NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Düylünlü məzunların hekayəsi və uğurun sirri

...

Bu kəndin dəyişməyən adəti var

Ordubad rayonunun Düylün kənd tam orta məktəbində builki məzunların uğuru təsadüfi görünmür. Eyni sinifdə təhsil alan üç məzunun ali məktəblərə yüksək balla qəbul olunması həm məktəbdə formalaşan təhsil ənənəsinin, həm də şagirdlər arasında sağlam rəqabət və qarşılıqlı dəstəyin nəticəsidir. Məktəbin builki məzunlarından Əhməd Hüseynov buraxılış imtahanında 300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticə göstərən şagirdlərdən biri olub. O, qəbul imtahanında 627 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin tədrisi ingilis dilində olan Kompüter mühəndisliyi ixtisasına qəbul olunub. Sinif yoldaşı Qalina Kazımzadə isə 596,8 balla eyni ixtisasda təhsil almaq hüququ qazanıb. Üçüncü məzunun da yüksək nəticə göstərməsi ilə həmin sinifdə 500-700 bal intervalında nəticə 100 faiz təşkil edib.

Düylün kənd tam orta məktəbinin direktoru Zülfüqar Həsənov hesab edir ki, bu nəticələr illərdir, formalaşan ənənənin davamıdır: “Geridə qoyduğumuz 2025-2026-cı tədris ili də məktəbimiz üçün yüksək nəticələrlə yadda qaldı. Bu il üç məzunumuz yüksək nəticə göstərərək arzuladıqları ixtisaslara qəbul olublar. Məktəbimizin yüksək nəticələri artıq 2016-cı ildən formalaşan ənənənin davamıdır. İllər ərzində ölkəmizin müxtəlif nüfuzlu universitetlərinə məzunlar göndərmişik. Builki məzunlarımız da öz seçimlərinə uyğun olaraq Naxçıvan Dövlət Universitetində təhsillərini davam etdirəcəklər”.

 “Bizim kəndimizdə yaxşı oxumaq ənənəyə çevrilib”

Əhməd Hüseynov üçün uğurun başlanğıcı yalnız imtahan hazırlığı ilə bağlı deyil. O, Düylündə təhsilə münasibətin xüsusi olduğunu düşünür: “Kəndimiz kiçik olsa da, insanlar həmişə bir-birinə dəstək olublar. Hər kəndin özünəməxsus xüsusiyyəti olduğu kimi, bizim kəndimizin də bir xüsusiyyəti var, o da oxumaqdır. Kəndimizdən çox sayda savadlı və təhsilli insanlar çıxıb. Burada ali təhsil almaq, yaxşı oxumaq artıq bir ənənəyə çevrilib. Bu ənənənin nəticələrini məktəbin göstəricilərində də görmək mümkündür”. Əhmədin seçimi də bu marağın davamıdır. Riyaziyyat, fizika və informatikanı uşaqlıqdan sevdiyini deyən məzun birinci ixtisas qrupunun onun üçün ən uyğun istiqamət olduğunu bildirib. Naxçıvan Dövlət Universitetində tədrisin ingilis dilində olması ilə yanaşı, ikili diplom proqramının mövcudluğu da seçimində mühüm rol oynayıb: “Naxçıvan Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisasını seçməyimin əsas səbəblərindən biri burada ikili diplom proqramının olmasıdır. Bu proqram çərçivəsində üçüncü kursdan etibarən Macarıstanda bir il təhsil almaq imkanım olacaq. Məhz bu imkan ixtisas seçimimdə əsas amillərdən biridir”. Əhmədin bu il üçün hədəfinə direktor da əvvəlcədən inanıb. Zülfüqar Həsənov deyir ki, tədris ilinin əvvəlindən keçirilən toplantılarda şagirdlərinə “Biz bu il tarix yazacağıq”, – söyləyirdi: “Mən bu uşaqların potensialına və çalışqanlığına çox böyük ümid bəsləyirdim. Əhmədin 300 bal toplayacağına inanırdım. Bəli, bu tarix yazıldı. Hüseynov Əhməd 11-ci sinif şagirdi olaraq buraxılış imtahanında 300 bal topladı və ölkə üzrə ən yüksək nəticə göstərən şagirdlərdən biri oldu. Əhmədin xarici dil kimi ingilis dilini seçməsinə baxmayaraq, buraxılış imtahanında maksimum nəticə əldə etməsi də bizim üçün çox sevindirici haldır”.

