Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduql...
23:30 11.10.2026
0
0
0
NAXÇIVAN :
12 Oktyabr 2026, Bazar ertəsi
Naxçıvanın musiqi mədəniyyəti çoxəsrlik tarixi ənənələrə söykənən zəngin və özünəməxsus yaradıcılıq mühitidir. Bu torpağın musiqi yaddaşında xalq mahnıları, aşıq sənəti və muğam ənənəsi ilə yanaşı, professional bəstəkarlıq sənətinin də özünəməxsus yeri var. Ötən əsrin əvvəllərindən formalaşmağa başlayan bu mühit zaman keçdikcə yeni bəstəkarların yetişməsinə, əsərlərin yaranmasına və Naxçıvan musiqisinin Azərbaycan professional musiqi sənətində öz sözünü deməsinə imkan yaradıb.
Naxçıvanda professional musiqi mühitinin inkişafında musiqi təhsilinin, ifaçılıq kollektivlərinin və bəstəkarların yaradıcılıq fəaliyyətinin mühüm rolu olub. Ramiz Mirişli, Nəriman Məmmədov, Məmməd Ələkbərov, Rəşid Məmmədov və digər sənətkarların yaradıcılığı bu mühitin formalaşmasında mühüm mərhələ təşkil edib. 1974-cü ildə Məmməd Ələkbərovun tərtib etdiyi “Naxçıvan təranələri” məcmuəsinin nəşri də həmin yaradıcılıq mühitinin artıq müəyyən yetkinliyə çatdığını göstərən nümunələrdən biri idi.
Naxçıvan bəstəkarlıq mühitinin təşkilatlanması istiqamətində mühüm hadisələr isə 1976-cı ildə baş verdi. Həmin il Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, SSRİ Xalq artisti Rauf Hacıyev Naxçıvana gəldi. Naxçıvan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olundu. Səsləndirilən əsərləri təhlil edən Rauf Hacıyev gənc bəstəkarlara Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsillərini davam etdirməyi tövsiyə etdi. Bu görüş Naxçıvanda bəstəkarlıq sənətinin inkişafında yeni təşkilati mərhələyə keçidin zəruriliyini ortaya qoydu.
Beləliklə, 1978-ci ilin sentyabrında Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı yaradıldı. Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Ramiz Mirişli təşkilatın sədri, Məmməd Ələkbərov isə məsul katib təyin edildi. Təşkilatın yaradılması Naxçıvan bəstəkarlarının yaradıcılıq imkanlarını genişləndirdi, əsərlərin müzakirəsi, konsertlərin təşkili və bəstəkarların Azərbaycan musiqi məkanında tanıdılması üçün yeni imkanlar yaratdı. Ramiz Mirişlinin, təxminən, iyirmi il davam edən rəhbərliyi dövründə Naxçıvan bəstəkarlıq məktəbinin ənənələri daha da möhkəmləndi.
Sonrakı illərdə təşkilatın fəaliyyəti müxtəlif mərhələlərdən keçərək davam etdi. 1998-2000-ci illərdə bəstəkar Nazim Quliyev, 2000-2016-cı illərdə Şəmsəddin Qasımov, 2016-2026-cı illərdə isə bəstəkar Yaşar Xəlilov təşkilata rəhbərlik etdilər. Müxtəlif dövrlərdə fərqli rəhbərlərin fəaliyyəti ilə Naxçıvan Bəstəkarlar Təşkilatı yaradıcılıq ənənəsini qoruyub saxladı.
