NAXÇIVAN :

12 Oktyabr 2026, Bazar ertəsi

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası keçirilib

...

Oktyabrın 11-də M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri və teatrsevərlər iştirak ediblər.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan teatrın direktoru Səyyad Məmmədov səhnə əsərinin tarixi hadisələrin və şəhidlərin qəhrəmanlığının təbliği baxımından əhəmiyyətini vurğulayıb. O, bu cür tamaşaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli yaddaşın qorunmasında və şəhidlərin əziz xatirəsinin yaşadılmasında mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, tamaşa Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərovanın danışdıqları real hadisələr əsasında səhnələşdirilib. Jalə Cəfərova premyerada iştirakından qürur duyduğunu bildirərək tamaşanın ərsəyə gəlməsində əsas məqsədin şəhidlərin igidliyini, fədakarlığını və döyüş yolunu gələcək nəsillərə çatdırmaq olduğunu vurğulayıb. O, səhnə əsərinin milli yaddaşın qorunmasına töhfə verəcəyinə inamını ifadə edib və tamaşanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra şəhid ailələrinin nümayəndəsi Elza xanım çıxışında qəhrəmanların döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
1997-ci ilin aprelində baş vermiş hadisələri əks etdirən tamaşanın süjet xəttində "N" hərbi hissənin səkkiz nəfərdən ibarət kəşfiyyat qrupunun taleyi dayanır. Xocavənd istiqamətində mühüm hərbi tapşırığı yerinə yetirdikdən sonra geri qayıdan qrup düşmən mühasirəsinə düşür. Səhnə əsərində kəşfiyyatçıların mühasirə zamanı üzləşdikləri çətinliklər, yaşadıqları gərgin anlar və göstərdikləri qəhrəmanlıq dramatik səhnələrlə təqdim olunur.
Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, rejissor assistenti Mənsurə Hümbətova, musiqi tərtibatçısı Əli Məmmədov, quruluşçu rəssam isə Ruqiyyə Rüstəmovadır. Leytenant Elxan Ağayev – İlqar Babayev, leytenant Vüqar Yarəhmədov – Sənan Abutalıbov, çavuş Dinar Mustafayev – Fikrət Qənbərli, çavuş Nizami Ələkbərov – Qafarzadə, çavuş Aqşin Həsənov – Sadiq Əliyev, çavuş Aqil Əhmədov – Nurlan Sultanlı, düşmən – İlham Babayev və İbad Nəbiyev canlandırıblar.
Aktyorların təsirli ifası tamaşaçılara hadisələrin dramatizmini və kəşfiyyatçıların mübarizə əzmini çatdırıb. Premyera alqışlarla qarşılanıb.
Tədbirin sonunda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova tərəfindən aktyorlara təşəkkürnamələr və plaketlər təqdim olunub.

Nəşr edilib : 11.10.2026 18:12