NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

Müstəqil Azərbaycanın dövlətçilik yolunun və milli-mədəni inkişafının başlanğıcı

...

Azərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il mühüm siyasi və tarixi mərhələ kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Bu mərhələ yalnız siyasi və iqtisadi idarəçilik sahəsində deyil, Azərbaycanın milli-mədəni həyatında, humanitar düşüncəsində, tarixi yaddaşının qorunmasında və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasında da mühüm dəyişikliklərlə səciyyələndi.

Müstəqilliyin ilk illərində Azərbaycan mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi proseslərlə üz-üzə idi. Belə bir şəraitdə dövlət müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və cəmiyyətdə sabitliyin təmin olunması əsas vəzifələrdən idi. Lakin müstəqil dövlət quruculuğu yalnız siyasi idarəetmə və iqtisadi inkişaf məsələləri ilə məhdudlaşmırdı. Dövlətin mənəvi dayaqlarının möhkəmləndirilməsi, milli kimliyin qorunması, dilin, ədəbiyyatın, incəsənətin, tarixi-mədəni irsin inkişaf etdirilməsi də bu prosesin ayrılmaz tərkib hissəsi idi.

Heydər Əliyevin dövlətçilik baxışında mədəniyyət məhz bu baxımdan xüsusi yer tuturdu. Onun “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” fikri mədəniyyətə münasibətin mahiyyətini aydın ifadə edir. Bu yanaşmaya görə, mədəniyyət yalnız estetik və yaradıcılıq sahəsi deyil, xalqın milli kimliyini, tarixi yaddaşını və mənəvi bütövlüyünü qoruyan əsas amillərdən biridir.

Heydər Əliyevin mədəniyyət siyasətinin mühüm xüsusiyyətlərindən biri onun sistemli xarakter daşıması idi. Mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafı ilə yanaşı, bu sahənin hüquqi, institusional və maddi bazasının formalaşdırılmasına da diqqət yetirilirdi. Ümummilli Liderin rəhbərliyi ilə “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Milli Arxiv Fondu haqqında”, “Muzeylər haqqında”, “Nəşriyyat işi haqqında” və digər qanunların qəbul edilməsi mədəniyyət siyasətinin hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm addımlar oldu.

Bu yanaşma milli mədəniyyətin qorunmasının yalnız ayrı-ayrı sənət adamlarının təşəbbüsü ilə deyil, dövlət siyasətinin mühüm istiqaməti kimi qəbul edildiyini göstərirdi. Mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, muzey və kitabxanaların inkişafı, teatr və musiqi kollektivlərinin fəaliyyəti üçün imkanların yaradılması, tarixi abidələrin qorunması və mədəni irsin gələcək nəsillərə ötürülməsi həmin siyasətin əsas istiqamətlərini təşkil edirdi.

Heydər Əliyevin mədəniyyət siyasətində ədəbiyyata xüsusi münasibəti də diqqəti cəlb edir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığının təbliği, yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi və əsərlərinin yeni nəsillərə çatdırılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Ulu Öndərin “Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir” fikri onun ədəbiyyata verdiyi dəyərin göstəricisidir.

Bülbül, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Səməd Vurğun, Mirzə İbrahimov və digər görkəmli sənət və ədəbiyyat xadimlərinin yaradıcılığının geniş şəkildə təbliği, yubileylərinin keçirilməsi milli mədəniyyətin tarixi yaddaşda yaşadılmasına xidmət edirdi. Üzeyir Hacıbəylinin və Cəfər Cabbarlının ev-muzeylərinin, Nəriman Nərimanov və Bülbülün xatirə muzeylərinin yaradılması, Natəvanın abidəsinin və Şuşada Molla Pənah Vaqifin məqbərəsinin inşası mədəni irsin dövlət səviyyəsində qorunmasına nümunə idi.

Bu yanaşma yalnız keçmişin qorunmasına deyil, yeni mədəni mühitin formalaşdırılmasına da yönəlmişdi. Heydər Əliyevin rəhbərliyi dövründə gənc istedadların inkişafına, peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilirdi. Azərbaycan gənclərinin Moskva və Sankt-Peterburq kimi böyük mədəniyyət mərkəzlərində teatr, musiqi və təsviri sənət üzrə ali təhsil almalarına yaradılan imkanlar milli mədəniyyətin peşəkar kadr potensialının formalaşmasına xidmət edirdi.