 “Kompüterlərə uşaqlıqdan böyük marağım olub”

Qalina Kazımzadə üçün 596,8 ballıq nəticə illərdir, qurduğu arzunun reallaşmasıdır. Kompüterlərə uşaqlıqdan maraq göstərən Qalina dəqiq elmlərə sevgisinin ixtisas seçimində əsas rol oynadığını deyir: “Bu ixtisası seçməyimin əsas səbəbi uşaqlıqdan kompüterlərə böyük marağımın olmasıdır. Mən hər zaman dəqiq fənləri sevmişəm. Hesablama məsələlərinə böyük marağım olub. Xüsusilə fizika fənnini daha çox sevmişəm. Buna görə də bu maraq məni birinci ixtisas qrupuna yönəltdi”. O, əldə etdiyi nəticədə valideynlərinin, müəllimlərinin və hazırlıq müəllimlərinin əməyini xüsusi qeyd edir. Naxçıvan Dövlət Universitetini seçməsində isə universitetin imkanları ilə yanaşı, ailəsinə yaxın olması da mühüm amil olub.

Qalina üçün bu uğurun başqa bir tərəfi də var – 11 illik sinif yoldaşının uğuruna öz uğuru kimi sevinmək. “Əhməd mənə hər zaman kömək edib”. Eyni sinifdə oxuyan üç məzunun yüksək nəticə göstərməsində onların bir-birinə münasibəti də mühüm rol oynayıb. Hazırlıq müddətində çətinlik çəkdikləri mövzularda bir-birlərinə kömək edib, uğurlarını bölüşüblər.

Əhməd deyir: “Uşaqlarla daim bir-birimizə dəstək olmuşuq. Kim hansısa məsələdə çətinlik çəkirdisə, digərlərimiz ona kömək edirdi. Mənim çətinlik çəkdiyim məsələlərdə də sinif yoldaşlarım mənə dəstək olublar. Bu qarşılıqlı köməklik hazırlıq prosesimizə müsbət təsir edib”.

Qalina isə Əhmədin dəstəyini xüsusi vurğulayır: “Əhmədin yüksək bal toplamasına çox sevindim. O mənim 11 illik sinif yoldaşımdır. Onun uğuru mənim üçün də qürurverici haldır. Əhməd mənə hər zaman kömək edib. Hətta onun sayəsində riyaziyyatdan nəticəmi daha da yaxşılaşdıra bilmişəm”.

Burada söhbət yalnız yaxşı oxuyan şagirdlərdən getmir. Eyni sinifdə formalaşan münasibət göstərir ki, sağlam rəqabət rəqibini geridə qoymaq deyil, onunla birlikdə irəliləmək də ola bilər.

 “Bu, son deyil”

Düylün kənd tam orta məktəbinin builki nəticəsi məktəb kollektivi üçün son dayanacaq deyil. Əksinə, əldə olunan nəticə yeni hədəflər müəyyənləşdirib. Direktor Zülfüqar Həsənovun bu məsələdə özünəməxsus ifadəsi var: “Həmişə tədris ilinin həm sonunda, həm də əvvəlində dediyim bir söz var: “Bu, son deyil”. Biz hər bir uğurdan sonra özümüz üçün yeni hədəflər müəyyənləşdiririk. Əgər üç məzunumuz yüksək nəticə göstərərək 500-700 bal intervalında 100 faiz nəticə əldə edə bilirsə, deməli, bundan daha yüksək nəticələr qazanmaq imkanımız var”.

Növbəti hədəflər sırasında 700 bal nəticə göstərmək, Prezident təqaüdünə layiq görülən şagirdlər yetişdirmək, qızıl nişanlar qazanmaq və daha böyük uğurlara imza atmaq dayanır. Düylünün builki məzunlarının hekayəsində isə uğurun sirri bir rəqəmdən – 627 və ya 596,8 baldan daha böyükdür. Burada illərlə formalaşan təhsil ənənəsi, müəllimin inamı, ailənin dəstəyi, şagirdin məqsədi və sinif yoldaşlarının bir-birinə uzatdığı əl var. Kənd məktəbində başlayan bu hekayənin növbəti səhifəsi isə indi Naxçıvan Dövlət Universitetində yazılacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.09.2026 10:30