Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazı...
18:34 13.11.2026
0
0
0
NAXÇIVAN :
13 Noyabr 2026, Cümə
Fermerlər çəkdikləri zəhmətin bəhrəsini görmək üçün suvarma suyunun vaxtında və fasiləsiz verilməsini gözləyirlər
Payızın torpağa hopan sərin nəfəsi Kəngərlinin əkin sahələrində yeni bir zəhmət mövsümünün başlandığından xəbər verir. Torpağa səpilən hər bir toxum fermerin aylarla bəslədiyi ümidin, çəkdiyi zəhmətin və gələcəyə hesablanan planlarının ifadəsidir. Rayonun Xok kəndində də taxıl əkini davam edir. Fermerlər ötən illə müqayisədə əkin sahələrini genişləndirərək daha çox məhsul əldə etməyə hazırlaşırlar. Lakin bu zəhmətin bəhrəsini görmək üçün vacib şərtlərdən biri – suvarma suyu ilə vaxtında və fasiləsiz təminat məsələsi onların əsas narahatlığı olaraq qalır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Kəngərli rayonunda bu günədək 1974 hektar sahədə taxıl əkini həyata keçirilib. Bunun 1711 hektarını arpa, 263 hektarını isə buğda sahələri təşkil edir. Əkilmiş sahələrin 802 hektarında suvarma aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əkin sahələri 858 hektar, suvarılan sahələr isə 581 hektar artıb. Bu göstəricilər rayonda taxılçılığın genişləndirilməsi istiqamətində fermerlərin təşəbbüskarlığının artdığını göstərir.
Ancaq əkin sahələrinin genişlənməsi suya olan tələbatı da artırır. Mövcud göstəricilərə əsasən hazırda əkilmiş sahələrin cəmi 40,6 faizi suvarılıb. Mövsümün hava şəraitinin dəyişkənliyi, qarşıdakı günlərdə temperaturun aşağı düşməsi ehtimalı nəzərə alınarsa, suvarmanın vaxtında aparılması daha böyük əhəmiyyət kəsb edir. Xok kəndində söhbət etdiyimiz fermerlərin sözlərinə görə, bəzi ərazilərdə suvarma suyunun verilməsində yaranan fasilələr sahələrin vaxtında suvarılmasına mane olur.
Torpağa yatırılan zəhmət su gözləyir
Xok kənd sakini Hamil Qasımov 28 hektar sahədə taxıl əkdiyini deyir. Fermerin sözlərinə görə, əkinə başlamazdan əvvəl suvarma ilə bağlı təminat veriləcəyinə ümid edib. Hətta təsərrüfatını genişləndirmək məqsədilə kredit götürərək traktor da alıb. Lakin hazırda onun qarşısında duran əsas çətinlik su çatışmazlığıdır.
“28 hektar torpağım var, əkmişəm, sahələr hazırdır. Amma su yoxdur. Bizə əkin suyu veriləcəyini, kömək göstəriləcəyini deyirdilər. Mən də buna inanıb kredit götürdüm, traktor aldım. Təkcə texnikaya deyil, arpanın səpilməsinə, sahələrin şumlanmasına da 6-7 min manat xərc çəkmişəm. Ancaq indi su gözləyirik. Böyükdüzün, Xokun bəzi ərazilərində su var, amma Yeni Kərki kəndinin sahələrinə su çatmır. Əsas istəyimiz əkin sahələrimizin suvarma suyu ilə təmin olunmasıdır”, – deyə fermer bildirir.
Fermerin sözlərindən də aydın olur ki, əkin prosesinin başa çatması hələ təsərrüfat işlərinin uğurla nəticələnməsi demək deyil. Torpağa yatırılan vəsaitin, çəkilən zəhmətin bəhrəsini verməsi üçün bitkilərin inkişafının ilkin mərhələsindən etibarən vaxtında suvarılması vacibdir.
Digər kənd sakini Elnur Tağıyev də uzun illərdir, əkinçilik və heyvandarlıqla məşğul olur. Ötən il 30 hektar sahədə taxıl əkərək, təxminən, 30 ton məhsul əldə edən fermer bu il əkin sahəsini 40 hektara çatdırıb. Lakin hazırda həmin sahənin yalnız 8 hektarında suvarma aparılıb, qalan 32 hektar ərazi isə suvarılmasını gözləyir.
Fermerin sözlərinə görə, əsas problem su ehtiyatının azlığından daha çox mövcud suvarma xətlərində yaranan nasazlıqların vaxtında aradan qaldırılmaması ilə bağlıdır.