Bu gün isə həmin tarixə yeni bir səhifə əlavə olunur. 2026-cı ilin iyununda Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dosent, bəstəkar Nazim Quliyev yenidən Naxçıvan Bəstəkarlar Təşkilatının sədri seçildi. Bunun ardınca təşkilatın fəaliyyətində yeni təşəbbüslərlə müşayiət olunan mərhələ başladı. Təşkilat üzvlərinin mütəmadi görüşləri, yaradıcılıq məsələlərinin müzakirəsi, yeni layihələrin müəyyənləşdirilməsi və gənc musiqiçilərin prosesə cəlb olunması bu mərhələnin əsas istiqamətlərindəndir. Burada diqqətçəkən məqam odur ki, yeni mərhələ yalnız mövcud fəaliyyətin davam etdirilməsi ilə məhdudlaşmır. Məqsəd Naxçıvan musiqisinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək, bəstəkarların yaradıcılığı üçün yeni imkanlar yaratmaq, gənc istedadları bu prosesə cəlb etmək və təşkilatın fəaliyyətini daha çevik, müasir və nəticəyönümlü qurmaqdır.
Bu istiqamətdə təşkilatın sıralarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın musiqi mədəniyyətinin inkişafına töhfə verən yeni üzvlərin təşkilata qəbulu ilə yanaşı, gənc və istedadlı musiqiçilərin, bəstəkarların və musiqişünasların yaradıcılıq prosesinə cəlb olunması istiqamətində də iş aparılır.
Təşkilatın fəaliyyətində yeni yaradıcı istiqamətlərin formalaşması da diqqət çəkir. Gənclərin yaradıcılıq studiyası, Muğam mərkəzi və Musiqişünaslıq seksiyasının yaradılması Naxçıvan musiqi mühitinin yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığını, musiqinin müxtəlif istiqamətlərini bir araya gətirən daha geniş yaradıcılıq platformasının formalaşdırıldığını göstərir.
Bu təşəbbüslər sırasında 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı keçirilən elmi konfransın xüsusi yeri var. Təşkilatın yarandığı vaxtdan ilk dəfə belə elmi tədbirin keçirilməsi Naxçıvan musiqi tarixinin, bəstəkarlıq irsinin və ayrı-ayrı sənətkarların yaradıcılığının elmi şəkildə araşdırılması baxımından əlamətdar hadisədir. Bu cür tədbirlər musiqi irsinin yalnız səhnədə səsləndirilməsi deyil, elmi müstəvidə öyrənilməsi və gələcək nəsillərə sistemli şəkildə çatdırılması baxımından da əhəmiyyətlidir.
Qarşıdakı dövrdə kitab təqdimatlarının təşkili, respublika və beynəlxalq səviyyəli elmi konfransların keçirilməsi, yerli bəstəkarların əsərlərindən ibarət konsert proqramlarının hazırlanması və yaradıcılıq gecələrinin təşkili nəzərdə tutulur. Bu layihələr Naxçıvan musiqi mühitinin həm elmi, həm də yaradıcı potensialının daha geniş auditoriyaya təqdim olunmasına xidmət edəcək.
Planlar arasında Azərbaycan Milli Kamera Orkestrinin yaradılması ideyası da var. Təşəbbüs reallaşacağı təqdirdə, Naxçıvanda bəstəkar əsərlərinin daha geniş janr və ifa imkanlarında təqdim olunması üçün yeni yaradıcı platforma yaranacaq. Bu isə yerli bəstəkarların əsərlərinin səhnə həyatının genişləndirilməsi baxımından mühüm addım ola bilər.
Yaxın aylara nəzərdə tutulan konsert proqramları da yeni mərhələnin praktik nəticələrindən xəbər verir. Oktyabr ayında keçiriləcək “Xatirələr” adlı konsert Naxçıvanın dünyasını dəyişmiş bəstəkarlarının yaradıcılığına həsr olunacaq. Bu tədbir sənətkarların xatirəsinin yaşadılması ilə yanaşı, onların əsərlərinin yeni nəsil dinləyicilərinə çatdırılması baxımından da əhəmiyyətlidir.
