NAXÇIVAN :

11 Noyabr 2026, Çərşənbə

Nəqliyyatda bir gün: görünən və görünməyən əməyin vəhdəti

...

Dayanacaqda açılan qapıların arxasındakı böyük sistem

Səhər şəhər hələ tam oyanmamış avtobus parkında gün artıq başlayır. Küçələrdə hərəkət tədricən canlanır, dayanacaqlarda ilk sərnişinlər görünür. Şəhərin bir ucundan digərinə sərnişin daşıyacaq avtobusların mühərrik səsi yox, bu dəfə elektrik sistemlərinin səssizliyi eşidilir. Lakin sərnişin üçün avtobusun dayanacağa gəlib qapılarını açması ilə başlayan proses, əslində, bundan xeyli əvvəl start götürür. Xəttə çıxan hər avtobusun arxasında sürücünün tibbi müayinəsindən texniki yoxlamalara, yol vərəqəsinin təsdiqindən mərkəzi monitorinqə, operativ texniki müdaxilələrdən yuma və gecə şarjı prosesinə qədər uzanan böyük bir iş mexanizmi dayanır.

Naxçıvanda ictimai nəqliyyatın gündəlik fəaliyyətinə yaxından nəzər salanda məlum olur ki, şəhərdə hərəkətdə olan avtobusların təhlükəsizliyi və fasiləsiz fəaliyyəti yalnız sürücünün sükan arxasına keçməsi ilə təmin olunmur. Bu sistemin hər bir mərhələsində ayrı-ayrı əməkdaşların zəhməti, nəzarət mexanizmləri və texniki imkanlar bir-birini tamamlayır.

BakuBus-ın Naxçıvan üzrə rəhbəri Həsrət Mahmudovun sözlərinə görə, günün ilk və ən vacib mərhələlərindən biri sürücülərin xəttə çıxmazdan əvvəl keçdiyi tibbi müayinədir. Çünki sərnişin daşıyan nəqliyyat vasitəsinin təhlükəsiz hərəkəti, ilk növbədə, onu idarə edən şəxsin işə tam hazır vəziyyətdə olmasından asılıdır. Sürücü növbəsi başlamazdan əvvəl həkim tərəfindən müvafiq test vasitəsilə spirtli içki qəbul edib-etmədiyi müəyyənləşdirilir, arterial təzyiq ölçülür, ürək döyüntüsü və ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir. Cihazların göstəriciləri ilə yanaşı, həkimin müşahidələri sürücünün xarici görünüşü və davranışı da diqqətdə saxlanılır. Hər hansı şübhəli hal və ya narahatlıq aşkarlanarsa, əlavə yoxlamalar aparılır, zərurət olduqda sürücü əlavə müayinələrə yönləndirilir. Yalnız tibbi baxımdan heç bir maneə olmadığı təsdiqləndikdən sonra onun xəttə çıxmasına icazə verilir. Bu gün ərzində yüzlərlə insanın təhlükəsizliyini təmin edən ilkin nəzarət mərhələsidir.

Səhər erkəndən başlayan bu iş prosesi sürücülərin növbəli fəaliyyət sistemi ilə davam edir. Həftəlik beşgünlük iş qrafiki nəzərdə tutulub və fəaliyyət iki növbə üzrə təşkil edilir. Bir sürücü səhər saatlarından günortayadək, nahar fasiləsinə qədər, təxminən, 7-8 saat işləyir. Günün ikinci yarısında isə növbəti sürücü eyni yoxlama mərhələlərindən keçərək xəttə çıxır. Bu sistemin əsas məqsədi sürücülərin həddindən artıq yorulmasının qarşısını almaq onların iş qabiliyyətini və sərnişinlərin təhlükəsizliyini qorumaqdadır. Aylıq iş qrafikində minimum 22, maksimum 26 iş günü nəzərdə tutulsa da, əsas prinsip 22 iş günüdür. Qəfil xəstəlik və ya gecikmə kimi gözlənilməz hallarda digər əməkdaşın əvəzləməyə çıxması rəsmiləşdirilir və əməkhaqqı ödənilir.

Sürücünün tibbi müayinədən keçməsi ilə yanaşı, avtobusun xəttə buraxılması üçün sənədləşmə və nəzarət prosedurları həyata keçirilir. Yol vərəqəsi növbə zamanı yol operatoru tərəfindən götürülür, müvafiq qaydada təsdiqlənir və həkim müayinəsindən sonra sənədə növbəti möhür vurulur. Avtobus parkının mühafizə xidməti xəttə çıxan sürücünün yol vərəqəsini, avtobusun dövlət qeydiyyat nişanını və sənədlərin uyğunluğunu diqqətlə yoxlayır. Hər hansı uyğunsuzluq aşkarlandıqda nəqliyyat vasitəsinin xəttə çıxmasına icazə verilmir.