Teatr sənəti də bu siyasətin mühüm istiqamətlərindən biri idi. Heydər Əliyev teatrı yalnız səhnə sənəti kimi deyil, cəmiyyətin mənəvi və estetik tərbiyəsində mühüm vasitə kimi qiymətləndirirdi. Onun “Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür” fikri sənətə verdiyi əhəmiyyəti göstərir. Teatr xadimləri ilə birbaşa görüşməsi, tamaşalardan sonra yaradıcı heyətlə söhbətləri sənət adamlarına münasibətinin diqqət və qayğı xarakteri daşıdığını göstərirdi.

Mədəni siyasətin digər mühüm istiqaməti maddi-mədəni irsin qorunması idi. Memarlıq abidələri, muzeylər, xatirə kompleksləri və monumental sənət nümunələri milli tarixin yaddaş məkanlarıdır. “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi mədəniyyət və memarlıq obyektlərinin yaradılması həmin dövrün mədəni quruculuğunun nümunələri sırasında yer alırdı.

Bu fəaliyyətin mühüm istiqamətlərindən biri də Azərbaycanın mədəni irsinin beynəlxalq aləmə çıxarılması idi. Müstəqillik Azərbaycanın yalnız siyasi baxımdan deyil, mədəni baxımdan da dünya ilə əlaqələrinin genişlənməsinə imkan yaratdı. Azərbaycan-UNESCO münasibətlərinin inkişafı bu prosesdə xüsusi əhəmiyyət daşıdı. Milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılması Azərbaycan mədəniyyətinin dünya mədəniyyət məkanında daha geniş təqdim olunmasına şərait yaratdı.

Beləliklə, Azərbaycan öz mədəniyyətini yalnız qoruyan deyil, həm də onu dünya ictimaiyyətinə təqdim edən dövlət kimi çıxış etməyə başladı. Mədəni diplomatiyanın inkişafı, görkəmli ədiblərin və sənətkarların yaradıcılığının beynəlxalq səviyyədə tanıdılması, milli musiqi və sənət nümunələrinin xarici ölkələrdə təqdim olunması Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin genişlənməsinə xidmət etdi.

Bütün bunlar Heydər Əliyevin dövlətçilik konsepsiyasında mədəniyyətin tutduğu yeri daha aydın göstərir. Dövlətin siyasi müstəqilliyi ilə milli-mədəni müstəqillik arasında sıx əlaqə mövcuddur. Milli dövlət yalnız siyasi sərhədlər və dövlət institutları ilə deyil, həm də onu birləşdirən dil, tarix, mədəniyyət və mənəvi dəyərlərlə yaşayır. Bu baxımdan, Azərbaycançılıq ideologiyası Heydər Əliyevin dövlətçilik və mədəniyyət siyasətinin kəsişdiyi əsas anlayışlardan biri kimi çıxış edir. Azərbaycançılıq milli kimliyin qorunması ilə yanaşı, cəmiyyəti ümumi mənəvi dəyərlər ətrafında birləşdirən ideya kimi formalaşır. Dil, milli-mənəvi dəyərlər, tarix, ədəbiyyat və mədəni irs bu ideyanın əsas komponentləridir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” fikri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada dövlətçiliklə mədəniyyətin vəhdəti aydın şəkildə ifadə olunur.

Beləliklə, 3 oktyabr 1993-cü il Azərbaycan tarixində yalnız siyasi hadisə kimi deyil, müstəqil dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcı kimi də qiymətləndirilə bilər. Bu mərhələdə siyasi və iqtisadi sabitliyin təmin olunması ilə yanaşı, milli-mədəni irsin qorunması, mədəniyyətin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi, ədəbiyyat və incəsənət xadimlərinə diqqətin artırılması, gənc mədəniyyət kadrlarının hazırlanması və Azərbaycanın dünya mədəniyyət məkanına inteqrasiyası istiqamətində mühüm addımlar atıldı.

Bu baxımdan, müstəqil Azərbaycanın dövlətçilik yolunu milli-mədəni inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Dövlətçilik milli kimliyin siyasi təminatıdırsa, mədəniyyət həmin kimliyin mənəvi ifadəsidir. Bu iki istiqamətin vəhdəti müstəqil Azərbaycanın inkişaf tarixinin mühüm xüsusiyyətlərindən birini təşkil edir.

Gülxarə ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 03.10.2026 12:30