NAXÇIVAN :

13 Fevral 2026, Cümə

“Kontent” xətrinə təhqir

...

Niyə buna susuruq?

Texnologiyanın həyatımıza sürətlə daxil olması sevindirici hallarla yanaşı, bəzən  narahatedici hallara da gətirib çıxarır. Son dövrlər sosial şəbəkələrdə yayılan bəzi görüntülər isə həm etik, həm hüquqi, həm də mənəvi baxımdan cəmiyyəti narahat etməyə başlayıb. Söhbət yaşlı insanların görüntülərinin süni intellekt vasitəsilə montaj edilərək onların sanki qeyri-etik ifadələr işlətdiyi videoların yayılmasından gedir. Əvvəllər yalnız zarafat və ya yumor adı altında qəbul edilən bu cür “kontentlər” indi artıq bir təhlükə halına gəlib.

İnternetdə “trend” olmaq, izlənmə qazanmaq üçün edilən bu davranışlar yalnız etik qaydaların deyil, insan hüquqlarının da pozulması deməkdir. Yaşlı insanların şəkilləri, səsləri və videoları onların xəbəri və razılığı olmadan süni intellekt alqoritmləri ilə dəyişdirilir. Onların sanki qeyri-etik, vulqar, bəzən isə cəmiyyətə zidd fikirlər söylədiyi videolar hazırlanır və geniş kütlələrə təqdim olunur. Bununla həm yaşlı insanların ləyaqəti alçaldılır, həm də gənc nəsildə yaşlılara qarşı lağ, məsxərə və hörmətsizlik hissi formalaşdırılır.

Ən acınacaqlısı odur ki, bu cür videolar bəzən milyonlarla baxış toplayır və gülüş obyektinə çevrilir. Beləliklə, sosial şəbəkələrdə yaşlı insanlar zarafat mövzusu olmaqla yanaşı, süni şəkildə qeyri etik ifadələr işlətməklə də cəmiyyətin əxlaq dəyərləri ilə oynanılır. Bu isə cəmiyyətin mənəvi aşınmasının bir göstəricisi kimi qiymətləndirilə bilər.

Bu prosesin bir növ zorakılıq forması olduğunu qəbul etmək lazımdır. Psixoloji zorakılıq yalnız birbaşa deyil, dolayı yollarla da həyata keçirilə bilər. Yaşlı bir insanı real həyatda küçəyə çıxarıb “söyüş söy” desəniz, yəqin ki, hər kəs bunun qəbuledilməz olduğunu söyləyər. Amma süni intellektlə bu işi görüb paylaşanda insanlar niyə susur? Niyə bu cür davranışa qarşı çıxmırıq? Niyə bu “zarafatlar” bizi güldürür?

Bu, əslində, empati hissinin ölməsi deməkdir. Sosial şəbəkələrdə “komediya” adı altında təqdim edilən bu videolar cəmiyyətə zərbə vurur. Süni intellektin imkanlarını istismar edərək xüsusilə yaşlı adamları gülünc vəziyyətə salmaq nə texnologiya uğurudur, nə də yaradıcılıq. Bu, sadəcə, hörmətsizlik və mənəvi zorakılıqdır.

Bəs bu cür videoların paylaşılması hansı məsuliyyəti doğurur? Hüquqi tərəfdən baxsaq, şəxsin razılığı olmadan onun səsinin və görüntüsünün dəyişdirilərək paylaşılması şəxsi həyat toxunulmazlığı prinsipini pozur.

Etik cəhətdən isə bu cür paylaşımlar həm media, həm də sosial şəbəkə istifadəçiləri üçün məsuliyyət tələb edir. Media savadlılığı, etik jurnalistika prinsipləri və ictimai dəyərlər əsasında davranmaq vacibdir. Unutmamalıyıq ki, bu gün məsxərəyə qoyulan yaşlılar sabah bizim özümüz ola bilərik.

Sosial şəbəkələrin verdiyi azadlıq bəzi hallarda xaosa çevrilir. İnformasiyanın çoxluğu, sürəti və vizual təsiri insanları düşünmədən hərəkət etməyə “çağırır”. “Bəyən”, “paylaş”, “gül”… Bu düymələrin arxasında bəzən bir insanın həyatının, ləyaqətinin, hörmətinin pozulması gizlənir.

Bu cür videoları izləyib əylənən insanlar fərqində olmadan yaşlı insanlara qarşı aqressivliyi, məsxərəni və alçaltmanı dəstəkləmiş olur. Halbuki yaşlı nəsil bizim köklərimiz, yaddaşımız və tariximizdir. Onlara qarşı bu cür hörmətsiz yanaşma həm ailə, həm cəmiyyət, həm də mənəviyyat adına utancverici haldır.

Belə halların qarşısını almaq üçün bir neçə istiqamətdə ciddi düşünmək və hərəkətə keçmək lazımdır. İlk növbədə, cəmiyyətin maarifləndirilməsi mühüm rol oynayır. Xüsusilə gənc nəslə sosial mediada paylaşdıqları məzmunun mənəvi və etik nəticələrini anlamağı öyrətməli, insanların əyləncə xatirinə başqasının hüquq və ləyaqətinə toxunmasının yolverilməz olduğunu açıq şəkildə izah etməliyik.

Digər tərəfdən, süni intellekt texnologiyasından istifadə edən kontent istehsalçılarının məsuliyyət daşıması vacibdir. Texnologiyanı yaradıcılıq, təhsil və informasiya yayımı kimi müsbət sahələrdə istifadə etmək əvəzinə şəxsləri məsxərəyə qoymaq üçün istismar etmək həm cəmiyyətə, həm də texnologiyanın öz imicinə zərər vurur. Platformalarda – “TikTok”, “Instagram”, “YouTube” və digərlərində belə qeyri-etik kontentləri paylaşanlara qarşı daha ciddi nəzarət və senzura tədbirləri tətbiq edilməsinin vaxtı artıq çatıb.

Bununla yanaşı, hüquqi mexanizmləri də gücləndirilməyə ehtiyac var. Şəxsin səsi, görüntüsü və kimliyinin razılıqsız dəyişdirilərək yayılması şəxsi toxunulmazlığa ziddir və bu kimi hallara qarşı konkret hüquqi tədbirlər müəyyənləşdirilməlidir. Etik normaların pozulmasına görə inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulması gələcəkdə bu halların qarşısını ala bilər.

Eyni zamanda süni intellekt sahəsində çalışan mütəxəssislər və yaradıcılar cəmiyyətə xidmət etməyə çalışmalıdırlar. Texnologiya irəlilədikcə onu insan ləyaqətinə hörmət prinsipi ilə müşayiət etmək əsl inkişafın göstəricisidir.

Texnologiya tərəqqi vasitəsidir, təhqir yox. Yaşlı nəslə qarşı süni intellektin köməyi ilə edilən hörmətsizlik cəmiyyət olaraq bizi sarsıdır. Bu videolar təkcə sosial şəbəkələrdəki qısa gülüş anları deyil, həm də bir xalqın mənəvi dəyərlərinin sınağıdır. Əgər bu sınaqdan keçmək istəyiriksə, gülməkdən əvvəl düşünməyi, paylaşmazdan əvvəl sorğulamağı öyrənməliyik.

            Elnurə CƏFƏROVA

NDU-nun Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 12.07.2025 15:00