəssüf ki, fiziki çatışmazlıqlar özünü göstərdi və bu qarşılaşmada uduzdum. Lakin dünya çempionatında gümüş medal qazanmaq mənim üçün böyük stimuldur. Qarşıya məqsəd qoymuşam ki, daha çox çalışım, öz üzərimdə işləyim və növbəti yarışlarda üçrəngli bayrağımızı ən yüksək zirvədə dalğalandırım. İnşallah, növbəti yarışdan qızıl medalla Vətənə dönəcəyəm”, – deyə idmançı sonda vurğuladı.
Biz də gənc idmançımıza növbəti yarışlarda yeni uğurlar arzulayırıq!
Əhməd ƏHMƏDOV
Digər xəbərlər