NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Naurızbay Taqanulı: Ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir

...

Ailə insan övladının qızıl beşiyi, böyük məhəbbətin müqəddəs məkanıdır. İnsanın həyat yolundakı ilk addımları, dünyanı dərk etməsi və şəxsiyyətinin formalaşması, ilk növbədə, ailədən başlayır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib.

Naurızbay Taqanulı qeyd edib ki, İslam dini ailənin dəyər və müqəddəsliyinə xüsusi əhəmiyyət verir.

O vurğulayıb ki, ailənin möhkəmliyinin əsas dayaqlarından biri ər-arvad arasındakı məhəbbət, qarşılıqlı hörmət və əmin-amanlıqdır.

“Bu gün boşanmaların qarşısının alınması, gənclərin ailə həyatına hazırlanması, valideynlərin məsuliyyətinin artırılması, ailədaxili zorakılığa yol verilməməsi və ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir”, – deyə N.Taqanulı vurğulayıb.

O əlavə edib ki, ailədə sağlam tərbiyə və qarşılıqlı hörmət formalaşdıqda, bunun müsbət təsiri bütövlükdə cəmiyyətin sabitliyində özünü göstərir.

Nəşr edilib : 14.09.2026 10:35