NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Elnur Soltanov: “Xalis sıfır emissiya” öhdəliyi götürən Qarabağ Azərbaycanın iqlim strategiyasında örnək region kimi təqdim olunur

...

“İstilik təchizatı haqqında” qanun layihəsi ilə istilik sistemlərinin idarə olunmasında daha çevik və fərdi yanaşma imkanları yaradılır. Artıq tarif anlayışı əvvəlki qədər əhəmiyyət daşımayacaq. Vətəndaşlar bu məsələdə sərbəst seçim hüququna sahib olacaqlar – istər dövlət qurumuna, istərsə də alternativ təminatçılara müraciət edərək xidmət ala biləcəklər. Hətta sakinlərin birləşərək kooperativ şəkildə öz istilik sistemlərini idarə etməsi də mümkün olacaq.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

O, həmçinin Qarabağda mərkəzləşdirilmiş istilik sistemlərinin qurulmasından danışaraq bunun əsas prioritetlərdən biri olduğu diqqətə çatdırıb. “Bu ərazi 2050-ci ilədək “xalis sıfır emissiya” öhdəliyi götürən yeganə bölgədir və bu, Azərbaycanın iqlim strategiyasına uyğun olaraq beynəlxalq miqyasda nümunə kimi təqdim edilir. Qarabağda icra olunan enerji layihələri təkcə texnoloji inkişafı deyil, həm də ətraf mühitin qorunmasını təmin etməyə yönəlib”, - deyə nazir müavini əlavə edib.

Nəşr edilib : 04.06.2025 12:39