“Su xətlərində qırılmalar var. Su öz istiqamətinə getmək əvəzinə başqa ərazilərə axır, biz isə sahələrimizə su çatdıra bilmirik. Müraciət edirik, üç günə, beş günə düzəldiləcəyini deyirlər. Ancaq günlər keçir, problem yenə də qalır. Vaxt ötür, havalar soyuyur. Biz istəyirik ki, suvarma məsələsinə vaxtında nəzarət edilsin, xətlərdəki nasazlıqlar aradan qaldırılsın və su əkin sahələrinə qrafik üzrə çatdırılsın”, – deyə Elnur Tağıyev vurğulayır.
O bildirir ki, təsərrüfatında beş çoban və beş suçu çalışır. Fermer həm əkinçiliyi, həm də heyvandarlığı inkişaf etdirmək, gələcəkdə daha 10 hektar sahədə buğda əkmək niyyətindədir. Lakin istehsalın genişləndirilməsi üçün, ilk növbədə, su təminatının yaxşılaşdırılması, mövcud suvarma sistemlərinin işlək vəziyyətdə saxlanılması vacibdir.
Taxılçılığın inkişafı üçün əsas şərt – dayanıqlı su təminatı
Xok kəndinin digər sakini, uzun illərdir, taxılçılıqla məşğul olan Şahəddin Zeynalov da suvarma məsələsinin təsərrüfatların gələcək fəaliyyətinə birbaşa təsir göstərdiyini deyir. Ötən il 44 hektar sahədə taxıl əkən fermer bu il əkin sahələrini daha da genişləndirərək 65 hektar buğda, 20 hektar isə arpa sahəsi hazırlayıb.
Onun sözlərinə görə, ərazidə Arpaçay və Araz çayı xətlərindən, eləcə də Uzunoba su anbarından qidalanan suvarma sistemlərindən istifadə olunur. Lakin xüsusilə Uzunoba su anbarından gələn xətlərin mövcud vəziyyəti suyun əkin sahələrinə fasiləsiz çatdırılmasında çətinliklər yaradır.
“Əvvəlki illərdə də suvarma ilə bağlı müəyyən çətinliklərimiz olub, ancaq bu il vəziyyət daha ağırdır. Əkin apardığım ərazidə, təxminən, 300 hektara yaxın taxıl sahəsi var. Bu sahələrin suvarılması üçün tələb olunan su lazımi həcmdə çatdırılmır. Bəzən bir-iki gün su verilir, sonra fasilə yaranır, üç-dörd gün dayanır. Təmir işləri aparılır, lakin problem yenidən təkrarlanır. Biz də istəyirik ki, əkin sahələrimiz vaxtında suvarılsın, çəkdiyimiz zəhmət hədər getməsin. Ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə vermək, daxili bazarın təminatında iştirak etmək üçün əkin sahələrimizi artırmaq istəyirik”, – deyə Şahəddin Zeynalov qeyd edir.
Fermerlərin fikirlərindən də görünür ki, taxıl istehsalının artırılması yalnız əkin sahələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Bu proses suvarma infrastrukturunun işlək vəziyyətdə saxlanılmasını, xətlərdəki nasazlıqların vaxtında aradan qaldırılmasını, su itkilərinin qarşısının alınmasını və əkin sahələrinin müəyyən edilmiş qrafik üzrə su ilə təmin edilməsini tələb edir. Əks halda fermerlərin istehsalı artırmaq üçün göstərdikləri təşəbbüs və çəkdikləri əlavə xərclər gözlənilən nəticəni verməyə bilər.
Kəngərlinin əkin sahələrində bu gün torpağa səpilən toxumlar sabahın məhsuluna hesablanıb. Fermerlər əkin sahələrini genişləndirməklə ölkənin ərzaq təminatına öz töhfələrini verməyə çalışırlar. İndi onların gözləntisi də aydındır: torpağa səpilən toxum vaxtında su alsın, çəkilən zəhmət bəhrəsini versin. Bunun üçün isə suvarma xətlərində yaranan problemlər yalnız təmir vədilə deyil, vaxtında və əsaslı şəkildə aradan qaldırılmalıdır. Çünki taxılçılıqda məhsulun taleyi yalnız toxumdan və torpaqdan deyil, həm də suyun lazımi vaxtda və fasiləsiz çatdırılmasından asılıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” bu istiqamətdə mühüm sənəddir. Planda su infrastrukturunun təkmilləşdirilməsi, mövcud su ehtiyatlarından səmərəli istifadə və kənd təsərrüfatının suvarma suyu ilə təminatının yaxşılaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Qarşıdakı illərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi suvarma sistemlərinin yenilənməsinə, su itkilərinin azaldılmasına və kənd təsərrüfatı istehsalının inkişafına mühüm töhfə verə bilər. Bununla yanaşı, fermerlərin hazırda üzləşdikləri problemlərin operativ həlli, mövcud suvarma xətlərinin vəziyyətinə nəzarətin gücləndirilməsi də diqqətdə saxlanılmalıdır.
Nail ƏSGƏROV
Digər xəbərlər