Sənədlər qaydasında olduqdan və avtobus xəttə çıxdıqdan sonra küçələrdə hərəkət edən nəqliyyat vasitələrinin fəaliyyəti mərkəzdən izlənilir. Mərkəzləşdirilmiş idarəetmə sistemi vasitəsilə avtobusların yerləşdiyi ərazi, marşrutdan yayınma halları və hərəkət intervalı tənzimlənir. Həsrət Mahmudovun sözlərinə görə, monitorinq zamanı sürücünün yanlış istiqamətə yönəldiyi, istiqaməti dəyişdirdiyi və ya avtobuslar arasındakı intervalı sıxlaşdırdığı müəyyənləşdirilərsə, ona SMS vasitəsilə dərhal məlumat verilir. Sərnişin dayanacaqda yalnız avtobusun gəlişini görsə də, arxa planda bu görünməyən nəzarət mexanizmi fasiləsiz fəaliyyət göstərir.

Gün ərzində baş verə biləcək texniki nasazlıqlara və qəza hallarına operativ müdaxilə mexanizmi də mövcuddur. Avtobusda hər hansı problem yarandıqda sürücü, ilk növbədə, qaynar xətt vasitəsilə məlumat verir. Məlumat sistemin tərkib hissəsi olan elektroforaj şirkətinə ötürülür və nasazlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Problem yerində həll olunarsa, avtobus xəttə qayıdır, yerində həll edilə bilməyən hallarda isə avtobus parka göndərilir, sürücü isə ehtiyat avtobusla təmin edilərək marşrutun dayanmasının qarşısı alınır.

Elektrik avtobuslarının istifadəsi isə axşam saatlarında fərqli bir hazırlıq prosesini tələb edir. Gün ərzində sərnişin daşıyan elektrik avtobuslar parka qayıtdıqdan sonra onların işi bitmir. Avtobus avtoparka daxil olduqdan sonra içi və çölü yoxlanılır, daha sonra xüsusi yuma sahəsinə yönləndirilir. Avtobus gün ərzində yığılan toz və çirkdən yuyulub təmizlənir, nəqliyyat vasitəsi növbəti günə təmiz və səliqəli vəziyyətə gətirilir. Yuma prosesindən sonra avtobuslar mexaniklər tərəfindən qeydiyyata alınır, texniki baxışdan keçirilir və məlumatlar mərkəzə daxil edilir. Yalnız yuyulub texniki yoxlanışdan keçdikdən sonra avtobuslar park ərazisində sıralanaraq şarj stansiyalarına qoşulur. Avtobus parkında 16 ədəd doldurma stansiyasından istifadə olunur və bu proses iki tərəfli dövriyyə prinsipi ilə təşkil edilir. Şarj zamanı da texniki nəzarət davam edir və hər hansı uyğunsuzluq yarandıqda operativ müdaxilə olunur. Bundan əlavə, şəhər ərazisində 4 ədəd əlavə doldurma stansiyası fəaliyyət göstərir. Gün ərzində enerji ehtiyatı azalan avtobus parka gedə bilmədikdə, sərnişinlər digər avtobusa təxliyə edilir və nəqliyyat vasitəsi ən yaxın stansiyada və ya parkda şarj edilir.

Elektrik avtobuslarının üstünlüklərindən biri də Naxçıvanın iqlim şəraitinə uyğun istismar imkanlarıdır. Yay aylarında yüksək temperatur nəzərə alınaraq güclü kondisioner sistemi səhər saatlarından günün sonunadək işlək vəziyyətdə saxlanılır. Qış aylarında isə avtobusların isitmə sistemlərinin dizel yanacağı ilə təmin edilməsi nəzərdə tutulur. Bununla da ilin müxtəlif fəsillərində sərnişinlər üçün salonda tələb olunan temperaturun qorunması hədəflənir.

İctimai nəqliyyatda həyata keçirilən yeniliklər yalnız elektrik avtobusların istifadəsi ilə məhdudlaşmır. Həsrət Mahmudovun sözlərinə görə, ekoloji təmizliklə yanaşı, nağdsız ödəniş imkanları, avtobusların təmizliyi, sürücülərin səliqəli geyimi və texniki avadanlıqların yenilənməsi xidmət mədəniyyətini yüksəldir. Qarşıdakı dövr üçün isə şəhər daxilində marşrut şəbəkəsinin genişləndirilməsi, rayon və kəndlərdə xidmət səviyyəsinin qaldırılması, yeni avtobusların alınması və əlavə avtobus parklarının tikilməsi planlaşdırılır.

Şəhərdə bir avtobusun səhər xəttə çıxmasından gecə parka qayıtmasına qədər keçdiyi yol, əslində, bir günün hekayəsidir. Sərnişin üçün bu hekayənin görünən tərəfi dayanacaqda gözlədiyi avtobus, rahat salon və mənzil başına təhlükəsiz çatmaqdır. Görünməyən tərəfdə isə səhər tezdən yoxlamaları aparan həkim, yol vərəqəsini təsdiqləyən operator, mühafizəçi, hərəkəti mərkəzdən izləyən dispetçer, nasazlıq zamanı köməyə çatan texniki heyət, axşam avtobusları yuyub təmizləyən işçilər və gecə saatlarında onların enerji ilə təminini həyata keçirən mütəxəssislər dayanır.

Deməli, şəhərdə hər gün minlərlə insanın istifadə etdiyi adi bir avtobus səfərinin arxasında saatlar əvvəl işə başlayan, bir-birini tamamlayan böyük kollektivin zəhməti və bütöv bir sistemin fəaliyyəti dayanır. 

Elnurə CƏFƏROVA

Nəşr edilib : 11.11.2026 17:23