Noyabr ayında isə “Naxçıvanım mənim” adlı konsert proqramının təqdim olunması nəzərdə tutulur. Proqramda Naxçıvan Bəstəkarlar Təşkilatının üzvlərinin əsərləri səsləndiriləcək. Təşkilata yeni qəbul olunmuş üzvlərin əsərlərinin də repertuara daxil edilməsi, xüsusilə əhəmiyyətlidir. Beləliklə, eyni səhnədə həm Naxçıvan bəstəkarlıq məktəbinin formalaşmasında xidmətləri olan sənətkarların, həm də bu məktəbin yeni nümayəndələrinin yaradıcılığı görüşəcək.
Təşkilatın qarşısında duran mühüm layihələrdən biri də “Naxçıvan musiqi mədəniyyəti tarixindən” adlı monoqrafiyanın hazırlanmasıdır. Dosent Nazim Quliyev və dosent Günay Məmmədovanın müəllifliyi ilə hazırlanan bu əsər Naxçıvan musiqi mədəniyyətinin tarixinin sistemli şəkildə araşdırılması baxımından əhəmiyyətli işdir.
Naxçıvanın musiqi tarixi ayrı-ayrı məqalələrdə, kitab və tədqiqatlarda, mətbuat materiallarında, xatirələrdə və müxtəlif arxiv sənədlərində pərakəndə şəkildə əksini tapıb. Bu materialların sistemləşdirilərək bütöv bir elmi əsərdə toplanması Naxçıvan musiqi tarixinin öyrənilməsi üçün mühüm mənbəyə çevrilə bilər. Bu mənada, monoqrafiya yalnız bu günün deyil, gələcəyin oxucusuna ünvanlanan elmi-mədəni layihədir.
Müasir dövrdə musiqi əsərinin yaranması qədər onun cəmiyyətə çatdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, təşkilat üzvlərinin son dövrdə dövri mətbuatda, televiziya və radio proqramlarında mütəmadi çıxış etməsi Naxçıvan musiqisinin ictimai informasiya məkanında daha fəal görünməsinə imkan yaradır. Bəstəkarın yaradıcılığı, əsərin yaranma prosesi, musiqi tarixi və sənət məsələləri barədə ictimaiyyətlə ünsiyyət qurulması sənətin auditoriyasının genişlənməsinə xidmət edir.
Əslində, bu gün Naxçıvan Bəstəkarlar Təşkilatında müşahidə olunan proses bir ənənənin davamıdır. 1978-ci ildə yaradılmış təşkilatın qarşısında Naxçıvan bəstəkarlıq mühitini təşkilatlandırmaq və inkişaf etdirmək vəzifəsi dayanırdısa, bu gün həmin ənənənin üzərinə yeni yaradıcılıq, elmi və təşkilati təşəbbüslər əlavə olunur.
Qısa müddətdə ortaya qoyulan layihələr göstərir ki, qarşıdakı mərhələdə əsas məqsəd yalnız mövcud fəaliyyəti davam etdirmək deyil. Məqsəd Naxçıvanın bəstəkarlıq və musiqi mühitini daha da genişləndirmək, yeni istedadları bu prosesə cəlb etmək, yerli bəstəkarların əsərlərini daha geniş auditoriyaya təqdim etmək, musiqi irsini elmi baxımdan araşdırmaq və Naxçıvan musiqisinin yaradıcı, elmi və ifaçılıq potensialını vahid müstəvidə bir araya gətirməkdir.
Bəlkə də, bu gün Naxçıvan Bəstəkarlar Təşkilatında baş verənləri bir cümlə ilə belə ifadə etmək olar: ənənə öz yerindədir, amma musiqinin yeni səsi eşidilir.
Naxçıvan bəstəkarlıq məktəbinin yarım əsrə yaxın təşkilati tarixindən sonra qarşıda yeni bir mərhələ dayanır. Bu mərhələnin necə formalaşacağını isə ən yaxşı onun yaradacağı əsərlər, keçirəcəyi tədbirlər və yetişdirəcəyi yeni sənət nəsli göstərəcək.
Günay MƏMMƏDOVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan Bəstəkarlar Təşkilatının idarə heyətinin üzvü
Digər xəbərlər